Məmmədəli Nasir və «Molla Nəsrəddin»
7 aprel 1906-cı il mətbuatımızın bir şərəfli tarixini əks etdirir. Məhz bu gün Tiflisdə "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Redaktoru və naşiri Cəlil Məmmədquluzadə olan bu jurnal Şərqdə bir günəş kimi parladı. Onun əməkdaşlarından biri olan Məmmədəli Nasir də Mirzə Cəlil məsləkinə ən sadiq qələm sahiblərindən biri idi. XX əsr ictimai fikir tarixində tanınmış şəxsiyyətlərdən olan yazıçı-publisist Məmmədəli Nasir dövrünün "Sədayi-həqq", "İqbal", "Lək-lək", "Molla Nəsrəddin", "Tuti", "Açıq söz", "Məzəli", "Dirilik", "Sovqat", "Şeypur", "Qırmızı Gəncə", "Azərbaycan", "Azərbaycan füqərası", "Yeni yol", "Yeni fikir" "Bakı", "Ədəbiyyat və incəsənət", "Kirpi" kimi qəzet və jurnallarda çoxşaxəli yaradıcılığı ilə çıxış etmişdir. Bu yaradıcılıq bütövlükdə millətin maariflənməsinə və kamilləşməsinə xidmət etmişdir.
Məmmədəli Nasir ictimai-ədəbi mühitdə həm də felyetonçu kimi tanınmışdır. Onun bir felyetonçu kimi yetişməsində "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur. O, jurnalda "Anaş qurbağa", "Qarınqulu bəy", "Bir nəfər", "Fil-fil", "Zaqatalalı", "Görən" və s. imzalarla satirik-tənqidi məqalələr, məzhəki xəbər və elanlarla çıxış etmişdir. Yazıçının jurnala gəlişinin maraqlı tarixçəsi olmuşdur. 1912-ci ilin bir payız günündə İrəvan ziyalılarından olan Bağır Rzayev "Molla Nəsrəddin"ə abunə toplamaqdan ötrü şəhərin hörmətli hacılarından olan Hacı Məmməd kişinin də qapısını döyüb. Gəlişinin məqsədini bildirəndən sonra ondan jurnala müştəri olmasını xahiş edir. Hacı Məmməd kişi, "işi-peşəsi dinə sataşmaq olan "Molla Nəsrəddin"ə müştəri yazılmaq istəmədiyini" bildirsə də, kasıba, yetimə, dara düşənə həmişə kömək etdiyindən, qapısına gələni əliboş qaytarmaq istəmir. Odur ki, cibindən bir qızıl onluq çıxarıb onun qarşısına qoyur. Kişi əlindəki dəftərə nə isə qeyd edərək gedir...
Atasıyla qonağın söhbətlərini maraqla dinləyən 13 yaşlı Məmmədəli bir həftədən sonra poçtdan qəzet və jurnalları, məktubları götürəndə arasında şəkilli bir jurnal da görüb. Evə gətirərək gizlincə mütaliyə edir. O zaman Şərqi lərzəyə salan "Molla Nəsrəddin" satirik jurnalı Hacı Məmməd kişinin evinə beləcə ayaq açıb. Hər dəfə jurnalı oxuyan Məmmədəlinin gözləri qarşısında sanki yeni bir aləm açılırdı. Həmin vaxtlar Bakıda çıxan "İqbal"a, "Sədayi həqq"ə İrəvandan kiçik xəbərlər göndərən Məmmədəli günlərin birində bu jurnala da yazmağa həvəslənib. Mövzusunu qonşuları Mir Qafar ağanın evində keçirilən dini söhbətlərdən alan oğlan, nəhayət, elan formasında ilk yazısını qələmə alır və yeznəsi, "Molla Nəsrəddin"in İrəvandan olan müxbiri Əli Məhzunla Tiflisə, Mirzə Cəlilin görüşünə gedərək məktubunu redaktora özü təqdim edib. Həmin yazı "Molla Nəsrəddin" jurnalının 29 yanvar 1914-cü il 3-cü sayında dərc olunur. Elə kiçik bir yazısı üstündə də İrəvan