Dünya
İqtisadi Forumu çərçivəsində “Baku Steel Company” MMC bir sıra
xarici şirkətlərlə işgüzar müqavilələr
imzalamışdır
Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində "Baku Steel Company" MMC-də dünyanın metallurgiya və maşınqayırma sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətləri ilə işgüzar görüşlər olmuş və müqavilələr imzalanmışdır.
AzərTAc
xəbər verir ki, aprelin 8-də şirkətdə
keçirilən ilk görüşdə "Baku Steel
Company" MMC və Almaniyanın "SMS Simag" şirkəti
arasında müqavilə imzalanmışdır. "SMS
Simag" şirkətinin baş direktoru Burxard Dahmen və
"Baku Steel Company" MMC-nin Müşahidə
Şurasının sədri Rasim Məmmədovun
imzaladığı sənəddə bildirilir ki, "Baku
Steel Company" və "SMS Simag" şirkətləri Gəncə
şəhərində soba-çalovdan, kombinə edilmiş
PFTM, habelə Stekel/TLS yayma dəzgahından ibarət
inteqrasiya edilmiş metallurgiya istehsalatının
yaradılması ilə bağlı olan layihənin
eksklüziv öyrənilməsinə dair razılaşma əldə
etmişlər. Görüşdə qeyd edilmişdir ki, gələcəkdə
1,1 milyard avro sərməyə qoyulmaqla, yaxın dövrdə
Sumqayıt Boru-prokat zavodunun yenidən qurulması da
planlaşdırılır. Layihə reallaşdıqdan sonra
1,8 milyon ton hazır məhsul və 1,8 milyon ton bərpa
olunmuş filiz konsentratı istehsal etməyə imkan
yaranacaqdır. Bu layihə Azərbaycanı regionda ən
böyük metal istehsalçısına çevirəcəkdir.
"Baku
Steel Company" şirkətində daha sonra Almaniyanın
"Siemens" VAİ şirkətinin nümayəndələri
ilə də görüş keçirilmiş və
anlaşma memorandumu imzalanmışdır. "Siemens"
VAİ şirkətinin vitse-prezidenti Alferd Pisinger və
"Baku Steel Company" MMC-nin Müşahidə
Şurasının sədri Rasim Məmmədovun
imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə
mövcud filiz saflaşdırma kombinatının yerində
tamamilə yeni, illik hasilatı 5 milyon ton dəmir
konsentratı olan müasir tipli filiz saflaşdırma
kombinatı inşa ediləcəkdir. BSC yeni metallurgiya güclərinin
tikintisinə 300 min avro investisiya qoymaq niyyətindədir.
"Siemens" VAİ texnologiyalar, modernləşdirmə, məhsullar
və xidmətlər sahəsində malik olduğu kompleks
portfeli, habelə elektrik avadanlığı və
avtomatlaşdırma sistemləri sahəsində yüksək
peşəkarlığı ilə metallurgiya sənayesi
üçün avadanlığın bütün istismar
dövrü ərzində aparıcı tərəfdaş
kimi fəaliyyət göstərir. Bu şirkət layihənin
həyata keçirilməsi üçün "Baku Steel
Company" MMC-nin xüsusi avadanlığının
quraşdırılması, mühəndislik, habelə
müvafiq xidmətlərin göstərilməsini təklif və
təchiz etməkdə maraqlıdır.
"Baku
Steel Company" MMC hazırda yeni inşa olunacaq 50 tonluq elektrik
qövs sobasının, yeni yayma xəttinin, müasir qaztutucu
qurğunun və FKO-nun qurulması istiqamətində
"Siemens" VAİ şirkətinə öz sifarişini
vermişdir. Bundan sonra da hər iki şirkət layihənin
işlənib hazırlanması və həyata keçirilməsi
üçün sıx əməkdaşlıq etmək niyyətindədir.
Tədbirdə
Amerikanın "Midrex" şirkətinin nümayəndələri
də iştirak etmişlər.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.