Bakıda Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış mövzusunda beynəlxalq forumun rəsmi açılışı olmuşdur

 

Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda beynəlxalq forumun rəsmi açılışı olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılış mərasimində iştirak etmişdir.

AzərTAc xəbər verir ki, forumdan əvvəl Leyla xanım Əliyeva "JW Marriott Absheron" hotelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsmişdir.

Leyla xanım Əliyeva "Gəzən kitabxana" ilə tanış olmuşdur.

Bildirilmişdir ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcəkdir. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər. "Gəzən kitabxana"da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilmişdir. Kitabxanada üç dildə nəşrlər var və səkkiz bölmə fəaliyyət göstərir.

Sonra Leyla xanım Əliyeva "Açıq rəf" layihəsi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Açıq rəf" - kitab rəfləridir və bunlar paytaxtımızın müxtəlif məkanlarında yerləşdiriləcəkdir. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir. "Açıq rəf" layihəsinin prinsipi kitab götürüldükdən sonra qaytarılmalı və ya əvəzinə başqa kitab təhvil verilməlidir.

Sonra forum öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev forumu açaraq belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın gənclər və idman naziri Azad RƏHİMOV forumda çıxış edərək demişdir ki, bugünkü gənclər praqmatikliyi, analitik zəkanı yeni yanaşma tərzi, orijinal ideya irəli sürmək qabiliyyəti ilə birləşdirərək dünya iqtisadiyyatına qiymətli töhfə verirlər. Nazir ümidvar olduğunu bildirmişdir ki, Qlobal Gənclər Birliyinin bir il əvvəl Bakıda açılmış nümayəndəliyi kreativ və realist, məsuliyyətli və praqmatik  gəncləri öz ətrafına toplayacaqdır.

Azad  Rəhimov "Global Shapers" cəmiyyətinin strateji dialoqunun aparılmasının təsadüfi olmadığını bildirərək demişdir: "Azərbaycan  Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Respublikamız Avropanın və Asiyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənir, onu  iqtisadi inkişafın özünü doğrultmuş ənənəvi yolları ilə birləşdirir. Əslində, Azərbaycan öz modelini yaradır".

Prezident İlham Əliyevin "Azərbaycanın uğur formulu bir neçə mühüm komponentdən ibarətdir" sözlərini xatırladan nazir demişdir: "Bu, ən yaxşı həyat standartları verən, vətəndaşların istedad və qabiliyyətlərini müstəqil şəkildə reallaşdırmaları üçün bərabər imkanlar açan cəmiyyət quruculuğudur. Bu, innovasiya tipli  iqtisadiyyatın inkişafı  və onun səmərəliliyinin radikal şəkildə artırılmasıdır. Nəhayət, bu, ölkənin rəqabətə davamlılığının inkişaf etdirilməsinin hərəkətverici qüvvəsi kimi  millətin kreativ sinfinin yaradılmasıdır".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva forumda çıxış etmişdir.

 

Leyla xanım Əliyevanın çıxışı

 

- Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizi Azərbaycanda, doğma şəhərim Bakıda salamlamaqdan qürur hissi duyuram.

Dünya İqtisadi Forumunun təşkilatçılarına minnətdarlıq etmək istəyirəm. Onların səyləri ilə bugünkü tədbir yüksək səviyyədə təşkil olunmuşdur.

Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Bunun və digər  amillərin sayəsində dünya məhz bizim regionda ilk neft bumlarından birinin şahidi olmuşdur.

Regionumuz siyasi təfəkkür və dövlətçilik ənənələri, incəsənətin, mədəniyyətin və elmin tərəqqisi ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir. Eyni zamanda, şairlərimizin və filosoflarımızın  əsərləri dünyada milyonlarla insanın qəlbini və zəkasını fəth etmişdir.

Coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır.

Əziz dostlar, elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır.

Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək  münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyil. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün  əməkdaşlıq siyasəti lazımdır. Məhz belə siyasət müxtəlif region və mədəniyyətlərin maraqlarını müvafiq şəkildə nəzərə alıb milli iqtisadiyyatların inkişafını əlaqələndirə bilər.

Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə  qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur.

Bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır.

Hörmətli həmkarlar, Azərbaycan on bir iqlim qurşağının doqquzunun mövcud olduğu, son dərəcə gözəl təbiətə və zəngin biomüxtəlifliyə malik bir ölkədir. Biz də bu sərvəti gələcək üçün qoruyub saxlamaq məqsədi ilə qarşımıza konkret vəzifələr qoymuşuq.