cəhalətpərəstləri tərəfindən sui-qəsdə məruz qalaraq əlindən xəncərlə ağır yaralanır... On beş yaşlı oğlan bu elanda nə demişdir ki, mövhumatçılar onu təqib edərək ölümlə hədələmişdilər? Yazını oxuyuruq: "İrəvanda təzə açdığım qiraətxanada beş yaşına kimi müsəlman qardaşlara ərəb dilinin mədd məxrəcini və qiraətini öyrədirəm. Hər kəsin pulu olub-olmamağına papey deyiləm. Məqsudim din qardaşlarıma qiraət əzbərlədib cəhənnəm odundan nicat verməkdir. Hər kəsin həmd-surəsi düz deyil, təşrif gətirsin ona vələzzallinin boğazın harasından çıxmasını başa salım. Adres: İrəvan, Dəmirbulaq. Mir Qafar oğlu". Göründüyü kimi, müəllif burada öz imzasını göstərməsə də, təcrübəsizliyindən yazının ona məxsus olduğunu bildirdiyi üçün (bu barədə müəllif öz xatirələrində yazmışdır - Ş.N.) də elanda tənqid hədəfi olan qonşuları Mir Qafar ağanın ailəsi bu hayıfı onda qoymamış, ona xəncər yarası ilə ağır xəsarət yetirmişdir. Bu hadisə Məmmədəlini nəinki qorxutmur, əksinə, o, həyatda müşahidə etdiyi ictimai ağrılara daha cəsarətlə və həssaslıqla münasibət bildirib.
Elə həmin il jurnalın 13-cü sayında "Abdulla Cövdət bəyə" nəzirə (iki bənd şeir) ilə çıxış edən müəllif "Molla Nəsrəddin"lə əlaqəsini 1926-cı ildə Mirzə Cəlillə Borjomidə görüşəndən sonra ədibin təklifi ilə müntəzəm olaraq nəşrin sonunadək davam etdirib. Maraqlıdır, bu yazılarda müəllifin tənqid hədəfləri kimlər idi? Həmin dövrdə avamlığa, savadsızlığa, dini fanatizmə və mədəni geriliyə, qadın azadlığına qarşı mübarizə, yeni əlifbaya xor baxanların ciddi tənqidi, məmur özbaşınalıqları kimi məsələlər bütün mollanəsrəddinçiləri bu mövzularda felyetonlar, satirik-tənqidi məqalələr yazmağa səfərbər etmişdi. M.Nasirin də əsərlərində bütün bu qüsurlar cəsarətlə tənqid olunmuşdur. Onun "Qaxdan", "Bibiheybət məktubları", "Ağa Mirzə Ələkbər ağa" kimi yazıları həmin dövrdə cəmiyyətdə mövcud olan dini fanatizmə qarşı nəzəri fikirlərini öyrənmək baxımından maraqlıdır. "Kəndli istiqrazı" və "Kollektiv təsərrüfat" felyetonlarında isə o, özünəməxsus yazı üslubunda yeni metodların insanların həyatına böyük təsirini, səmərəsini başa salırdı. Burada ağır zəhmətdən, ata-baba vərdişindən əl çəkilməsi, yeniliyə yol almış quruluşun üstünlükləri yumorlu bir dillə ifadə olunmuşdur. M.Nasirin "Səmərələşdirmə", "Bibiheybət məktubları", "Mənzil məsələsi", "Qəzetə yaxşı şeydir", "Qəzet nə üçündür", "On il", "Bunlar köhnə sözlərdir", "8 mart, yaxud arvad bayramı", "Saray xala", "Açıq məktub", "Çopur Yetərə", "Püstəburun Zeynəbə", "Xoruzlanmaq" və başqa felyetonları səciyyəvi xarakterə malikdir. Bu felyetonlar məhz özünün formasına, orada qoyulan məsələlərin xarakterinə, ictimai qüsurların tənqidi və ifşası üslubuna görə yazıçının "Molla Nəsrəddin" ədəbi məktəbinə mənsubluğunu göstərir. Elə bu səbəbdən də onlardan bir neçəsinə nəzər yetirməyi məqsədəuyğun hesab edirik.
