Norveçin vəliəhdi
HAAKON: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təminində artıq etibarlı tərəfdaş
olduğunu sübuta yetirmişdir
Norveç Azərbaycan ilə enerji sahəsində
sıx əlaqələrindən, həmçinin
"Statoil" və Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti arasındakı əməkdaşlığın
inkişafından olduqca məmnundur.
AzərTAc
xəbər verir ki, bu fikri Norveç
Krallığının vəliəhdi Haakon Böyük
Britaniyanın nüfuzlu "The Business Year"
jurnalının "Azerbaijan-2013" xüsusi
buraxılışına müsahibəsində söyləmişdir.
Vəliəhd
demişdir ki, Norveçin təchizat sənayesi Xəzər
hövzəsində həyata keçirilən layihələrə
əhəmiyyətli töhfələr vermişdir. Xəzər
regionu dünya enerji bazarında mühüm rol oynayır.
Neft-qaz istehsalçısı kimi Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin təminində artıq
etibarlı tərəfdaş olduğunu sübuta
yetirmişdir. Həm Norveç, həm də Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təminində tərəfdaşdırlar.
Xəzər regionunu Avropa ilə birləşdirən "Cənub"
qaz dəhlizi layihəsini həyata keçirməklə Azərbaycan
dünya miqyasında nüfuzunu daha da artıracaqdır.
Norveç Avropanın enerji təhlükəsizliyini gücləndirəcək
"Cənub" qaz dəhlizi layihəsini tam dəstəkləyir.
Vəliəhd
Haakon bildirmişdir ki, Azərbaycanın neft sənayesindəki
təcrübəsinin tarixi 1840-cı illərə,
Norveçin bu sahədəki tarixi isə 1960-cı illərə
təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa
etdikdən və xarici şirkətlər dəvət
olunduqdan sonra Norveçin "Statoil" şirkəti bu
ölkəyə sərmayə yatıran ilk beynəlxalq
şirkətlərdən biri olmuşdur. Həm Azərbaycan,
həm də Norveç gələcək nəsillərin də
enerji ehtiyatlarından istifadəsini təmin etmək
üçün yaxşı perspektivlərə malikdir.
Norveçin bu sahədəki təcrübəsinə əsaslanaraq
deyə bilərəm ki, milli gəlirin çox hissəsi neft
və qaz sahəsindən əldə edilirsə, bu sahədə
şəffaflığı və gəlirin düzgün
istiqamətlərə yönəlməsini təmin etmək
lazımdır. Bir çox ölkələr "bolluq
paradoksu" adlanan qısamüddətli gəlirin
yaratdığı bədxərclik sindromunu
yaşamışlar. Buna görə də bizim uzunmüddətli
strategiyalar, ekoloji məsuliyyət və şəffaflıq
kimi məqsədlərimiz olduqca vacibdir.
Haakon
demişdir: "Azərbaycanın ətraf mühitə
göstərdiyi diqqət və Dövlət Neft Fondunun
yaradılması təqdirəlayiqdir. Norveç
xalqlarımızın qarşılıqlı marağına
uyğun olaraq regionda sabitlik, təhlükəsizlik, insan
hüquqları və demokratiya kimi sahələrdə də
Azərbaycan ilə əməkdaşlığın
inkişafında maraqlıdır.
Mən
Norveç ilə Azərbaycanın müxtəlif ölkələrin
və şirkətlərin şəffaflıq, cavabdehlik və
idarəçilik qaydalarını inkişaf etdirmək
üçün səylərini birləşdirdikləri Mədən
Sənayesində Şəffaflıq Təşəbbüsü
çərçivəsində əməkdaşlığını
yüksək qiymətləndirirəm. Azərbaycanın bu təşəbbüsə
qoşulmasını və bu sahədə digər ölkələrə
nümunə olmasını çox bəyənirəm.
Dünya
enerji bazarında Azərbaycanın rolu artıq aydındır
və bu rol gələcəkdə daha da artacaqdır. Ümid
edirəm ki, Azərbaycan ilə Norveç arasındakı həm
enerji, həm də digər sahələrdə səmərəli
əməkdaşlıq gələcəkdə də
inkişaf edəcəkdir".
Azərbaycan.- 2013.- 7 aprel.- S .3.