Bakıda «Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq» mövzusunda Dünya
İqtisadi Forumu (Davos Forumu) keçirilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev Forumun açılışında
iştirak etmişdir
Aprelin
8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu)
işə başlamışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Forumun
açılışında və "Cənubi Qafqaz və
Mərkəzi Asiya regionlarının gələcəyinə
baxışlar" mövzusunda birinci sessiyasında iştirak
etmişlər.
Dünyanın
diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdir.
Son illərdə beynəlxalq tədbirlərə yüksək
səviyyədə ev sahibliyi edən Bakı Dünya
İqtisadi Forumunun iştirakçılarını qəbul etmişdir.
Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran
tanınmış iqtisadçılar, ekspertlər, dövlət
və hökumət nümayəndələri bir araya gələrək,
bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri
müzakirə etmək üçün mərkəz kimi məhz
Bakını seçmişlər.
Dünya
İqtisadi Forumunun Bakıda keçirilməsi barədə
ümumi razılıq yanvarın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Davosda
Dünya İqtisadi Forumunun təsisçisi və
icraçı sədri Klaus Şvab ilə
görüşündə əldə edilmişdir.
Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı
direktoru Klaus ŞVAB Forumu açaraq dedi:
-
Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz
dostlar, Dünya İqtisadi Forumunun üzvləri.
Mən
sizin hamınızı Cənubi Qafqaz və Orta Asiyanın gələcəyinə
dair strateji dialoqa həsr edilmiş birinci Dünya İqtisadi
Forumunda salamlamaqdan son dərəcə məmnunam.
İcazənizlə,
cənab Prezident, Sizə təşəkkür etmək istərdim.
Azərbaycan hökuməti tərəfindən
lütfkarlıqla bu Forumun Bakı kimi gözəl şəhərdə
təşkilinə görə təşəkkür etmək
istərdim. İcazənizlə onu da qeyd etmək istərdim
ki, sonuncu dəfə mən 20 il bundan əvvəl burada
olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri
çox böyük dəyişikliklərin baş verdiyini
müşahidə etdim. Bakı şəhəri həqiqətən
çox gözəl bir məkana çevrilmişdir. Dünya
İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim
üçün bir qürurdur. Azərbaycan çox
böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə
son illər ərzində ölkədə çox
böyük iqtisadi artım göstəriciləri qeydə
alınmışdır. Bu, ilk növbədə, ölkənin
müstəsna təbii resurs potensialının düzgün
istifadəsi sayəsində mümkün olmuşdur. Eyni
zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə
iqtisadiyyatının şaxələndirilməsində
uğurla və bacarıqla istifadə edilməsi sayəsində
qazanılmışdır. Azərbaycan informasiya
texnologiyaları, maliyyə, tikinti sahələrində
çox qabaqcıl bir ölkədir.
Qeyd
etməliyik ki, region ölkələrinin heç biri
potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli
iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq
zəruridir. Yəni bu uğur yalnız təbii resurslardan
asılı deyildir.
Azərbaycanın
nadir coğrafi mövqeyi, yüksək təhsil almış
işçi qüvvəsi vardır. Buradakı sağlam
mühit, ümumiyyətlə birgə iş və əməkdaşlıq
çərçivəsində çox uğurlar əldə
oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq,
görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə
etmək üçün mütləq etibar və uzunmüddətli
əməkdaşlıq şəraitində birgə səylər
göstərilməlidir. Məhz buna görə də
Dünya İqtisadi Forumu çox nadir bir format yaradır.
Forumdan
məqsəd sadəcə olaraq müəyyən
görüşlərin keçirilməsi deyildir. Məqsəd
uzunmüddətli təşəbbüslərə start verməkdir.
Cənubi Qafqaz və Orta Asiya regionları üçün
müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn
18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan
və region xaricindən olan aparıcı şəxslər bu
prosesə cəlb ediləcəklər. Məqsəd regional
iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun uzunmüddətli gələcəyi
üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd
regionun nadir evolyusiya potensiallarını araşdırmaq və
müxtəlif alternativ ssenariləri nəzərdən
keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq.
Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir.
Ümid
edirəm ki, siz dəyərli fikirlərinizi bölüşəcəksiniz,
bizim paneldə təmsil olunmuş natiqlərlə bir yerdə
fikir mübadiləsi aparacaqsınız.
Cənab
Prezident, eyni zamanda, mən bu imkandan istifadə edib çox
dostcasına münasibətinizə və Dünya İqtisadi
Forumu ilə əməkdaşlıq etdiyinizə görə
Sizə təşəkkürümü bildirmək istərdim.
Neçə illər boyu Siz davamlı olaraq bizim illik
görüşlərimizdə iştirak etmisiniz. Bu mənada
Azərbaycanı və bu regionu beynəlxalq xəritədə
çox gözəl təqdim etmisiniz. Regionun iqtisadi
imkanları və bu bölgənin dünyanın iqtisadi
baxımdan çiçəklənməsinə necə
töhfə verəcəyi barədə bizdə dolğun təsəvvür
yaratmısınız.
Sonra
Dünya İqtisadi Forumu tərəfindən
hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya
regionlarının iqtisadi inkişaf potensialına həsr
edilmiş videoçarx nümayiş olundu. Videoçarxda Azərbaycan
iqtisadiyyatının uğurlarına və potensialına
xüsusi yer ayrılmışdı.
Daha
sonra müzakirələrin hansı istiqamətdə
aparılması ilə bağlı səsvermə
keçirildi. Regionun gələcəyinə dair sorğuda pərakəndəlik,
inteqrasiya və qütbləşmə ilə bağlı 3 bənd
yer aldı. Səsvermə zamanı tədbir
iştirakçıları müzakirələrin inteqrasiya
mövzusunda keçirilməsi fikrində yekdil oldular.
ABŞ-ın
Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri
Frederik STAR səsvermənin nəticələrinin müsbət
olduğunu dedi. Bildirdi ki, son 15 ildə energetika sahəsinə
baxsaq görərik ki, şaxələndirilmə daha da
aktuallaşıb və gələcəkdə bunun rabitə və
nəqliyyat sahələrini də əhatə etməsi
labüddür.
Frederik Star regionun əhəmiyyətinə
toxunaraq onun qitənin mühüm mərkəzinə
çevrildiyini vurğuladı. "Cənub" dəhlizinin
yaradılması və digər yolların çəkilməsinin
vacibliyini diqqətə çatdırdı.