Onun "Qəzetə yaxşı şeydir", "Qəzet nə üçündür" (1927) felyetonları adlarından da göründüyü kimi, xalqın həyatında mətbuatın rolunu ifadə etməyi qarşıya qoymuşdur. "Qəzetə yaxşı şeydir"də müəllif bildirir ki, "o, doğrudan da, yaxşı şeydir, amma adam hər zada pul versə cibində pulu qalmaz". O qeyd edirdi ki, adam elə şeyə pul verməlidir ki, heç olmasa bir balaca adı çıxsın. Məsələn, nəyə? "Məsciddə mollaya pul verəndə xəlqin içindən sıçrayıb deyir ki, filankəs 10 manat verdi, evi abadan. Amma qəzetəyə nə versən, bir özün bilirsən, bir də qəzetə yazan və qəzetə satan". Müəllif "qəzetənin yaxşı şey olduğunu, lakin hər zada pul verincə", adı çıxan şeylərə pul verməyin sərfəli olduğunu bildirməklə ikinci bir faktı da ortaya çıxarıb. Bu, bir qəzetə cüzi pulu qıymayan adamların məscidlərdə quru şöhrət naminə mollalar tərəfindən soyulmasını aşkar edir və bununla felyetonçu camaatın avamlığına gülürdü. O, "Qəzetə yaxşı şeydir" felyetonunda qaldırdığı problemi bir qədər də geniş şəkildə "Qəzet nə üçündür" felyetonunda daha geniş, konkret və zəngin faktlar əsasında oxucuya təqdim edib.
M.Nasirin felyetonlarında, ümumiyyətlə,
publisistikanın bütün növlərində qələm
çaldığı əsərlərdə qadının
ailədə, ictimai həyatda yeri özünün geniş əksini
tapmışdır. O da bir çox sənətkarlar kimi mədəni
geriliyin, qadın əsarətinin başlıca səbəbini
böyük bir dövrdə özünün xofunu yaşadan
dini xurafatda görürdü. Qeyd olunduğu kimi, bu mövzu
onun "Molla Nəsrəddin"
yaradıcılığında özünü qabarıq
şəkildə büruzə vermişdir. Dilin ifadə tərzinin
bədiiliyi, hadisələrin təsviri ilə maraqla oxunan
"On il" (1927) felyetonunda müəllif keçmiş adətləri
xatırlayaraq yaşadığı dövrlə əlaqəsinə
diqqət yönəldir. Yazır ki, ər on arvad alsaydı,
qadın dillənməzdi. Qadınlar yas yerindən, ev
işindən başqa bir şey anlamazdılar. Görəsən,
onları belə müti, korafəhm vəziyyətdə
saxlayan hansı qüvvə idi? Bəs indi qadınların
ictimai vəziyyəti necədir? Müəllif bizim
qoyduğumuz bu kimi suallara üzə
çıxardığı maraqlı faktlarla cavab verir.
Qız məktəblərində, texnikumlarda oxuyan, Əli
Bayramov klubunda, fabrik-zavodlarda çalışan
qadınları yada salmaqla, Bakıda çağırılan
qadınlar qurultayını göstərməklə bu
inkişafı alqışlayır. "Bunlar köhnə
sözlərdir" (1928) felyetonunda da M.Nasir qadın
azadlığına mane olan qüvvələrə
qarşı çıxır. Yeni həyatın
inkişafını dərk etməyən bəzi "yenilik tərəfdarları"
cəmiyyətdə qadına münasibətin dəyişdiyini
görsə də, mühafizəkarlıq edir, onu məsləkinə,
əqidəsinə yaxın qoya bilmir. Müəllif belələrindən
birini oxuculara təqdim edir: "Mənim lənkəranlı
bir dostum vardır. Bu adam çox bərk yenilik tərəfdarıdır.
