Tibbi sığortanın tətbiqi niyə
ləngiyir?
Hazırda dünyanın əksər ölkələrinin səhiyyə sahəsində geniş tətbiq olunan icbari tibbi sığorta sistemi mövcuddur. Lakin Azərbaycanda bu sistemə keçid hələ də ləngiyir, halbuki sistemin ölkəmizdə tətbiqi üçün lazım olan bütün hüquqi əsaslar var. Daha dəqiq desək, 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Eyni zamanda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli fərmanı da var. Bundan başqa, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" da hazırlanıb. Bu sənəd isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli qərarı ilə təsdiq olunub. Bundan sonra Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Dünya təcrübəsinə görə
tibbi sığortanın tətbiqi səhiyyə
sektorundakı çoxsaylı problemlərin həllini zəruriləşdirir.
Azərbaycan səhiyyəsinin də ciddi problemlərdən
- pasiyent-həkim münasibətlərindəki bəzi ziddiyyətlər,
yüksək səviyyəli mütəxəssis
azlığı, həkimlərin sosial qayğıları və
digər çatışmazlıqlardan
sığortalanmadığı bir ərəfədə
icbari tibbi sığortanın tətbiqinin zəruriliyi
ortaya çıxır. Maraqlısı odur ki, ölkədəki
səhiyyə müəssisələrindəki şərait,
həm də iqtisadi potensial "Tibbi sığorta
haqqında" qanunun icrasını tam mümükün edir.
Son illərdə səhiyyə sahəsində aparılan
mühüm islahatlar göstərir ki, Azərbaycan icbari ibbi
sığortanın tətbiqinə də hazırdır.
Mane olan nədir?
Belə
olduğu halda hər kəsi düşündürən sual
ortaya çıxır: hələ 13 il əvvəl qəbul
edilən "Tibbi sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununun tətbiqinə nə mane olur?
Mövzu barədə söhbət etdiyimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri professor Hadi Rəcəbli sözügedən qanunun tətbiq olunmamasının bir neçə obyektiv və subyektiv səbəbinin mövcudluğunu dedi. Onun sözlərinə görə, ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə qəbul olunan "Tibbi sığorta haqqında" qanunun tətbiqini 5 il müddətinə dayandırdılar. Məqsəd o idi ki, sahibkarların vergi yükü azalsın. Sonradan 2008-ci ildə Prezident İlham Əliyev bu qanuna imza atdı. 3 il ardıcıl olaraq tibbi sığortanın tətbiqi üçün büdcədən vəsait ayrıldı və pilot rayonlar müəyyənləşdi.
Hadi Rəcəbli bildirdi ki, tibbi sığorta sistemi olmadan cəmiyyəti təsəvvür etmək mümkün deyil: "Əlbəttə, bu, bir az vaxt istəyir və prosesin gedişində müəyyən gərginliklər yarana bilər. Agentlikdə vəsait toplanmalıdır ki, sonradan bu vəsaitdən istifadə olunsun. Bunun üçün keçid dövrü olmalıdır, agentlik fəaliyyətə başlamalı, yenə bir-iki pilot rayon seçilməli və vətəndaşlara tibbi sığorta kartı verilməlidir. Bundan sonra isə tibbi sığorta sisteminin bütün ölkə üzrə işlənməsinə başlamaq mümkündür. Bu zaman da müəyyən gərginliklər ortaya çıxa bilər. Ola bilsin ki, lazımi vəsait çatmasın, hansısa müəssisə sistemə keçməsin və s. Bir sözlə, bu, düşündüyümüzdən də çətin məsələdir. Amma biz bu addımı atmalıyıq, çünki başqa alternativ yoxdur və tibbi sığorta təbii zərurətdir. Gərək bu istiqamətdə ilkin təşəbbüslərə başlayaq.