Prezident
İlham Əliyev Forumda çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Belə bir
möhtəşəm tədbirdə iştirak etmək
fürsətini yaratdığınıza görə minnətdarlığımı
bildirirəm.
Bakıda
Dünya İqtisadi Forumunun keçirilməsi ilə əlaqədar
dəvətimizi qəbul etdiyinə görə professor
Şvaba və bu Forumda iştirak edən, eləcə də
ölkəmizi dəstəkləyən bütün digər
ölkələrə xüsusi təşəkkürümü
bildirirəm.
Professor
Şvabın qeyd etdiyi kimi, mən artıq 7 dəfə bu Forumda
iştirak etmişəm. Deyə bilərəm ki, bu
iştirak, müzakirələrə qatılmaq,
dünyanın biznes elitası ilə ünsiyyət
iqtisadiyyatımızı şaxələndirməkdə bizə
çox yardım etdi. Çünki bizim iqtisadi
inkişafımız enerji sektoru ilə başlayır və
bu sektor hələ də xarici sərmayələr
üçün cəlbedici sahə kimi qalır.
Hazırda
əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir.
Bunu etmək üçün biz dünyanın biznes
icmasına özümüzü nəinki mühüm
coğrafi mövqeyi və təbii sərvətlərə
malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə
və şaxələndirməyə sadiq olan bir ölkə
kimi təqdim etməliyik. Deyə bilərəm ki, Dünya
İqtisadi Forumu, eləcə də Davosda keçirilən
görüşlər sayəsində açılan imkanlar Azərbaycanı
keçmişdə, ümumiyyətlə, tanımayan
dünya şirkətləri ilə münasibətlərin
qurulmasını mümkün edir. Ölkəmiz kifayət qədər
gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin
Azərbaycan böyük tarixə, adət-ənənələrə,
mədəniyyətə malik olan ölkədir. Əminəm
ki, sizin Azərbaycanı daha yaxşı tanımaq
şansınız olacaqdır. Bununla belə, müstəqil
ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq.
Professor
Şvab qeyd etdi ki, Azərbaycana ilk səfərini hələ
1993-cü ilin mart ayında edib. Ola bilsin ki, həmin vaxtlar gənc,
müstəqil ölkəmiz üçün ən
ağır vaxtlar olub. Həmin vaxt müstəqilliyimizin
yaşı 2 ildən də az idi və o vaxt fikrimcə, Azərbaycanda
olan vəziyyət bütün postsovet məkanında ən
ağır vəziyyət idi. Daxili çaxnaşmalar, vətəndaş
qarşıdurması var idi, Ermənistan ilə Azərbaycan
arasında müharibə gedirdi və bu hadisələr beynəlxalq
səviyyədə tanınan ərazimizin 20 faizinin
işğalı ilə nəticələndi.
Lakin
1993-cü il inkişaf baxımından dönüş
nöqtəsi oldu. Çünki 1993-cü ilin ortalarından
etibarən vəziyyət sabitləşməyə
başladı. Biz olduqca ciddi, köklü siyasi və iqtisadi
islahatları həyata keçirməyə başladıq və
Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim
etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına,
birpartiyalı sistemdən çoxpartiyalı sistemə,
totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə
bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki,
böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər
dövrü idi. İslahatların başlanğıc mərhələsində
Azərbaycan öz enerji sektoruna böyük sərmayələri
cəlb edə bildi. Biz Azərbaycana sərmayə
yatırdıqlarına görə xarici investorlara,
böyük enerji şirkətlərinə minnətdarıq.
Sonrakı mərhələdə biz iqtisadi inkişafın
istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə
bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr
cəlb etdik. Eyni zamanda siyasi və iqtisadi islahatları davam
etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə
Azərbaycanda sabit inkişaf üçün imkanlar
yaradacaqdır.
Bizim
çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin
infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti
yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin
nəql edilməsi üçün şaxələndirilmiş
şəbəkə yaratmışıq. Çünki Azərbaycanın
açıq dənizə çıxışı yoxdur.
Buna görə də neft və qazımızı nəql etmək
üçün boru kəmərlərini çəkməli
idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində
qarşımızda duran ən böyük vəzifələrdən
biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim
şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz
vardır. Azərbaycanın neft və qazını beynəlxalq
bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri
mövcuddur. Eyni zamanda Azərbaycan karbohidrogenlərin nəqlində
Xəzər dənizinin digər sahilində yerləşən
tərəfdaşlarımız üçün tranzit rolunu
oynamağa başlamışdır.
Lakin
son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın
şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın
iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz
ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili
məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə
artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda
işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin
demək olar ki, yarısı yoxsulluq şəraitində
yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil
edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə
artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir.
Bu, son 10 il ərzində müşahidə olunan
inkişafdır.
Biz də
əslində nailiyyətlərimizi Dünya İqtisadi
Forumunun verdiyi qiymətdə görməkdən çox
şadıq. Çünki Dünya İqtisadi Forumu
iqtisadiyyatın rəqabətə davamlılığı
baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır
və bu sahədə ölkəmiz
ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında
birinci yerdədir. Hətta iqtisadi və maliyyə
böhranı zamanı iqtisadiyyatımız artmaqda davam
etmişdir. Neftin qiymətləri kəskin surətdə
aşağı düşdüyü zaman
iqtisadiyyatımız yenə də inkişafını davam
etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr
verməyə başladı. "Fitch", "Standard &
Poor's", "Moody's" kimi əsas kredit reytinqi təşkilatları
Azərbaycanın kredit reytinqini
bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da
islahatların yaxşı göstəricisidir.
Hazırda
biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas
gələcək məqsədlərimizdən biri təhsildir.
Təhsil istənilən ölkənin hər hansı
uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə
sərmayələr, universitetlərimiz ilə dünyanın
aparıcı universitetləri arasında əlaqələr
iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq
planlaşdırmağa imkan yaradır. Eyni zamanda biz hazırda
yeni texnologiyalara sərmayə yatırırıq. İndi
informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən
birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə
malik olan məhdud sayda ölkələr klubunun üzvünə
çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - "Azərspace-1"
uğurla buraxıldı və bu, kosmik sənayenin
inkişafının yalnız başlanğıcıdır.
Bir
sözlə, müstəqillik illəri nəinki siyasi və
iqtisadi sistemin dəyişilməsi illəri oldu, bu dövrdə
gələcək illərdə gəlir gətirəcək sərmayələr
yatırıldı.
