Bakıda
Dünya İqtisadi Forumu çərçivəsində “Azərbaycanın gələcəyinə
baxış: Yeni iqtisadiyyata doğru”
mövzusunda sessiya keçirilmişdir
Aprelin 8-də Bakıda Dünya İqtisadi
Forumu (Davos Forumu) çərçivəsində "Azərbaycanın
gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru"
mövzusunda sessiya keçirilmişdir.
AzərTAc
xəbər verir ki, sessiyada Azərbaycanın öz
potensialından əsasən necə istifadə etməsi və
daha geniş regionda iqtisadi imkanların artırılması
üçün hansı praktiki addımların
atılması məsələləri ətrafında
müzakirələr aparılmışdır.
Sessiyanı
açan Dünya İqtisadi Forumu idarə heyətinin
üzvü və icraçı direktor Borge Brende Cənubi
Qafqaz və Mərkəzi Asiya regionunun inkişafı
üçün bölgə ölkələrinin geniş
potensiala malik olduğunu vurğulamışdır. Qeyd
edilmişdir ki, region ölkələrinin
iqtisadiyyatlarının və bu bölgədə ticarətin
təşviqi nəticəsində ümumi daxili məhsulu hətta
dəfələrlə artırmaq mümkündür.
ABŞ-ın
Azərbaycandakı səfiri Riçard Morninqstar əsasən
enerji və təbii ehtiyatlar mövzusunda
çıxış etmişdir. Azərbaycanda səfir
olmaqdan və bu mötəbər tədbirdə
çıxış etməkdən məmnunluğunu bildirən
diplomat enerji məsələlərinin həm respublikamız,
həm də region üçün əhəmiyyətini
bildirmişdir.
Azərbaycan
və Türkiyənin Avropaya qazın nəqlində
mühüm yol qət etdiklərini vurğulayan səfir TANAP
layihəsinin əhəmiyyətindən
danışmışdır. O bu layihəyə gələcəkdə
qonşu ölkələrin də qoşulması ilə
TANAP-ın əhəmiyyətinin daha da artacağını
qeyd etmişdir.
Prezident
İlham Əliyevin Azərbaycan üçün
iqtisadiyyatın şaxələndirilməsinin önəmli
olması ilə bağlı fikrini tədbir
iştirakçılarının diqqətinə
çatdıran R.Morninqstar bu baxımdan digər sahələrin,
o cümlədən nəqliyyatın, kənd təsərrüfatının,
turizmin, rabitənin, insan kapitalı və s. inkişaf etdirilməsi
üçün yaxşı potensialın olduğunu
vurğulamışdır.
Sessiyada
çıxış edən Azərbaycan Respublikası
Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar
Mövsümov neft gəlirlərinin idarə edilməsi sahəsində
ölkəmizin yaxşı təcrübəsinin və nailiyyətlərinin
olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, DNF
ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu
ildə, ilk növbədə, makroiqtisadi sabitliyin qorunması,
neft gəlirlərinin idarə edilməsi, gələcək nəsillər
üçün əmanətlərin yaradılması məqsədi
ilə təsis olunmuşdur. Neft vəsaitlərindən elə
istifadə edilməlidir ki, həm ondan yararlana bilək, eyni
zamanda, "Holland sindromu"nu yaşamayaq. Biz bu vəsaitlərdən
səmərəli istifadə etmək yolu ilə bir çox
çətinlikləri aradan qaldırmağı bacardıq və
ölkəmiz üçün yeni imkanlar yaratdıq.
Hazırda bu vəsait ölkənin ümumi daxili məhsulunun
yarısına bərabərdir. Belə maliyyə
ehtiyatlarının olmasına bir çox ölkələr həsəd
aparır.