Hadi Rəcəbliyə görə, tibbi sığortanın müsbət tərəflərinin birincisi odur ki, həkimin yanına gedən pasiyent ona kart təqdim edəcək. Həkimin göstərdiyi xidmətin haqqı o kartdan silinəcək. Bu, digər neqativ halların qarşısını alacaq. Həkim də karta əsasən göstərdiyi xidmətin dəyərinin müəyyən faizini əməkhaqqı kimi alacaq: "Beləliklə, burada iki məsələ həllini tapır. İlk növbədə həkimi aşağılayan "təşəkkür xərci" aradan qaldırılır. İkinci isə, həkimin əmək haqqı yüksəlir. Digər bir məsələ də ondan ibarətdir ki, əhalinin sağlamlığının qorunmasında artıq cəmiyyət özü iştirak edir. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz, cəmiyyət və özəl şirkətlər bu məsələdə iştirak edərsə, sığorta haqqı ödənilərsə, sahibkar da maraqlı olacaq ki, onun işçisi xəstələnməsin".
Səhiyyəyə ayrılan vəsait son on ildə bir neçə dəfə artıb, bu sahədə
maddi-texniki baza yüksəlib. Büdcədən ayrılan vəsaitin bir hissəsini sığorta vəsaiti hesabına ödəsək, büdcə
vəsaiti bir az artıq qalar. Qalan vəsaiti isə əməkhaqqına və maddi-texniki bazanın yüksəlməsinə yönəltmək olar. Hadi Rəcəbli bunun necə tənzimləndiyini belə izah etdi: "İşə
götürən pulu sığorta agentliyinə köçürür, sığorta agentliyi isə
ayın sonunda göstərdiyi xidmətə görə pulu tibb müəssisəsinə köçürür. Bu zaman sığorta
şirkəti maraqlı olacaq ki, xəstələrə xidmət olunsun, sığorta agentliyi deyəcək ki, pul verirəm, necə xidmət aparırsan?!".
Dünya ölkələrində tətbiq olunan icbari tibbi sığorta modelləri
Qeyd edək
ki, tibbi sığortanın tətbiqi ilə bağlı bir
neçə model var. Məsələn, Kosta-Rikada
bütün səhiyyə və sosial müdafiə sisteminin maliyyələşdirilməsi
Sığorta Fondundan həyata keçirilir. Ona görə də
sığorta şirkətinin daim səhiyyəyə nəzarəti
var. Bu ölkədə olduğunu və onların təcrübəsi
ilə tanışlığını qeyd edən H.Rəcəbli
bunu nümunəvi model kimi qəbul etmədiyini dedi. Əlavə etdi ki, tibbi sığorta sahəsində
Rusiyanın da modeli özünü doğrultmadı. Çünki Rusiya modelində işəgötürəndən
4 faiz tibbi sığorta haqqı tutulurdu, işçi
heç nə ödəmirdi. Bu gün də
Rusiyada sığorta sistemi pis işləyir. Almaniya modelində isə tibbi
sığorta 13 faizdir, onun 6,5 faizini
işçi, 6,5 faizini isə sahibkar verir. Orada tibbi
sığorta şirkətlərində belə bir prinsip
formalaşıb: sən mənə nə qədər pul
ödəyəcəksənsə, mən də o qədər
xidmət göstərəcəyəm.
Komitə sədri bildirdi ki, Norveçdə də tibbi
sığortanın tətbiqi çox maraqlıdır. Orada
sığortalanma rəmzidir. Məsələn,
insanın illik əməkhaqqının 5 faizini tuturlar. Amma sən xəstələnsən, bütün səhiyyə
müəssisələrində xidmətlər pulsuzdur.
Orada da müəyyən xidmət növləri var. Məsələn,
uşaq dünyaya gətirəndə doğuşun 30 faizinin
pulunu sığorta şirkəti, 70 faizini vətəndaş ödəyir:
"Norveçdə sığortanın məqsədi odur ki,
insanlara xəbər verir ki, sənin canın dəyərlidir,
qiymətlidir. Bu model sığortalanmanın həmrəylik
prinsipidir. Yəni hamı sığorta
şirkətinə pul verir, kim xəstələnir, o, pulu
götürür, kim xəstələnmir, onun pulu qalır".