İslahatlarımızın
əvvəlində müsbət sərmayə mühitinin
yaradılması prioritetlərimizdən biri olmuşdur. Son 10
il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə
qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi
xarici investisiyadır. Yaxşı sərmayə mühiti,
proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə
sabit durum və əlbəttə ki, regional əlaqələr
hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən
biridir.
Bu
gün müzakirə olunan mövzulardan biri, əlbəttə
ki, regional əməkdaşlıq və inteqrasiya olacaqdır.
Səsvermənin nəticələrini görməkdən
çox şad oldum. Yeri gəlmişkən, elə bunu belə
də gözləyirdim. Çünki Azərbaycan regional əməkdaşlıqda
öz rolunu oynayır. 1990-cı illərin ortalarında
başladığımız layihələr nəinki Azərbaycanın
iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa
yönəlmişdir. Biz Xəzər dənizini xarici sərmayələr
üçün açıq elan edən ilk ölkə olduq.
Biz Xəzər dənizindən Aralıq dənizinə və
Qara dənizə dəhliz
yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri
sonra ümumi geosiyasi və
enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda
biz Azərbaycan, Gürcüstan və Türkiyə
arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq
üzrəyik və bu, dostumuz cənab Starın qeyd etdiyi kimi,
sırf regional layihə olmayacaqdır. Bu, Avropanı
Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə
bağlayacaq layihə olacaqdır. Böyük fərəh
hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində
nəinki maliyyə resurslarımızla, o cümlədən
öhdəliklərimiz və siyasi iradəmizlə əsas
rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə
gəldikdə, enerji amili artıq əsas prioritet deyildir.
Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın
enerji təhlükəsizliyində daha böyük rol
oynayır və oynayacaqdır.
İki
il öncə biz Avropa İttifaqı ilə enerji sahəsində
strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu,
hazırda həyata keçirilir. Son dövrün ən
mühüm nailiyyətlərindən biri TANAP - Trans-Anadolu
boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən
verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın
güclü dəstəyini almışdır. Azərbaycan bu
layihənin həyata keçirilməsi üçün əsas
maliyyə öhdəliyini öz üzərinə
götürmüşdür və ən azı 100 il xidmət
edəcək boru kəmərinin çəkilişinə
başlamışdır. Çünki Azərbaycanın nəhəng
qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə
alsaq, bu dəhliz gələn on illiklər ərzində
mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq
yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə
baş tuta bilər.
Biz nəqliyyat
marşrutları, əməkdaşlıq və inteqrasiya
haqqında danışacağıq. Bu isə yalnız prosesə
cəlb olunan bütün ölkələrin eyni münasibəti
olduqda mümkündür. Şadam ki, Xəzər regionu, Mərkəzi
Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi
sıx münasibətlərdə və əməkdaşlıqda,
xalqlarımız üçün daha yaxşı həyatı,
ölkələrimiz üçün daha yaxşı gələcəyi
təmin etmək məqsədilə səylərimizin
inteqrasiyasında və birləşdirilməsində
görürük.
Hörmətli
dostlar! Bir daha sizi ölkəmizdə salamlamaq istəyirəm.
Professor Şvaba və onun heyətinə bu Forumu Bakıda
keçirdiklərinə görə təşəkkürümü
bildirmək istəyirəm. Əminəm ki, bu tədbirin nəticələrinin
gündəlik həyatımıza çox ciddi təsiri
olacaqdır. Region isə daha sabit, proqnozlaşdırılan və
çiçəklənən olacaqdır. Çox sağ
olun.
Qazaxıstan
Baş nazirinin birinci müavini Bakitjan SAQİNTAYEV
çıxış edərək dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli sədr!
Hörmətli xanımlar və cənablar!
İlk
növbədə, belə mötəbər görüşə
dəvətə görə Dünya iqtisadi Forumuna minnətdarlığımı
bildirmək istəyirəm. Mərkəzi
Asiya və Qafqaz Avrasiyanın
mühüm geostrateji
regionudur. O, qitənin mərkəzində
yerləşərək, bu
geniş məkanda çox əhəmiyyətli iqtisadi rol
oynayır. Odur ki, dünyada
onun perspektivlərinə marağın artması tamamilə qanunauyğundur. Ümidvarıq ki, bugünkü diskussiya yeni
imkanların axtarışında
və ölkələrimiz
arasında əməkdaşlığın
fəallaşmasında praktiki
addım olacaqdır.
İlk
növbədə, Qazaxıstanda
müasir iqtisadi vəziyyəti xarakterizə etmək istəyirəm.
Qazaxıstan ötən on il ərzində iqtisadi
potensialını ikiqat artıra bilmişdir. Mütləq
şəkildə desək, ölkədə ümumi daxili məhsul
(ÜDM) artaraq 2000-ci ildəki
18 milyard dollardan 2012-ci ilin
yekunlarına görə, 200
milyard dollara çatmışdır. Sözügedən dövrdə
adambaşına ÜDM artaraq 1200 dollardan 2012-ci ildə 12 min dollara
çatmışdır.
Proqnozlara görə, 2020-ci ilədək həmin göstərici artaraq 20 min
dolları ötüb keçəcəkdir. Biz dünyada
iqtisadi böhran və bir
sıra aparıcı dövlətlərin üzləşdiyi
mürəkkəb iqtisadi vəziyyət şəraitində
makroiqtisadi sabitliyi qoruyub saxlaya bilmişik. 2012-ci ildə iqtisadiyyatın artımı 5 faiz təşkil
etmişdir. İşsizliyin səviyyəsi son illər sabit səviyyədə
olub, 5,5 faizdən çox deyildir. Mütəxəssislərin
hesablamalarına görə, Qazaxıstan MDB ölkələrinin
investisiyaları üçün
ən cəlbedici yerlərdən biridir. 1993-cü ildən indiyədək
160 milyard dollardan çox birbaşa xarici investisiya cəlb
olunmuşdur. Hesablamalara görə,
Mərkəzi Asiya regionunun birbaşa xarici investisiyalarının təxminən 80 faizi
Qazaxıstanın payına
düşür.
Qazaxıstanın
maliyyə potensialı möhkəmlənir. Beynəlxalq ehtiyatlar, o cümlədən
milli fondun vəsaiti artaraq 87 milyard dolları
ötmüşdür. Dünya İqtisadi Forumunun reytinqi də
ölkənin qazandığı uğurları təsdiq edir.