Ş.Mövsümov
Dövlət Neft Fondunun vəsaitlərinin əsasən
infrastruktur sahəsinə yönəldilməsi nəticəsində
çox böyük irəliləyişə nail olunduğunu
vurğulamışdır. Bildirilmişdir ki, bu sahələrdən
biri ölkədə genişzolaqlı internetin
coğrafiyasının artırılmasıdır. Bu isə
özəl sektor üçün böyük imkanlar
yaradacaqdır. Qeyd edilmişdir ki, DNF-in vəsaitlərindən,
həmçinin mühüm strateji əhəmiyyətli layihələrin
reallaşdırılmasında və Azərbaycan gənclərinin
xaricdə təhsil alması proqramında da istifadə olunur.
Prezident İlham Əliyevin "İqtisadi modernləşmə
yüksək təhsilli gənclər olmadan mümkün
deyildir" fikrini diqqətə çatdıran fondun sədri
rəhbərlik etdiyi qurumun bu sahəni xüsusilə diqqət
mərkəzində saxladığını qeyd etmişdir.
"Bakıda
olmaq böyük şərəfdir" - deyən Rusiyanın
Bioenerji Korporasiyasının (BioEnCo) təsisçisi və
Direktorlar Şurasının sədri David Yakobaşvili ölkəmizdə
son illərdə çox böyük, inanılmaz dəyişikliklərin
baş verdiyini vurğulamışdır. Bildirilmişdir
ki, Azərbaycan Prezidentinin səyləri ilə mühüm
nailiyyətlərə imza atılmışdır.
Azərbaycanın
ümumi daxili məhsulunun 48 faizinin təbii ehtiyatlar
hesabına formalaşdığını qeyd edən David
Yakobaşvili 2020-ci ildə bu rəqəmin 20 faiz
olacağını demişdir. Biz təbii ehtiyatları əvəz
etmək strategiyasını düşünməliyik. Bunun əsas
əvəzedicisi Böyük İpək yolunun bərpasıdır.
O bu baxımdan daxili və xarici bazarlara
çıxışın, gömrük və sərhəd
administrasiyalarının səmərəliliyinin və şəffaflığının,
nəqliyyat infrastrukturunun, İKT-nin əlyetərliliyinin və
keyfiyyət tənzimləyici mühitin olmasının əhəmiyyətini
vurğulamışdır. Qeyd edilmişdir ki, bu sahədə
atılmış addımlar növbəti altı ildə Azərbaycana
ümumi daxili məhsulunu iki dəfə artırmağa imkan
verəcəkdir.
Rusiyanın İpoteka Kreditləri Agentliyinin baş icraçı direktoru Aleksandr Semenyaka Xəzər regionunun sürətli iqtisadi inkişafının yeni maliyyə bazarları yaratdığını qeyd etmişdir. Xəzər regionu ölkələrində inflyasiyanın aşağı səviyyəsinə baxmayaraq, bankların faiz dərəcələrinin yüksək olduğunu söyləyən A.Semenyaka demişdir ki, hazırda kommersiya banklarının üzləşdiyi əsas problem uzunmüddətli kapitalın əldə edilməsidir. Bundan çıxış yolu kimi hökumətlərarası səviyyədə uzunmüddətli kapitalın cəlb edilməsi üçün platformalar yaradılmalıdır. Bu platformalar kommersiya banklarının uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanı üçün çox mühümdür. Bu, həm də hökumətlə özəl sektor arasında əməkdaşlıq imkanı yaradır.
Sonra
çıxışlar ətrafında müzakirələr
aparılmışdır.
Müzakirələrdən sonra çıxış edən Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabətlilik Proqramının rəhbəri Antonio Somma demişdir ki, təbii ehtiyatların tükənməsinə iqtisadiyyatların necə hazır olması məsələsi çox böyük əhəmiyyət kəsb edir. Burada əsas məsələ regionda təhlükəsizliyi təmin etməkdir. Enerji ilə əlaqəli olmayan digər sahələrdə investisiya mühitini elə möhkəmləndirmək lazımdır ki, davamlı inkişaf təmin edilsin. Bunun üçün təbii resurslardan əldə edilən gəlirlər elə xərclənməlidir ki, ənənəvi sektorlarda rəqabətlilik yaransın.