Həkimin əməkhaqqının
artırılmasının bir yolu da tibbi sığortadır
Yaxşı
mütəxəssislərin daha çox özəl tibb müəssisələrinə
üz tutduğuna münasibət bildirən Hadi Rəcəbli
dedi ki, orada əməkhaqqı daha yüksəkdir: "Amma gəlin
görək dövlət tibb müəssisələrində
nə qədər müasir texnologiyalar var, müasir şərait
yaradılıb. Deməli, yenə də gəlirik
əməkhaqqı məsələsinə.
Açıq etiraf etmək lazımdır ki, hazırda həkimlərin
əməkhaqqı bizim istədiyimiz səviyyədə deyil!
Əlbəttə, həkimin əməkhaqqının
artırılmasının bir yolu da tibbi sığortadır.
Beləliklə, pasiyentlər də həmişə
yaxşı həkimin yanına gedəcək, yəni
yaxşı həkimin maaşı yüksələcək,
pis həkimin əməkhaqqı isə az
olacaq. Bir məqam da var ki, bu gün orta tibb işçiləri
də, ali təhsilli tibb personalı da
bizim tələbatdan, demək olar ki, iki dəfə
çoxdur. 0/5, 0/4, 0/3, 0/2 və s. ştatlar var. Təbii ki,
bu məsələ də özünün həllini istəyir
və tibbi sığorta məsələsi ortaya qoyulanda bu həkimlər
istər-istəməz yox olub gedəcək".
Prezidentin
səhiyyə sistemini daim nəzarətdə saxladığını
deyən deputat qeyd etdi ki, tibbi sığorta məsələsi daha köklü dəyişiklik tələb edir. Bu sistemin tətbiqi səhiyyənin maliyyələşməsinin
alt-üst edilməsi deməkdir. Yəni maliyyələşmə
tam yenidən qurulmalıdır: "Bu barədə qanunverici
orqan artıq işini görüb, "Tibbi sığorta
haqqında" qanun var. Burada cəsarətli bir addımın
atılması qalıb ki, Maliyyə və Səhiyyə
nazirlikləri ilə birgə Nazirlər Kabinetində bu işə
baxılsın. Biz bu məsələyə
zaman-zaman qayıdırıq. Mən
çox istərdim ki, bu il də tibbi sığorta məsələsi
gündəmə gəlsin".
Sistemin həyata keçməsi
üçün bir çox mexanizmlər işə
düşməlidir
"Ən inkişaf etmiş ölkələrdə belə
tibbi sığorta olmadan onun səhiyyə problemlərini həll
etmək mümkün deyil. Bir deputat, eyni zamanda həkim kimi bu,
bizi də narahat edən məsələdir" - bu sözləri
isə digər müsahibimiz - Milli Məclisin Sosial siyasət
komitəsinin üzvü İlham Məmmədov dedi. O, əvvəlcə
qeyd etdi ki, həm Bakıdan, həm də rayonlardan gələn
sosial müraciətlərin içərisində ən önəmli
yeri məhz insan sağlamlığı tutur. Bu
məqamda insanın ilk fikirləşdiyi problem onun keyfiyyətli
müalicə olunmasıdır. Bunun
üçün vətəndaşın maddi ehtiyatı
olmazsa, bu, artıq ikiqat problem deməkdir.
Deputat
"Tibbi sığorta bizə nə verə bilər?"
sualını isə belə cavablandırdı: "Birincisi,
səhiyyənin hər bir insan üçün əlçatan
olmasıdır. İkincisi, tibbi
sığortanın cəmiyyətdə işləməsi o
deməkdir ki, artıq səhiyyədə proqressiv inkişaf
yönlü islahatlar gedir. Yəni sübut
olunmuş təbabət və tibbi protokollar əsasında
keyfiyyətli müalicə var. Belə olduqda insanların
daxilində bir özünəinam yaranır. Hesab edirəm ki, bu gün səhiyyənin maliyyələşməsi
rasional yönümlü olmalıdır. Yəni
bu sahədə başlanılmış və gələcəkdə
davam edəcək islahatlar sürətləndirilməlidir.