Reytinqə görə, Qazaxıstan bir il ərzində 21-ci
mövqeyə - daha yüksək inkişaf səviyyəsi olan
ölkələr qrupuna keçərək Qlobal Rəqabət
Qabiliyyəti İndeksində 51-ci yeri tutmuşdur.
Dünyanın
inkişafının innovasiyalar, ən müasir biliklər və
texnologiyalarla bağlı yeni mərhələsi ölkənin
iqtisadi təməlinin modernləşdirilməsini tələb
edir. Bununla əlaqədar olaraq, 2010-cu ildən yerli
iqtisadiyyatın irimiqyaslı şəkildə şaxələndirilməsinə
yönəldilmiş sürətləndirilmiş sənaye
innovasiya inkişafı üzrə dövlət proqramı həyata
keçirilir. Hazırda 200 mindən çox iş yerinin
yaradılmasını ehtiva edən 775-dən çox layihənin həyata keçirilməsi
planlaşdırılmışdır. Ötən üç
il ərzində ölkədə tamamilə yeni
istehsalatların işə salınmasını tənzimləməyə,
infrastrukturu modernləşdirməyə imkan verən 530-dan
çox müəssisə işə
salınmışdır. Proqramı dəstəkləmək
üçün 9 azad iqtisadi zona, texnoparklar, sənaye
parkları fəaliyyət
göstərir, biznesi dəstəkləyən müxtəlif
maliyyə və qeyri-maliyyə tədbirləri nəzərdə
tutulmuşdur. Bu məqsədlə region dövlətlərini
şirkətlərimiz və müəssisələrimizlə
əməkdaşlığa və kooperasiyaya dəvət
edirik.
Qazaxıstanın
2050-ci ilədək dünyanın inkişaf etmiş 30 ölkəsi
sırasına daxil olması üzrə Prezident N.Nazarbayevin
qarşıya qoyduğu strateji vəzifələri nəzərə
almaqla, Qazaxıstan
iqtisadiyyatının həmin qrupdan olan ölkələr
üçün səciyyəvi olan parametrlərə, ən
yaxşı beynəlxalq təcrübə standartlarına
görə modernləşdirilməsi və transformasiyası
üzrə iş başlayır. Birinci praktiki addım
"yaşıl iqtisadiyyat" prinsiplərinə keçid
olacaqdır. Sabit inkişaf ətraf mühitə və təbii
ehtiyatlara qayğıkeş münasibət olmadan
qeyri-mümkündür. Odur ki, əsas mövzusu gələcəyin
enerjisi müəyyən edilmiş "Expo-2017" beynəlxalq
sərgisinin keçirilməsinin əsas yeri kimi Qazaxıstanın
seçilməsi təsadüfi deyildir. Bu, dünyanın
qabaqcıl texnologiyalarının və "yaşıl"
qərarların ölkəmizin iqtisadiyyatına cəlb
olunmasına imkan verəcəkdir.
Çıxışımın
ikinci hissəsinə keçərək, Mərkəzi Asiya və
Qafqaz ölkələri ilə əməkdaşlığın
bəzi perspektiv istiqamətləri üzərində dayanmaq
istəyirəm. Bir sıra
istiqamətlər üzrə artıq müəyyən
işlər nəzərdə tutulmuşdur. Lakin
bütövlükdə qarşılıqlı fəaliyyəti
genişləndirmək və işgüzar münasibətləri
həyata keçirmək üçün hələ xeyli
potensial qalır.
Əvvələn,
Avropa ilə Asiyanın qovuşuğunda coğrafi mövqeyi nəzərə
alsaq, xeyli nəqliyyat-logistik potensial vardır. Lap qədim
zamanlardan regionumuz Şərqdən Qərbə doğru tarixi
İpək Yolunun üstündə yerləşir. Çindən
və Hindistandan Avropaya aparılan strateji baxımdan əhəmiyyətli
yüklər yüzilliklər ərzində məhz bu ərazidən
keçmişdir. Buna görə də Qazaxıstan Şərqlə
Qərb arasında körpünün əvvəlki tranzit
funksiyalarını bərpa etmək işini ciddi şəkildə sürətləndirmişdir.
Bu məqsədlə Qərb-Şərq, Şimal-Cənub
istiqamətləri üzrə bir sıra mühüm layihələr
həyata keçirilir. Bunlar Qazaxıstanın, habelə Mərkəzi
Asiya və Qafqazın dənizə çıxışı
olmayan, beynəlxalq bazarlardan uzaqda yerləşən digər
dövlətlərinin ticarəti və
qarşılıqlı iqtisadi mübadiləni inkişaf
etdirmələri üçün onların qarşısında
yeni imkanlar açan transkontinental layihələrdir. Məsələn,
biz Qərbi Avropa-Qərbi Çin beynəlxalq avtomobil yolunun
tikintisini həyata keçiririk. Ölkənin şərqində
Cənub-Şərqi Asiyanın, habelə Çinin sürətlə
inkişaf edən regionu ilə ticari əlaqələrin genişləndirilməsinə
yönəldilmiş "Xorqos-Şərq qapısı"
layihəsi həyata keçirilir.
Xəzərdə Aktau limanı bazasında
"Qazaxıstanın Qərb qapısı" layihəsi həyata
keçirilir. Belə layihələrin icrası ilə bir
çox coğrafi əngəllər aradan qaldırıla bilər. Bu, region ölkələrinin
birgə fəaliyyəti üçün geniş məkandır.
İkincisi, kənd təsərrüfatı
sektorunda böyük potensial vardır. Hazırda Qazaxıstan
dünyanın ən mühüm taxıl mərkəzlərindən
biridir və un ixracı üzrə
dünyada ikinci yerdədir. Müşahidə olunan demoqrafik
proseslərin və əhalinin strukturunu nəzərə
alaraq, Qazaxıstanda artıq ərzaq bazasını genişləndirmək
üzrə geniş addımlar atılmışdır. Aqrar-sənaye
kompleksinin inkişaf proqramı
çərçivəsində 2020-ci ilədək
ekoloji cəhətdən təmiz kənd təsərrüfatı
məhsulunun hazırlanması üzrə tədbirlər
planlaşdırılmışdır. Bu məqsədlər
üçün 2020-ci ilədək 20 milyard dollardan çox
vəsait nəzərdə tutulmuşdur. Qazaxıstan bu istiqamətdə
ən sıx kooperasiyaya da hazırdır.
