Azərbaycan
Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər
Şurası arasında əməkdaşlığa dair
Saziş imzalanmışdır
Aprelin 8-də Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə Albaniya Respublikasının Baş
naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Albaniyanın Baş naziri ilə bir il əvvəl
keçirdiyi görüşü xatırlayan Baş nazir
Artur Rasizadə ötən dövr ərzində ölkəmizdə
baş verən sosial-iqtisadi inkişaf tendensiyaları barədə
ətraflı məlumat vermişdir.
Baş
nazir albaniyalı həmkarının Bakıda keçirilən
Dünya İqtisadi Forumunda iştirakını yüksək
qiymətləndirmişdir. A.Rasizadə bunu ölkələr
arasında əməkdaşlıq əlaqələrinin daha
da genişləndirilməsinə öz töhfəsini verəcəyinə
əminliyini bildirmişdir.
Albaniyanın
Baş naziri Sali Berişa Azərbaycanda müşahidə
etdiyi qonaqpərvərliyə və belə bir mötəbər
foruma ev sahibliyinə görə minnətdarlığını
ifadə etmişdir. Forumun yüksək səviyyədə
təşkil olunduğunu diqqətə çatdıran Sali
Berişa Albaniyanın son illər Avropada baş verən
iqtisadi böhrandan uğurla çıxdığını,
hətta ölkəsinin sərmayələrin qoyuluşunda
davamlılığı təmin edə bildiyini də
vurğulamışdır. Qeyd edilmişdir ki, iqtisadiyyatın
inkişafında yüksəliş əldə etmək
üçün bir çox sahələrdə güzəştlər
edilmiş, xüsusilə istehsal üçün ölkəyə
gətirilən xammal vergidən azad olunmuşdur. Həmçinin
kənd təsərrüfatı sahəsində istehsal olunan məhsullar
da vergidən azad olunmuşdur.
Sonda
Azərbaycan Respublikası hökuməti və Albaniya
Respublikası Nazirlər Şurası arasında əməkdaşlığa
dair Saziş imzalanmışdır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.