Hisslər mövzusunda dördüncü İB Gənclər Məclisi keçirilmişdir

 

Aprelin 6-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və "İB Club"un təşkilatçılığı ilə "Hisslər" mövzusunda dördüncü "İB Gənclər Məclisi" keçirilmişdir.

 AzərTAc xəbər verir ki, gənclər sektorunda "İB Club" gənclərin inkişaf mərkəzi kimi fəaliyyət göstərir. Klub vasitəsilə gənclər uğurlu karyera qurmaq imkanına malik olurlar. Gənclər kluba üzv olduqdan sonra əldə etdikləri kartlar vasitəsilə ödənişsiz olaraq xarici dil biliklərini inkişaf etdirmək, peşəkarlarla görüşmək, arzu etdikləri kitabları əldə etmək kimi üstünlüklər əldə edirlər. Üç ildən artıqdır ki, fəaliyyət göstərən "İB Club" hazırda Azərbaycanın ən çox tədbir təşkil edən gənclər təşkilatı hesab olunur.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, istənilən sahədə uğurlar əldə etmək, qarşıya qoyulan məqsədə çatmaq, istəklərinə nail olmaq üçün mübarizə aparmaq, görülən bütün işlərdə vicdanlı olmaq çox vacibdir. Bu zaman əldə olunan nailiyyətlər daha uzunömürlü olacaqdır. Vurğulanmışdır ki, bacarıqlı, qabiliyyətli gənclərə hər zaman dəstək verilməlidir.

Digər çıxış edənlər də fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər və onların aradan qaldırılması yolları, qazandıqları nailiyyətlər barədə danışmış, əldə etdikləri təcrübələri tədbir iştirakçıları ilə bölüşmüşlər.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.