Üçüncüsü,
ticarət sahəsində kifayət qədər istifadə
edilməmiş potensialdır. Belə ki, 2012-ci ildə Mərkəzi
Asiya ölkələri ilə əmtəə dövriyyəsi
hesablamalara görə, 2011-ci
illə müqayisədə 27 faiz artaraq 4,7 milyard dollar təşkil
etmişdir. Lakin bu, bütövlükdə Qazaxıstanın
xarici ticarət dövriyyəsinin cəmi 4,2 faizini təşkil
edir. Özü də ölkənin ümumi xarici ticarət
dövriyyəsinin yalnız 0,4 faizi Qafqaz ölkələrinin
payına düşür. Gördüyümüz kimi,
potensial böyükdür. Ticarət missiyaları ilə
mübadiləni, regional biznes-forumların keçirilməsini,
hökumətlərarası qərarların işlənib hazırlanmasını
fəallaşdırmaq mümkündür.
Deyilənləri
nəzərə alsaq, bütövlükdə xeyli potensial və
ümumi maraqlar vardır. Sizə məlumat verib bildirmək
istəyirəm ki, mayın 22-də növbəti Astana
İqtisadi Forumu keçiriləcəkdir. Düşünüləsi məqamlar
çoxdur. Forumun keçirilməsindən məqsəd
dünyanın bir çox dövlətlərinin üzləşdikləri
aktual və regional problemlərin həlli yollarının
axtarışıdır. Astana
Forumunun ən mühüm hadisəsi BMT-nin himayəsi
altında Dünya Antiböhran Konfransının keçirilməsi
olacaqdır. Fürsətdən istifadə edərək, bugünkü
iştirakçıları Astana İqtisadi Forumuna dəvət
etməyi özümüzə şərəf bilirik.
Sonda
əla təşkil edilmiş Bakı Forumuna səmərəli
iş arzulamaq istəyirəm. Diqqətinizə görə
minnətdarıq.
* * *
Rusiyanın
VTB Bankının sədri və icraçı direktoru Andrey
KOSTİN çıxış edərək dedi:
-
Xanımlar və cənablar, hesab edirəm ki, ən
aparıcı inteqrasiya qrupları kimi, Avropa İttifaqında
iqtisadi və maliyyə böhranı içərisində biz
daha çox imkanlar və iqtisadi artım üçün yeni
sahələr axtarırıq. Əlbəttə, Cənubi
Qafqaz və Mərkəzi Asiya regionları belə sahələrdən
birini təmsil edir. Cənab Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, son 10 ildə Azərbaycan çox böyük
artıma nail olmuşdur və ölkənin iqtisadi
inkişafının nəticələri heyranedicidir. Prezident
İlham Əliyev bu iqtisadi artımın mənzərəsini
təqdim etmişdir. Mən bu nailiyyətlərə görə
onu təbrik etmək istəyirəm.
Neft-qaz
və digər mineral ehtiyatlara malik region ölkələrinin
ola bilsin ki, digər ölkələrlə müqayisədə
iqtisadiyyatı daha sürətlə inkişaf edir. Amma biz
başa düşürük ki, neft və qaz dövrü
daimi deyildir. Dünya daha rəqabətli bazar vəziyyətinə
hazır olmalıdır və gələcəkdə enerjinin
alternativ mənbələri təklif oluna bilər. Dediyim kimi,
bu region iqtisadi artım üçün çox gözəl
imkanlar açır. Eyni zamanda region üçün ən
böyük məsələlərdən biri təhlükəsizlik
problemləridir. Bu region hərbi və siyasi baxımdan
çox mürəkkəbdir. Regionun firavan gələcəyini
təmin etmək üçün biz bu məsələlərlə,
əlbəttə ki, çox ciddi məşğul
olmalıyıq və onları həll etməliyik. Amma burada,
eyni zamanda qarşılıqlı əməkdaşlıq
imkanları da mövcuddur. Enerji ehtiyatlarını ixrac edən
ölkələrin strategiyalarının inteqrasiyası
çox önəmlidir. Azərbaycan praktiki baxımdan
yanaşaraq, bu sahədə çox böyük nailiyyətlərə
imza atmışdır.
Eyni
zamanda hesab edirik ki, daha sıx əməkdaşlıq bizim
hamımızın xeyrinədir. Sovet İttifaqı
dövründə bizim iqtisadiyyatımız vahid idi. Əlbəttə
ki, bir çox məsələlər dəyişmişdir.
Amma sənaye, iqtisadi və bir çox digər sahələrdə
əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Ona görə də biz digər imkanlar təklif edirik. Bizim
yanaşmamız ondan ibarətdir ki, region ölkələri ilə
inteqrasiyada bir çox sürətli yanaşmadan istifadə edə
bilərik. Qazaxıstan kimi ölkələrlə biz artıq
gömrük ittifaqına qoşulmuşuq. Eyni zamanda biz vahid
iqtisadi məkan istiqamətində irəliləyirik. Digər
ölkələrlə biz daha yumşaq, daha aşağı səviyyəli
əməkdaşlıq həyata keçirə bilərik. Gələcəkdə
ola bilsin ki, onlarla digər istiqamətdə əməkdaşlıq
davam edəcəkdir. Biz hesab edirik ki, Rusiya region ölkələrinin
iqtisadi və siyasi müstəqilliyinə heç bir təsir
etmir. Başa düşürük ki, region ölkələri
müxtəlif inkişaf səviyyələrindədir. Ona
görə də əməkdaşlıq da müxtəlif səviyyədə
ola bilər. Amma yenə də hesab edirik ki, region həm
iqtisadi, həm də siyasi baxımdan xeyli fayda görəcəkdir.
* * *
Qırğızıstan
Baş nazirinin birinci müavini Comard OTORBAYEV
çıxış edərək dedi:
- Cənab
Prezident, professor Şvab, tədbiri çox yüksək səviyyədə
təşkil etdiyinizə görə sizə təşəkkür
edirəm. Ümumiyyətlə, qardaş ölkə olan Azərbaycanın
inkişafı məndə çox böyük təəssürat
yaratdı. Çox təəssüf edirəm ki, mən ilk dəfədir
Azərbaycana gəlirəm. Həqiqətən də burada gedən
proseslər məndə çox böyük təəssürat
yaratdı.
Cənab
Prezident, sözsüz ki, bu inkişaf prosesində Sizin şəxsi
rolunuz qeyd edilməlidir. Dünən bizim küçədə
sadə insanlarla, gənclərlə, tələbələrlə
söhbət etmək imkanımız oldu. Biz onlarda yüksək
əhval-ruhiyyə, optimizm müşahidə etdik.
