Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi
şam yeməyi olmuşdur
Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva tədbirdə iştirak
etmişlər.
Tədbirin
aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru
Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi
zamanı gün ərzində keçirilən sessiyaların
nəticələrinin müzakirə olunacağını bildirdi.
Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı sədri
Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə
görə dövlət başçısına təşəkkür etdi. O bildirdi ki, Prezident
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə etmişdir və bu uğurlar bundan sonra da davamlı
olacaqdır. Klaus Şvab
yüksək qonaqpərvərliyə görə Azərbaycan
xalqına Forum
iştirakçılarının minnətdarlığını
çatdırdı.
BP
şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən
Dünya İqtisadi Forumunda
çox əhəmiyyətli müzakirələrin
aparıldığını vurğuladı. BP-nin Azərbaycan
ilə 20 ildir tərəfdaşlıq etdiyini vurğulayan
Qordon Birrell bu əməkdaşlığın səmərəli
dialoq və qarşılıqlı etibar əsasında
qurulması və ölkəmizdə hökm sürən
siyasi sabitlik nəticəsində bağlanan sazişlərdə
indiyədək heç bir dəyişikliyin edilmədiyini
diqqətə çatdırdı.
Rusiya
Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov
üzvü olduğu işçi qrupunda regionun böyük
investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər,
onların aradan qaldırılması və digər aktual
mövzularda maraqlı müzakirələr
aparıldığını söylədi.
York
Hersoqu, şahzadə Endryu isə Forumda müasir dövrün
qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi,
xüsusilə telekommunikasiya və
genişzolaqlı internetdən istifadə, həmçinin
sahibkarlıq imkanlarının təşviqi məsələləri
barədə aparılan fikir mübadiləsinin önəmini
qeyd etdi.
Azərbaycan
Dövlət Gömrük Komitəsinin sədri Aydın
Əliyev bildirdi ki, bugünkü müzakirələrin mərkəzində
regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol
infrastrukturuna və logistikaya
investisiya qoyuluşu, həmçinin narkotiklərə və
qaçaqmalçılığa qarşı mübarizəni
gücləndirmək məsələləri dururdu.
Azərbaycan
Prezidenti İlham Əliyev tədbirdə
çıxış etdi.
Dövlətimizin
başçısı bugünkü Forumda siyasi liderlər və
biznes dairələri arasında işgüzar müzakirələrin
aparıldığını vurğuladı. Prezident İlham Əliyev bununla
yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin
enerji ehtiyatlarının hasilatı və
nəqli ilə bağlı iştirakçıların
daha yaxından məlumatlandırılması
baxımından Forumun önəmini xüsusi qeyd etdi. Müstəqil Azərbaycanın
inkişaf tarixinə qısa nəzər salan dövlət başçısı bildirdi ki, 1993-cü ildə
ölkəmizə sərmayə qoyuluşu
ilə bağlı biz dost
dövlətlərə müraciət etdik
və həmin ölkələrin köməyi sayəsində
Azərbaycan neft-qaz potensialından istifadə
etməyə başladı. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun
inkişafına yönəldildi.
Prezident
İlham Əliyev müstəqilliyin ilk illərində ölkə
iqtisadiyyatında özəl sektorun payının sıfır
faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə
çatdığını dedi. Dövlət
başçısı BP və dünyanın digər nəhəng
şirkətləri ilə səmərəli əməkdaşlıq
sayəsində Azərbaycanın
həyata keçirdiyi böyük
layihələrin ölkənin inkişafındakı rolundan danışdı və əlavə etdi ki, əldə olunan gəlirlər insan
kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi
mövqeyə malik ölkəmizin hava,
dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur.
Bütövlükdə bu layihələrin
region ölkələri xalqlarının
rifahına yönəldildiyini söyləyən Prezident İlham Əliyev
Azərbaycanın regional əlaqələrə
üstünlük verdiyini
bir daha
vurğuladı.
Monqolustanın
xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi
Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə
toxunan Luvsanvandan Bold dedi ki, bu sahədə Azərbaycanın təcrübəsi
təqdirəlayiqdir.
Litvanın
Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına
minnətdarlığını bildirdi və müzakirə
olunan mövzuların aktuallığına toxundu. Forumda
iştirak etməkdən şərəf duyduğunu deyən
Litvanın Baş naziri bildirdi ki, Azərbaycan bu tədbirə
layiqincə ev sahibliyi edir.
Tədbirin
yüksək səviyyədə təşkil olunmasına və
qonaqpərvərliyə görə Prezident İlham Əliyevə
minnətdarlıq edən Albaniyanın Baş naziri Sali
Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın
mühüm regional layihələrə imza atmasına
böyük ehtiram bəslədiyini vurğuladı. Sali
Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki
mühüm rolundan da danışdı.
Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirdi ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səsləndi. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende dedi ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olmuşdur. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi (Tədbirdən hazırlanmış geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S. 3.