Bildiyimiz kimi, qardaş Türkiyədə tibbi sığorta
sosial sığortanın tərkibindədir. Ancaq bizdə bunun üçün xüsusi agentlik
yaradılıb. Bəlkə də gələcəkdə
bunun necə tətbiq olunması barədə fikirləşmək
mümkündür. Düşünürəm
ki, tibbi sığortanın tətbiqi üçün bizdə
də mərkəzləşmiş rəqəmlər
olmalıdır, xidmətlərin qiyməti
çıxarılmalıdır. Məsələn,
tibbi sığorta paketi müəyyənləşdirilməlidir
və göstərilməlidir ki, paketin içərisində
hansı xidmətlər var".
Deputat
İlham Məmmədov həmçinin dedi ki, işəgötürən
əmək fəaliyyətini leqallaşdırmalıdır:
"Hər bir işəgötürən müqavilə əsasında
bilməlidir ki, onun nə qədər işçisi var və
onların ayırmalarını etməlidir. Məsələn,
Türkiyə və Almaniyanın bu sahədə çox
gözəl nümunəsi var. Almaniyada işə
götürülənə tibbi sığorta
ayırmalarının olmaması, ümumiyyətlə, absurd
bir şeydir, yəni ağla gəlmir ki, belə bir şey ola bilər. Birinci növbədə
istər işəgötürən, istərsə də
işə daxil olan özü maraqlı olur ki, onun tibbi
sığortası olsun".
Tibbi
sığortada qiymət paketinin olmasının vacibliyini dilə
gətirən İ.Məmmədov dedi ki, bu gün hər bir təşkilatda
eyni dərman vasitələri müxtəlif qiymətlərədir:
"Bu sahədə Səhiyyə Nazirliyi çox
yaxşı bir addım atıb, bu yaxınlarda dərmanların
ölkəyə gətirilməsində vahid qiymət sistemi tətbiq
olunacaq. Bunu səhiyyədə aparılan
islahatların tərkib hissəsi kimi qeyd etmək
lazımdır. Bu qaydanın özü
imkan verəcəkdir ki, tibbi sığorta paketində qiymətlər
müəyyənləşsin. Vahid qiymətin
olmasının özü səhiyyənin maliyyələşməsinin
digər bir istiqamətdə islahatıdır. Yəni büdcənin səhiyyə sahəsinə
ayırdığı vəsaitin şəffaflığı
təmin olunacaqdır. Bu sahədə təkanlar var və arzu edərəm
ki, bu təşəbbüslər çox sürətli olsun.
Tibbi sığorta üzrə Dövlət
Agentliyinin yaranması işin birinci addımıdır.
Onun fəaliyyətsizliyindən, təbii ki, biz də narahat
oluruq, hər dəfə Milli Məclisin plenar, həmçinin
Sosial siyasət komitəsinin iclaslarında məsələ
qaldırılır və vurğulanır ki, tibbi
sığorta olmadan ölkə səhiyyəsinin problemlərini
həll etmək olmaz. Ancaq bu sistemin tam həyata
keçməsi üçün bir çox mexanizmlər var
ki, onlar işə düşməlidir".
Dövlət bütünlüklə
səhiyyənin yükünü öz çiyninə
götürə bilməz
Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci ilin
fevralın 1-dən etibarən dövlət səhiyyə
müəssisələrində bütün tibbi xidmətlər
pulsuzdur. Həmin vaxt səhiyyə
naziri Oqtay Şirəliyev dövlət büdcəsindən
maliyyələşən və nazirliyin strukturuna daxil olan
müalicə-profilaktika müəssisələrində əhaliyə
göstərilən pullu tibbi xidmətin ləğvinə dair
əmr imzalayıb. Bu halda tibbi
sığortanın zəruriliyinin nə kimi əhəmiyyəti
var?