Sözsüz ki, bütün bunlara görə biz qardaş Azərbaycanın
nailiyyətləri ilə fəxr edə bilərik.
Təbii
ki, nadir bir forumda iştirak edirik, Qırğız
Respublikası da həm bu forum ilə yanaşı, həm də
bu qəbildən olan gələcək forumlarda iştirak edəcəkdir.
Region, ümumiyyətlə, daha dinamik, daha iddialı
olmalıdır. Dünya çox sürətlə dəyişir,
inkişaf edir. Ən azı biz də eyni sürətlə hərəkət
etməliyik. Biz regionun bütün dinamikasından istifadə
etməliyik. Biz buradakı çıxışlarda rəqəmləri
dinlədik. Mərkəzi Asiyanın beş ölkəsinin
birlikdə ümumi daxili məhsulu balaca bir ölkə olan
Sinqapurun ümumi daxili məhsulundan daha azdır. Bu, o deməkdir
ki, inkişaf üçün böyük potensial, çox
geniş təbii resurslar vardır. Çox böyük insan
kapitalı mövcuddur ki, hələ də bu kapitaldan kifayət
qədər istifadə edilmir.
Qırğız
Respublikası açıq bir ölkədir. Bizim məqsədimiz
həm siyasəti, həm də iqtisadiyyatı və cəmiyyəti
inkişaf etdirərkən rəqabətədavamlı bir
mühit yaratmaqdır. Bu mənada bizim üçün yeganə
prioritet regional əməkdaşlığı gücləndirməkdir.
Qırğız Respublikası təbii resurslarla çox zəngindir.
Təsdiq edilmiş qızıl ehtiyatları 1000 tondan
artıqdır. Eyni zamanda hidroenergetika ehtiyatları ilə
çox zəngin ölkədir. Məqsədimiz müsbət
əlverişli investisiya mühiti yaratmaq üçün
müvafiq infrastruktur qurmaqdır.
Cənab
Prezident Əliyevin vurğuladığı kimi, regional əməkdaşlıq
regionun inkişafında əsas rol oynamalıdır. Marko Polo
bu regionda səyahətə çıxsaydı, indiki vaxtda
onun bu səyahəti daha gec çəkərdi. Çünki
bizdə sərhədlərdə müəyyən problemlər
vardır. Sənədləşmə, bürokratiya ilə
bağlı müəyyən problemlər mövcuddur. Biz hazırkı
inkişafla qane ola bilmərik. Gəlin, daha böyük
inkişafa nail olaq. Sağ olun.
* * *
Türkiyənin
energetika və təbii ehtiyatlar naziri Taner YILDIZ
çıxış edərək dedi:
-
Hörmətli cənab Prezident İlham Əliyev!
Hörmətli
tədbir iştirakçıları!
Xanımlar
və cənablar!
Hamınızı
Türkiyə Respublikasının hökuməti adından
salamlayaraq çıxışımı başlamaq istəyirəm.
Əvvəlcə
hörmətli Prezident İlham Əliyevə və Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı sədri
Klaus Şvaba bu tədbirin təşkilinə və qonaqpərvərliyə
görə minnətdarlığımı bildirirəm.
Bakıya, Azərbaycana layiq olan bir tədbir
keçirilir.
Təbii ki, tədbirdə mühüm əməkdaşlıq
imkanları müzakirə edilir.
Beynəlxalq əlaqələrdə mühüm rol
oynayan irimiqyaslı layihələrin ümumi təhlilini
aparmağa ehtiyac vardır. İqtisadiyyatlar
qloballaşır, siyasətlər isə beynəlmiləlləşir.
Ölkələr beynəlxalq siyasətlərini
birləşdirdikləri zaman əməkdaşlıq əlaqələrini
qura bilirlər.
Qlobal böhranın enerji sektoru ilə əlaqədar təbii
nəticələri vardır. Bunlardan biri o ölkələrdəki
enerji sektorunun subsidiyaları ilə əlaqədar rəqəmlərin
getdikcə azalmasıdır. Bu, eyni zamanda
Türkiyə Respublikası kimi dəyişərək
inkişaf etməyə çalışan ölkələr
üçün mühüm əhəmiyyət kəsb edir.
Türkiyə son 10 il ərzində
ümumi daxili məhsulunu üç dəfə
artırmışdır. Ölkənin enerji
sektorunun yenidən qurulmasına qoyulan sərmayəni iki dəfə
çoxaltmışdır. Düzgün
addım atdığı üçün Türkiyə
gücləndi.
Türkiyə
dünyanın bir çox ölkələri ilə müxtəlif
layihələr həyata keçirməyə nail olmuşdur. Ona görə siyasi sabitliyini davam etdirən ölkələrlə
birlikdə region güclənə bilər. Enerji
resurslarından sülhün, sabitliyin təminatçısı
kimi istifadə edərək inkişafa nail ola
bilərik.
Bu gün
Türkiyə Qara dənizdə Rusiya Federasiyası ilə
"Cənub axını" layihəsini
reallaşdırmaqla yanaşı, dost və qardaş ölkə
Azərbaycan ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini
uğurla həyata keçirir.
Digər tərəfdən, siyasi problemlərə
baxmayaraq, Türkiyə İranla təbii qaz sahəsində
müqavilə imzalayır, İraqla neft və təbii qaz
sektorunda əməkdaşlığı davam etdirir.
Türkiyə hazırda Suriyadakı rejimi təqdir etmir,
ancaq ehtiyacı olduqda bu ölkəni elektrik enerjisi ilə təmin
edir. Cənubi Kipr rəhbərləri ilə əlaqədar
oradakı siyasəti təqdir etmirik, amma ehtiyacları olanda
onları elektrik enerjisi ilə təmin edirik.
Türkiyənin hazırda regiona olan töhfəsinin
davam edən siyasi sabitliklə birlikdə daha da
artdığını görürük. Türkiyə
xüsusilə coğrafi vəziyyətinin üstünlüklərindən
istifadə edərək, ciddi layihələr həyata
keçirmək üçün müsbət mövqeyini
davam etdirəcəkdir. Türkiyə
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi ilə
birlikdə Xəzərdəki enerji ehtiyatlarının
dünya bazarına çıxmasına töhfə verir.
Dəmir yolu layihələri ilə birlikdə nəqliyyat
təhlükəsizliyinin təminatçısı olur.