İDEA Beynəlxalq Kampaniyası təşəbbüsü ilə çıxış etməyimizdən artıq demək olar iki il keçmişdir. İDEA kampaniyası  yaradıldığı vaxtdan ətraf mühitin mühafizəsi, habelə gənclər siyasəti sahəsində müxtəlif mexanizmlərin sınaqdan keçirilməsi platformasına çevrilmişdir.

Biz ekologiya məsələlərində gənclərin maarifləndirilməsi və bilavasitə Azərbaycanın və bütövlükdə regionun ətraf mühitinin mühafizəsinə yönəldilmiş layihələrin icrası istiqamətində müəyyən uğurlara nail olmuşuq. İDEA kampaniyası Rusiya WWF ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalamışdır və hazırda Türkiyə WWF ilə analoji sənəd üzərində işləyirik.

İDEA "Böyük Qafqaz beşliyini" - bəbir, canavar, ceyran, qartal və ayını müəyyən etmişdir. Rusiyalı həmkarlarımızla Qafqaz zubrunun qorunmasını da müzakirə edirik. Qeyd etmək istəyirəm ki,  Azərbaycan Avropanın keçən il Qafqaz bəbiri qeydə alınmış yeganə ölkəsidir. İndi vəzifəmiz bu gözəl, lakin nadir və nəsli kəsilməkdə olan növü qorumaq və çoxaltmaqdır.

Qürur hissi ilə qeyd edə bilərəm ki, hazırda İDEA Bakıda və ölkənin bölgələrində ətraf mühit mövzusunda məşğələ və seminarlar keçirir.

Ötən il İDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə Azərbaycan paytaxtında ilk dəfə "Yaşıl həftə" təşkil etmişdir.

Biz "Yaşıl Azərbaycan" proqramını başa çatdırdıq. Bu proqram çərçivəsində ölkənin müxtəlif bölgələrindən 8 mindən çox məktəbli  ətraf mühitin mühafizəsinə dair fakültativ məşğələlərdə iştirak etmişdir. Bundan əlavə, məhz İDEA kampaniyasının təşəbbüsü ilə  ətraf mühitin mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından  Azərbaycan məktəblərinin tədris proqramına daxil ediləcəkdir.

Həmçinin bu yaz Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan həmkarlarımızla birlikdə  köçəri quşlar üçün yuvalar quracağıq.

Lakin biz təkcə təhsil proqramları ilə kifayətlənmirik.  Biz fəaliyyətimizin miqyasını genişləndirmək üçün müxtəlif yolların axtarışındayıq.  Məsələn, hazırda Azərbaycanın hüdudlarından kənarda  ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı  humanitar və mədəni layihələr, habelə ətraf mühitin  mühafizəsinə yönəlmiş layihələr  həyata keçirir.  Bütövlükdə RAGB-nin fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının  bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi  istifadə etməyə imkan verən müsbət amildir.

Əziz dostlar. Bəşər cəmiyyətinin inkişaf tarixi  insanın müxtəlif üsullarla təbiətə təsirinin miqyasının  və onun istismarının gücləndirilməsinin  genişləndirilməsi tarixidir.

İnsanın təbiətə münasibətdə fəaliyyətinin nəticələrinə görə  onun mənəviyyatı, mədəni səviyyəsi, habelə gələcək nəsillər qarşısında sosial məsuliyyəti barədə mühakimə yürütmək olar.

İdeya və planlarımızı  sizə çatdırmaq imkanının verilməsinə  görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən gələcəyə nikbinliklə baxıram. Əminəm ki,  siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə  bəşəriyyətin  ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və  sülhü qoruyub saxlamaq imkanı verəcəkdir.

Sizi bir daha Vətənimdə salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin nadir tarixi irsə malik əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanınız olacaqdır.

Lakin əminəm ki, daha bir amil sizdə unudulmaz təəssürat oyadacaqdır. Bu, mədəniyyətimizin parlaq cəhətlərindən biri olan  qonaqpərvərliyimizdir.

Hörmətli qonaqlar, biz sizi Azərbaycanda təkrar-təkrar  salamlamağa şadıq, çünki qədim inanca görə, "Qonaqsız evin  bərəkəti olmaz".

Diqqətinizə görə minnətdaram.    

 

* * *

 

Sonra forum işini "Qlobal gənclər layihəsi üçün media və ictimaiyyətlə əlaqələr" mövzusunda seminarla davam etmişdir.

Seminarda Olimpiya hərəkatı və Beynəlxalq idman yarışları ilə bağlı xəbərləri yayan "Around the Rings" elektron portalının Yaxın Şərq üzrə nümayəndəsi Paulette Hebert, həmin portalın təsisçisi və baş redaktoru Ed Hula çıxış edərək forumda müzakirə olunan məsələlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışmışdır.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 5.