Özü də həmişə qadınların
azadlığından dəm vurur. Qadınlar qaranlıqda,
çadrada qaldı, deyib arı vuran adamlar kimi
sızıldar". Bundan sonra onun yenilikçiyə xas olan
"xüsusiyyətlərini"
açıqlayır. Məlum olur ki, həmişə
elmdən, maarifdən dəm vuran, qadın azadlığı
üstündə danışmaqdan boğazını
yırtan dostu öz arvadını çadrada saxlayır. O
bunun səbəbini soruşduqda dostu bildirir ki, "qadın
azadlığı barədə çox deyilib, çox
yazılıb, bir faydası olmayıb. Bunlar köhnə
sözlərdir, indi təzə söz danış". Bu
yerdə felyetonçu üzünü Molla Nəsrəddinə
tutur: "Molla əmi! Bu sözün cavabını gərək
sən verəsən. Çünki 22 ildir ki, sən Molla bizim
qadınları rahat qoymayıb, onların açıq gəzməsi
üçün çalışırsan. İndi sənin bu
sözün köhnəlmişdir, yoxsa yox?"
"Saray xala" (1928) felyetonunda müəllif yazılış formasına, orada qoyulan məsələlərin ciddi xarakterinə, ictimai qüsurların tənqidi və ifşasına görə diqqəti cəlb edir. Burada haqqını tələb etməkdən ötrü neçə-neçə qapılar döyən Saray xalanın vəziyyəti səlahiyyət sahiblərini narahat etmir, əksinə, onu əyləncə alətinə çevirir, ələ salaraq ərizələrinə gülməli "rezalyusiyalar" qoyurlar. Yeddi il idarə qapılarında sürünən dəyanətli qadın ona verilən kağızları bir xurcuna yığaraq dərdinə əlac etməkdən ötrü Qarınqulu bəyin (M.Nasirin - Ş.N.) işlədiyi idarəyə gəlir. Felyetonda bütün bunlar faktların müşayətilə, həm də səlis, aydın bir dillə nəql olunur. "Saray xala" felyetonunda tənha, köməksiz bir kəndli qadının dərdlərinə məmur biganəliyi, əxlaqsızlıq, mənəviyyatsızlıq tənqid obyektinə çevrilmişdir.
M.Nasir əsərlərindəki maarifçilik ideyalarında C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Haqverdiyev - bütövlükdə mollanəsrəddinçi ədəbi məktəbinə söykənirdi. O, "Molla Nəsrəddin"də çox maraqlı, ictimai xarakterli felyetonlarla çıxış etmişdir. Qeyd etmək lazımdır ki, müəllif o dövrdə rəğbətlə, həm də coşqu ilə qarşılanan bir çox felyetonlarını özünün müəllimi və ustadı sandığı Mirzə Cəlilin təklifi ilə yazmışdır. 1927-1930-cu illərdə M.Nasir "Kommunist" qəzetində Qəzalarla iş şöbəsinin müdiri vəzifəsində çalışırdı. Tez-tez M.Cəlillə də həmin qəzetin redaksiyasında görüşürdülər. "Səmərələşdirmə", "On il", "Bibiheybət məktubları", "Saray xala" kimi felyetonları da məhz belə görüşlərdə gənc müxbirə təklif olunmuşdu. M.Nasir "Molla Nəsrəddin"lə əməkdaşlığı dövründə ictimai fikrin, mənəvi-əxlaqi düşüncənin inkişafına böyük təsir göstərmiş sələflərinin əsərlərindən bəhrələnmiş, onların mühitində formalaşmış, jurnalın yaratdığı ədəbi məktəbdə yetişmiş və bundan sonra özünün həyata ictimai-sosial baxışlarını ifadə etmişdir. O, yaradıcılığının ilk dövrlərindən satirik əsərlərində mollanəsrəddinçilərin ənənə və metodlarından bəhrələnməklə özünün həyata ictimai baxışlarını ifadə etmişdir. Onun felyetonları XX əsrin ikinci onilliyindən başlayaraq ictimai mühitin naqisliklərini, cəmiyyətdəki mövcud problemləri tənqid və ifşa etməsilə xarakterikdir.
M.Nasirin mollanəsrəddinçi kimi xidmətləri ondan ibarətdir ki, C.Məmmədquluzadənin ortaya atdığı bütün məsələlərdə, ictimai-siyasi problemlərin aradan qaldırılmasında, xalqın milli taleyi yolunda ideya mübarizəsini məcmuənin sonunadək aparmış, sonrakı dövr yaradıcılığında da "Molla Nəsrəddin"in məsləkinə sadiq qalmışdır.
Şəfəq
NASİR
Azərbaycan.-2013.-7 aprel.-S.6.