Türkiyə Asiyanın istehsal güclərini
Avropanın istehlak bazarları ilə birləşdirməklə
regionda vacib nəqliyyat körpüsü rolunu oynayır. Coğrafi
mövqeyindən qaynaqlanan bu üstünlüklərindən
sui-istifadə etmədən Türkiyə bütün müsbət
yanaşması ilə regionun inkişafına öz töhfəsini
verməyə davam edəcəkdir.
Türkiyə
bu dəyişikliyi yaşayarkən 2023-cü və 2030-cu il hədəflərini real görür. Türkiyə bir tərəfdən yenilənən
enerji ehtiyatları ilə öz ehtiyacını ödəməyə
çalışarkən, Beynəlxalq Enerji Agentliyinin məlumatına
görə, hələ də üç əsas yanacaq olan
neft, təbii qaz və kömürlə əlaqədar tədarüklərini
davam etdirir. Enerji istehsal edilən ölkələrdə
həmin sektordan digər sektorlara sərmayə qoyularkən,
neft və qaz ehtiyatlarına malik olmayan Türkiyədə digər
sektorlardan enerji sektoruna maliyyə vəsaiti qoyulur.
Regionumuzda ölkələrin inkişaf hədəfləri,
o ölkələrin gəlirlərindən daha çoxdur. Yəni daxili
sərmayədən daha çox xarici sərmayənin
qoyulması bu baxımdan əhəmiyyətlidir. Xarici sərmayə hər zaman olduğu kimi sabitliyi,
hüquqi cəhətdən və təməli möhkəm
olan ölkələrə qoyulur. Buna
görə də Türkiyə bütün bunları nəzərə
alaraq inkişafını davam etdirir.
Biz bu tədbirdə iştirak edən bütün
qonaqları İstanbulda keçiriləcək Dünya
İqtisadi Forumuna dəvət edirik.
Ev sahibliyinə görə, hörmətli Prezident
İlham Əliyev başda olmaqla, bütün tədbir
iştirakçılarına minnətdarlığımı
bildirirəm.
* * *
Sonra diskussiya şəraitində müzakirələr
başladı.
İlk sual Avropa və Asiya arasında körpü olan Cənubi
Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin
risk profilinin hansı səviyyədə olması ilə
bağlı idi. Digər tərəfdən,
neftdən asılılığın azaldılması ilə
bağlı proqramlar hansı planları əhatə edir,
bundan əlavə, regionda əməkdaşlıq
baxımından daha çox hansı model haqqında
danışılmalıdır?
Digər sual inteqrasiya prosesində suverenliyin qorunub
saxlanması ilə bağlı idi.
Prezident
İlham ƏLİYEV suallara cavab verərək dedi:
- Mən
bir daha qeyd etmək istəyirəm ki, hökumətimiz
üçün son 10 ildə şaxələndirilmə bir
nömrəli prioritet olmuşdur. Çünki
biz müstəqilliyin əvvəlki mərhələsində
sərmayələri cəlb etmək üçün enerji
potensialımızı təqdim etməli idik. Biz investorlar üçün çox güzəştli
şəraitlər yaratmalı idik ki, onlar özlərini Azərbaycanda
rahat hiss etsinlər. Lakin aydın şəkildə
anlayırıq ki, yalnız enerji sektorunun inkişafı bizə
dəyişikliklərə nail olmaq, iş yerlərini
açmaq imkanını yaratmayacaqdır. Çünki enerji
sektoru çox sayda iş yerləri açmır. Bilirdik ki, bu, bizə zəngin və yoxsul
arasındakı boşluğu aradan qaldırmağa imkan verməyəcəkdir.
Buna görə də biz 2004-cü və 2009-cu
illərdə iki regional inkişaf proqramını qəbul
etdik. Bu
proqramların əsas məqsədi şaxələndirmə
və infrastruktura, sərmayə, özəl sektorun
stimullaşdırılması idi.
Əlbəttə ki, tənzimləmə, liberal islahatlar
və sərmayə mühiti bu məqsədə nail olmaqda
bizə yardımçı oldu. Deyə bilərəm ki, Azərbaycan
haqqında ən yaxşı statistik məlumatlar yoxsulluğun, işsizliyin
azaldılması və qeyri-enerji sektorunun yüksəlməsi
idi. Ötən il qeyri-enerji sektorunda
artım təxminən 10 faiz olmuşdur. Gələn
illər ərzində əminəm ki, şaxələndirmə
prosesi uğurla gedəcəkdir. Çünki
ölkəmizdə 2020-ci ilə baxış proqramı
vardır. Bu, 2020-ci ilə qədər hansı işlərin
görülməsini təsvir edən əhatəli və olduqca dəqiq
proqramdır. Məqsədimiz gələn 8-9 il
ərzində qeyri-enerji sektorunda ümumi daxili məhsulun
payının 2 dəfə artırılmasıdır. Artıq dediyim kimi, diqqət yetirdiyimiz sektorlar -
informasiya-kommunikasiya texnologiyaları, həmçinin kənd
təsərrüfatı, xidmətlərdir. Enerji amilindən asılılığın
azaldılması, həmçinin prioritetlərimizdən
biridir. Eyni zamanda aydın şəkildə
anlayırıq ki, enerji amili nəinki Azərbaycanın
iqtisadi inkişafında, o cümlədən buradakı
regional əməkdaşlıqda mühüm yer tutacaqdır.
Çünki bu, aparıcı qüvvədir.
İnteqrasiyanın suverenliklə necə uzlaşması
ilə bağlı sualınızın ikinci hissəsinə gəldikdə
bildirmək istəyirəm ki, bu paneldə öz inkişaf
seçimlərini etmiş ölkələrin nümayəndələri
əyləşiblər. Əlbəttə ki, Avropa İttifaqı
inteqrasiyanın bir nümunəsidir. Hazırda
müəyyən ölkələrin üzv olduqları
Gömrük İttifaqı yaradılmışdır və
elə ölkələr də vardır ki, gələcək
inteqrasiya planlarını hazırda qiymətləndirirlər.