Sualı cavablayan deputat İlham Məmmədov bildirdi ki,
elə əməliyyatlar var ki, onun icra olunması çox
çətin prosesdir. Məsələn, Azərbaycanda
açıq ürək və böyrək üzərində
əməliyyatlar həyata keçirilir. Bunun
hamısını dövlət müəssisəsi
qarşılaya bilmir. Bunun
üçün yuxarıda qeyd olunan islahatlar
aparılmalıdır. Təbii ki, dövlət
tibb müəssisələrində xidmətin pulsuz olması
humanist bir addımdır. Amma ən inkişaf etmiş
ölkələrdə belə dövlət
bütünlüklə səhiyyənin yükünü
öz çiyninə
götürə bilməz.
Deputat onu
da əlavə etdi ki, bir neçə ildən sonra ölkəmizə
daha qabiliyyətli mütəxəssislər gələcək:
"Xaricdə təhsil alan bir çox azərbaycanlı
tələbələr var, mən onların bir neçəsi
ilə Almaniyada görüşdüm, fəxr etdim onlarla. Bax tibb sahəsi üzrə bu mütəxəssislər
gələndən sonra icbari tibbi sığortaya keçməmiz
zəruriləşəcək. Bunun
üçün avadanlıqlarımız var, onlar gəlib
yüksək maaşla çalışmalıdırlar burada.
Bir məsələ də var ki, tibbi
sığortanın tətbiqi tək Səhiyyə Nazirliyinin
işi deyil. Bunun üçün
bütün qüvvələr birləşməli və həyata
keçirilən proseslər cəmlənməlidir ki,
"Tibbi sığorta haqqında" qanun işə
düşsün. Əlbəttə ki, bu
sahədə mətbuatda müxtəlif ekspert təkliflərinin
də yer alması, maarifçilik işinin aparılması məqsədəuyğun
hesab olunur".
Yerli və transmilli şirkətlər
tibbi sığortanın tətbiqində ölkəmiz
üçün bir nümunədir
Bir məqamı da unutmaq olmaz ki, hazırda Azərbaycanda
fəaliyyət göstərən iri transmilli şirkətlərdə
tibbi sığorta sistemi tətbiq olunur. Yalnız öz
işçiləri üçün tibbi sığorta xidmətləri
təklif edən şirkətlər arasında xarici kommersiya
təşkilatları ilə yanaşı, Azərbaycanın
özünün də iri dövlət şirkətləri,
yaxud böyük hissədarı olduğu holdinqlər var. Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti,
"bp-Azerbaijan", "Xəzər Dəniz Gəmiçiliyi" və s. şirkətləri buna
misal göstərmək olar.
Deputat İlham Məmədova görə, yerli və
transmilli şirkətlər tibbi sığortanın tətbiqində
ölkəmiz üçün bir nümunədir. Bunlar beynəlxalq
səviyyəli şirkətlərdir. Ona görə də
o dəyərlərdən bəhrələnirlər: "Bəzən
işəgötürən işçilərinin
sayını gizlədir, əmək müqaviləsi bağlamır.
Ancaq hər bir işəgötürən
qayda-qanunla qeydiyyat aparmalıdır. Artıq
bu prosesə başlanılıb, işçi Sosial Müdafiə
Fondunda qeydiyyata durmalı, pensiya təminatı
olmalıdır. Bunun fonunda istər özəl, istərsə
də dövlət müəssisələrində işləyənlərin vahid
sayı bəlli olmalı və tibbi sığorta
ayırmaları müəyyənləşməlidir. Bundan sonra tibbi sığorta mexanizmini tamlıqla tətbiq
etmək olar. Tibbi sığortanın tətbiqi
pasiyentə seçim imkanı verməyəcək, yəni o,
istər özəl, istərsə də dövlət müəssisəsində
müalicəsini davam etdirəcəkdir. Təbii
ki, buna nəzarət edən agentlik də artıq keyfiyyətli
müalicəni tələb edəcək. Tibb
müəssisələri arasında sağlam rəqabət
formalaşacaq".
