Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin üzvləri Bakıya toplaşmışlar

 

Aprelin 6-da Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) üzvlərinin görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, dünyanın 145 şəhərində "Global Shapers Community"nin şəbəkəsi artıq qurulmuşdur. Bakı da həmin şəhərlərdən biridir.

Orta Asiya və Qafqaz üzrə "Global Shapers Community"nin baş meneceri Anastasiya Kalinina çıxış edərək bu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, bu tədbirə iqtisadiyyat, siyasət sahələrində dünyanın istedadlı gəncləri toplaşmışdır. Əsas məqsəd isə bu ölkələrin gəncləri arasında dialoqun qurulmasıdır.

 Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev  ölkəmizdə gənclər siyasəti sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdir. Vurğulamışdır ki, dövlətimiz tərəfindən ölkə gənclərinin inkişafına həmişə diqqət və qayğı göstərilir. Azərbaycanın son illər böyük iqtisadi nailiyyətlər əldə etdiyini bildirən F.Hacıyev demişdir ki, bu forum müxtəlif ölkələrdən gəlmiş gənclərə Azərbaycanın əldə etdiyi uğurlarla tanış olmaq imkanı verəcək, eyni zamanda dövlətlər arasında əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Tədbirdə Cənubi Qafqaz və Mərkəzi Asiyadan 80-dən çox yaradıcı, istedadlı gənc biznesmenlər, dövlət strukturlarında çalışanlar, alimlər, beynəlxalq təşkilatların nümayəndələri və tələbələr iştirak edirlər.

İki gün davam edəcək tədbir zamanı beynəlxalq və regional ekspertlərin iştirakı ilə müxtəlif mövzularda sessiyalar və təlimlər keçiriləcəkdir. "Fəaliyyət vasitəsilə liderlik" sessiyasında Azərbaycan gəncləri tərəfindən iki yeni layihənin təqdimatı təşkil olunacaqdır.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S .4.