İnteqrasiya ilə suverenlik arasında tarazlığa gəldikdə,
Azərbaycanın mövqeyi baxımından bizim
üçün suverenlik müzakirə olunmayan məfhumdur. Yüz faizlik
suverenlik, bu, mütləqdir. Ola bilsin bu,
bizim keçmişimizlə bağlıdır. O vaxtlar
Azərbaycan digər imperiyaların, ölkələrin hissəsi
olmuşdur. Müstəqilliyimizin yalnız 21
yaşı vardır. Bu səbəbdən
bizim üçün siyasi və iqtisadi müstəqillik gələcək
inkişaf baxımından ilkin şərtdir. Gəlin
bugünkü Azərbaycana və 30-40 və 50 il
öncəki Azərbaycana baxın. Bu, gecə
ilə gündüzün fərqi kimidir. Ona
görə də müstəqillik nəinki milli qürur
hissini gətirdi, həmçinin ölkədə gündəlik
həyat tərzini yaxşılaşdırmağa imkan
yaratdı. Lakin bu, o demək deyil ki, biz ətrafımızda
baş verənləri yalnız müşahidə etmək
fikrindəyik. Biz regional əməkdaşlıq
layihələrində fəal iştirak edirik. Biz regional əməkdaşlıq layihələrinin
əksəriyyətini başlatmışıq və bunun
faydasını görürük. Zənnimcə,
əməkdaşlığın hüdudları suverenliyin
azaldılmasına və ya iqtisadi suverenliyimizin bir hissəsinin,
dövlət səviyyəsindən yuxarıda duran müəyyən
ittifaqlara və ya strukturlara verilməsinə gətirib
çıxarmır. Hesab edirəm ki, biz
bir tərəfdən regional əməkdaşlıq və
inteqrasiya, digər tərəfdən isə suverenliyimiz və
seçimimiz arasında lazımi tarazlığı
tapmışıq.
* * *
Türkiyənin energetika və təbii ehtiyatlar naziri
Taner YILDIZ bildirdi ki, istehlakçılar və
hasilatçılar bir-biriləri ilə sıx
bağlıdır və Türkiyə bu məsələyə
hər zaman müsbət baxmışdır. Avropa İttifaqı ölkələrində
bu cür münasibətlərə çox az
rast gəlinsə də, Azərbaycan və Türkiyə
Trans-Anadolu qaz kəməri layihəsini reallaşdırmaqla bu
nümunəni göstərdilər.
Rusiyanın
VTB Bankının sədri Andrey KOSTİN neft gəlirlərinin
şaxələndirilməsi ilə bağlı Azərbaycanın
yanaşmasını nümunə adlandıraraq dedi:
- Hesab
edirəm ki, Azərbaycanın çox məqbul
yanaşması vardır. Azərbaycan müvafiq
əməliyyatları həyata keçirir və gələcəyin
iqtisadi şaxələndirilməsini təmin etməyə
çalışır. Hesab edirəm ki,
indiki dünyada neft ixracatçısı məhz bu
yanaşmadan istifadə etməlidir.
Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan
SAQİNTAYEV ölkəsində iqtisadi şaxələndirmə,
o cümlədən iqtisadiyyatın sənayeləşdirilməsi,
kiçik və orta sahibkarlığın dəstəklənməsi
ilə bağlı görülən işlərdən
danışdı.
Qırğızıstan
Baş nazirinin birinci müavini Comard OTORBAYEV belə
görüşlərin regionun inkişafı baxımından
önəmli olduğunu dedi. C.Otorbayev inteqrasiya
proseslərində görülən işlərin əhəmiyyətinə
də toxundu.
Digər sual həm Cənubi Qafqaz, həm də Mərkəzi
Asiya regionlarında yerləşən ölkələr
arasında ünsiyyətin qurulmasının vacibliyi, o
cümlədən bu ünsiyyətdə dövlət və
biznes dairələrinin iştirakı ilə bağlı oldu. Bundan əlavə,
iştirakçılar gələcəkdə sözügedən
regionlara daha hansı ölkələrin daxil edilməsinin
mümkünlüyü ilə maraqlandılar.
Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı sədri
Klaus ŞVAB dedi: Cənab Prezident Əliyev, biz nəticələrin
çıxarılması mərhələsinə
çatdıq. Əgər bir dəqiqəlik
şərhlə çıxış etsəydiniz, bu
sessiyanın ən mühüm mesajını necə təsvir
edərdiniz?
Prezident İlham ƏLİYEV: Hesab
edirəm, ən mühüm mesajlardan biri odur ki, bizim
hamımıza regionda əməkdaşlıq və
proqnozlaşdırılan vəziyyət lazımdır. Bizə sabitlik lazımdır. Biz
iqtisadi və siyasi münasibətlərimizi genişləndirməliyik.
Çünki biz bir-birimizlə
bağlıyıq. Bu, yalnız onunla
bağlı deyildir ki, onilliklər ərzində eyni ölkədə
yaşamışıq. Bu, həmçinin
regionumuzun Mərkəzi Asiyanın və Qafqazın uğurlu
inkişafının yalnız sırf əməkdaşlıqla
bağlı olması ilə izah edilər. Bunlar sadə sözlər deyildir. Biz artıq regional əməkdaşlıq layihələrinin
həyata keçirilməsi üçün bir çox
işlər görmüşük. Məsələn,
Azərbaycana gəldikdə enerji, daşıma məsələləri,
o cümlədən ticarət sahəsindəki əlaqələr
bizə inkişaf etməkdə yardımçı olur.
Regional əməkdaşlıq olmadan biz
karbohidrogenlərimizi ixrac edə bilməzdik. Sıx
regional əməkdaşıq olmadan biz Xəzər dənizinin
digər sahilində yerləşən tərəfdaşlarımız
və qonşularımız üçün tranzit ölkə
ola bilməzdik. Bir sözlə,
regional əməkdaşlıq gücləndirilməlidir və
hər bir ölkə əməkdaşlıq və
inteqrasiyanın səviyyəsini müəyyənləşdirməlidir.
Fikrimcə, inteqrasiya ilə əməkdaşlıq
arasında ziddiyyət olmamalıdır. Əgər hər
bir ölkə nə dərəcədə inteqrasiya olunmaq,
müxtəlif strukturlarda iştirak etmək niyyətini
özü müəyyən edərsə və digərləri
onun bu hüququnu tanıyarsa, o zaman hesab edirəm ki,
yaxşı irəliləyişimiz ola bilər.
Klaus ŞVAB: Sağ olun. Bütün iştirakçılar adından mən, cənab Prezident, göstərmiş olduğunuz qonaqpərvərliyə və bu mühüm prosesi mümkün etdiyinizə görə təşəkkürümü bildirirəm. Digər panel iştirakçılarına da bizimlə olduqlarına görə minnətdaram. Sizə uğurlu gün arzulayıram. Bir daha çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S. 1-3.