Milli Məclisin
İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov
da açıqlamasında xatırlatdı ki, Prezident
"Tibbi sığorta haqqında" qanunun icrası ilə
bağlı imzaladığı sərəncamda hökumətə
müvafiq planlar hazırlamağı və qanunun icrasına
başlamağı tapşırıb: "Təəssüflər
olsun ki, bununla bağlı hələ ki heç bir addım
atılmayıb və bu məsələ açıq
qalıb. Əlbəttə, cəmiyyətdə
tibbi sığortanın olması çox vacib amildir.
Hesab edirəm ki, bununla bağlı Azərbaycanın
bütün imkanları var. Çox uzağa getməyək,
qonşu Türkiyədə tibbi sığortanın çox
mükəmməl nümunəsi var. Bu modelin əsas
variantından istifadə edib bizdə də tətbiq etmək
lazımdır".
Vahid Əhmədov onu da bildirdi ki, "müəyyən
qurumlar var ki, tibbi sığortanın tətbiqi onlara sərf
etmir, ona görə bu prosesi ləngidirlər. Bundan
başqa, müəyyən qədər işsiz
insanlarımız var. Amma istənilən halda tibbi
sığortanın tətbiqini saxlamaq olmaz. Çünki bu gün müasir tələblərə
cavab verən tibbi müəssisələrimiz çoxdur.
Şərait yaratmaq lazımdır ki,
insanlarımız səhiyyə sistemində müalicə
üçün əziyyət çəkməsinlər.
Bunun da yeganə yolu tibbi sığortanın tətbiq
edilməsidir".
Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinə
də sorğu göndərdik. Cavab olaraq bildirdilər
ki, onlar icbari tibbi sığortanın təşəbbüskarlarından
biridirlər və bu sistemin Azərbaycan səhiyyəsində
də tətbiq olunmasının tərəfdarıdırlar.
Nazirlik icbari tibbi sığortanın tətbiqinin
onlardan asılı olmadığını bildirsə də,
bu sistemin vacibliyini vurğuladı.
Səhiyyə
nazirinin müavini Abbas Vəliyevin açıqlamasına
görə, Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
2421 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"na əsasən səhiyyə sistemində icbari
tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin
sürətləndirilməsi 2013-2014-cü illərdə nəzərdə
tutulmuşdur.
Sözügedən qanunun icrası ilə bağlı iki
həftə əvvəl Nazirlər Kabinetinə
ünvanladığımız sorğuya isə heç bir
cavab verilmədi. Təəssüf...
Sonda xatırladaq ki, icbari tibbi sığorta sistemi vətəndaşların
hər hansı xəstəlik üzrə sığorta ödənişlərinə
əsaslanan pulsuz müayinə və müalicəsini nəzərdə
tutur. Bunun üçün hökumət tərəfindən
vətəndaşlara xidmətlər paketi təklif olunur.
Təkliflər paketində hər bir xəstəlik
üzrə müalicənin dəyəri müəyyən
edilir və cəmiyyətin bütün üzvləri bu xidmətlər
paketini istədiyi xəstəxanada pulsuz əldə edə
bilir.
Araşdırmalar nəticəsində belə qənaət
hasil olundu ki, hamı tibbi sığortanın faydasını
bilir və onun tezliklə tətbiqini istəyir. Əslində meydanda hər
şey var: qanun, iradə, maddi-texniki baza, kadr, təcrübə!
Görək konkret əməli addımlar nə zaman
atılacaqdır!
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.-7 aprel.-S.7.