Ukraynanın
"KM Core" şirkətinin baş icraçı direktoru
və sədri, Ukrayna üzrə Qlobal Gündəlik (Agenda)
Şurasının rəhbəri Yevgeni Utkin insan kapitalı və
sahibkarlıqla bağlı fikirlərini bildirmişdir.
Azərbaycanın
biliyə əsaslanan iqtisadiyyat yaratmaq istəyi ilə
bağlı Prezident İlham Əliyevin sözləri ilə
çıxışına başlayan Y.Utkin demişdir ki, bu
baxımdan hazırkı dövrdə cəmiyyətlərin
öz biliyi və qabiliyyəti sayəsində kapital
yaratmış qəhrəmanlara ehtiyac vardır. Bu
regionda maliyyə vəsaitləri çoxdur və biliyə əsaslanan
iqtisadiyyata keçid prosesində risklərə hazır olmaq
lazımdır. Yeni qəhrəmanlar yaradılmalıdır və
buna böyük ehtiyac vardır.
Azərbaycanın
iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova
bildirmişdir ki, qlobal dünyada heç bir ölkə
qonşu dövlətlərlə və digər regionlarla ticarət
əlaqələri qurmadan mövcud ola bilməz. Qafqaz və
Mərkəzi Asiya regionunda inteqrasiya və əməkdaşlıq
üçün yaxşı imkanların olduğunu
vurğulayan nazir müavini ticarət axınına əsas
maneələrdən biri kimi sərhəd prosedurunun mürəkkəbliyini
göstərmişdir. S.Həsənova Azərbaycanda və
Gürcüstanda bu problemlərin həlli istiqamətində
xeyli iş görüldüyünü qeyd etmişdir.
Azərbaycanın
son illərdə nəqliyyat şəbəkəsi və
infrastruktur sahəsində böyük layihələr
reallaşdırdığını diqqətə
çatdıran nazir müavini ölkəmizin bir sıra layihələrdə
kreditor kimi iştirak etdiyini bildirərək demişdir ki, təhlükəsizlik
və sabitlik olmadan heç bir biznes imkanı mövcud ola bilməz.
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin sədri
Rüfət Aslanlı Azərbaycanın iqtisadi artım sahəsində
həqiqətən son on il ərzində mühüm
uğurlar qazandığını söyləmişdir. Bu
uğurun davamı üçün şaxələndirmə
lazımdır. Bunun üçün bazar və biznes
qurumları tərəfindən müəyyənləşdirilən
prioritet sahələri hökumət dəstəkləməlidir.
R.Aslanlı
bu baxımdan makroiqtisadi sabitliyin, hökumətin əlverişli
biznes mühitinin yaradılmasına dəstəyinin və
insan kapitalının inkişaf etdirilməsinin önəmini
qeyd etmişdir. Bunun üçün beynəlxalq təcrübədən
faydalanmalı, ardıcıl məqsədyönlü tədbirlər
həyata keçirilməli, qanunun aliliyi təmin
olunmalıdır.
Qırğızıstan
Baş nazirinin birinci müavini Comard Otorbayev Azərbaycanın
region ölkələri üçün model olduğunu diqqətə
çatdırmışdır. Biz istərdik ki, Azərbaycanın
iş adamları Şərqə doğru da sərmayə
qoymağa daha iddialı olsunlar. Qırğızıstan Azərbaycandakı
inkişafdan daha çox təcrübə qazanır. Gəlin
regionumuzu daha konkret olaraq Xəzər bölgəsi
adlandıraq və bu bölgəni ümumi bir vahid məkan
hesab edək.
Sessiya
maraqlı diskussiyalarla başa çatmışdır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.