Azərbaycanlı rəssam Beynəlxalq İncəsənət Fondunun kataloqunda

 

 Ümumdünya İncəsənət Fondunun "Berlində Slavyan İncəsənəti Günləri" sərgisinin materialları əsasında ingilis və rus dillərində nəşr etdiyi kataloqa azərbaycanlı rəssam İlham Mirzəyevin iki əsəri daxil edilmişdir. "İncəsənətdə yeni simalar" adı altında bu il çap edilən bu nəşr Berlində Rusiya Mədəniyyət və Elm evinin dəstəyi ilə işıq üzü görmüşdür. Almaniyada, Türkiyədə, Rusiyada Bolqarıstanda və başqa dövlətlərdə təşkil edilən "ArtWeek" sərgiləri keçmiş Sovet İttifaqının və digər ölkələrin rəssamları arasında bir ünsiyyət, dialoq vasitəsi kimi münaqişələrdən əziyyət çəkən müasir dünyanı rənglərin doğmalığı, boyaların vəhdəti ilə sülhə çağıran davamlı tədbirlər kimi çox dəyərlidir.  "ArtWeek in World" Beynəlxalq  incəsənət layihəsinin prezidenti İvan Kazanski belə hesab edir ki, bu layihənin çoxsaylı iştirakçılarının böyük gələcəyi var: "Onlar təsviri incəsənətdə cəsarətlə, artıq norma kimi qəbul edilən düşüncə tərzlərini əsas götürmədən bədii materialları sınaqdan keçirir, yeni texnologiyalara yiyələnir, yaradıcılıqlarını müxtəlif janrlarda nümayiş etdirməkdən çəkinmirlər".

Mahiyyət etibarilə bu kataloq öz gücünə inanaraq ölkələrində istedadlı rəssamların,  heykəltəraşların, xalq sənətinin müxtəlif sahələrinin təmsilçilərinin  inkişafına təkan verən gənc intellektual elitanın ideyalarının təqdimatıdır. Kataloqun ingilis və rus dillərində çap olunması rəssamlara gələcəkdə əsərlərini Avropa, Amerika və Asiya ölkələrində təqdim etmək imkanlarını yaradır. Nəşrin beynəlxalq formatı yaradıcılıq imkanlarını reallaşdırmaq və genişləndirmək üçün rəssamların qarşısında yeni üfüqlər açır. Sevindirici haldır ki, bu sərgilər dünyanın 13 ölkəsində keçirilir. Rəssam İlham Mirzəyevin müxtəlif janrlarda və əsasən eksperimental rəngkarlıq üslubunda  işlədiyi əsərlər Almaniyada, Rusiyada və Ukraynada birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.

"Internationale Assoziation Kundstder Volkerder Weelt" Beynəlxalq Assosiasiyasının prezidenti Bulat Mekebaevin kitabdakı çıxışında belə yazılır: "Əlinizdə tutduğunuz kataloqu biz bir daha mənəviyyata, mərhəmətə və sevgiyə sarı atılan addım kimi qiymətləndiririk. Nə qədər çox insan incəsənəti dərk etməyə can atarsa, dünyada bir o qədər də neqativlər azalar".

Rəssam İlham Mirzəyev bu sərgilərdə iştirakını, qalib olmasını, beynəlxalq kataloqa adının düşməsini təvazökarlıqla yaradıcı insanların ünsiyyət üfüqlərinin genişlənməsi kimi  qiymətləndirərək deyir:

- "Qalib olmaq, yer tutmaq, əslində, rəssam üçün böyük qürur deyil. Fərəh doğuran odur ki, Azərbaycan rəssamları nüfuzlu beynəlxalq tədbirlərdə mütəmadi iştirak edirlər. Rəssamın ən böyük sevinci içində formalaşan ideyanı, rənglərin ehtirasını düşündüyü, gördüyü, təsəvvür etdiyi kimi kətana köçürə bilməsi ilə bağlıdır. Beynindəki eskizlə bitirdiyin tablo arasında həmişə fərq olur. Eynisi olmur, ya yaxşı, ya da ki pis olur. Ən vacibi kiməsə bənzəməyə çalışmırsan, kimi isə təlqin etmirsən. Yaradıcılıqda belə bir anlayış var - öz yolu ilə getmək. Əslində, bu yolda qarşına çətinliklər çıxır: divarla rastlaşırsan, boşluqlara düşürsən, ya da dağ çayları kimi sürətlə axaraq səni ağuşuna alan, ruhuna hakim kəsilən yaradıcılıq dənizinə qərq olursan. Hər bitirdiyin iş keçdiyin yeni yolun, ömründə ilk dəfə qarşılaşdığın fikirlərin və təkrarolunmaz yaradıcılıq axtarışlarının məntiqi yekununa çevrilir. Bu baxımdan hər sənət əsəri özünəməxsus və bənzərsiz axtarışların nəticəsidir.   Mənim üçün sırf yaradıcılıq prosesi maraqlıdır. Qiymət vermək isə tamaşaçının müstəsna hüququdur".

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.-2013.-7 aprel.-S.8.