Ölkə gəncləri öz potensialını Azərbaycanın inkişafına yönəltməlidirlər

 

"Ölkə gəncləri öz potensialını Azərbaycanın inkişafına yönəltməlidirlər". AzərTAc xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Fuad Muradovun Şirvan şəhərində gənclərlə görüşündə səslənmişdir.

Görüşdə son günlər cəmiyyətdə baş verən proseslər, gənclərin ictimai həyatda fəallığı, bir sıra qruplar tərəfindən onların dövlət əleyhinə istifadə olunması cəhdləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, gənclərin siyasi oyunlarda vasitə kimi istifadə edilməsi cəhdlərinin yolverilməz olduğunu vurğulayan deputat demişdir ki, müəyyən qruplar buna can atırlar. Bütün bu cəhdlər heç bir nəticə verməyəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə xüsusi diqqətini vurğulayan deputat dövlət  başçısının son illər bu istiqamətdə atdığı addımları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Prezidentin bu istiqamətdə imzaladığı fərmanlar gənclərin sosial problemlərinin həlli üçün yaxşı imkanlar açmışdır. Gənclər dövlət başçısının onlara yönəlmiş diqqətini öz fəaliyyətlərində hiss edirlər.

Bu gün ölkəmizdə sağlam ruhlu gənclər ordusunun  formalaşdığını deyən deputat qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə böyük iş düşür. Azərbaycan torpaqları hələ də işğal altındadır. Ona görə də gənclərimiz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hər an hazır olmalıdırlar.

Görüşdə Şirvan gəncləri rəy və təkliflərini səsləndirmişlər.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S . 4.