Heydər Əliyev - 90: Regionların sürətli inkişafı

 

Azərbaycan qəzetinin Ağdaş Rayon İcra  Hakimiyyəti ilə birgə keçirdiyi dəyirmi masa

 

2013-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam imzalamışdır. Sərəncamda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğu qeyd edilmiş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olması xüsusi vurğulanmışdır.

Hazırda sərəncama uyğun olaraq ölkəmizin hər yerində ümummilli liderin 90 illik yubileyi ilə bağlı tədbirlər keçirilir. "Azərbaycan" qəzetinin Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində keçirdiyi "Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır" mövzusunda "dəyirmi masa" da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesində Ağdaş rayonunda qazanılan uğurlarla bağlı müzakirələr aparıldı.

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Bu gün yığışdığımız "dəyirmi masa" günümüzün aktuallığı ilə səsləşən çox böyük əhəmiyyətli bir siyasi və əlamətdar hadisə ilə bağlıdır. Qarşıdan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi gəlir. Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli sərəncamına əsasən ulu öndərin yubileyi dövlət səviyyəsində qeyd olunacaq, ölkənin hər yerində müxtəlif mövzularda tədbirlər keçiriləcəkdir. Artıq bu işlərə start verilib və "Azərbaycan" qəzetinin Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "dəyirmi masa" da bu qəbildəndir.

Hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə alınmaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində, davamlı və sabit tərəqqi yolunda dayanıqlı əsasların müəllifinə çevrilirlər.

XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən yaxından tanınmırdı. Tezliklə hamı Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması xalqın xoşbəxtliyinin başlanğıcı oldu! Elə buna görə də Heydər Əliyevi hamı sevirdi. Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini görürdü. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Qısa zamanda məhz geniş və çoxcəhətli, qızğın fəaliyyəti sayəsində özündən əvvəlki respublika rəhbərlərini kölgədə qoydu. Ulu öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bir günlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı.

Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirdi, paralel şəkildə həyata keçirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Müstəqilliyimizin ilk illərində ölkədə baş verən hadisələr hamımızın yaxşı xatirindədir. O ağır günlərdə hər kəsi yalnız bir sual düşündürürdü: dövləti kimə etibar etmək olar? Bu sual uşaqdan-böyüyədək hamını düşündürürdü. Qərar isə yekdil oldu! Xalq özünün sınanmış və sədaqətli oğlunun, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində görürdü. Ulu öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.

1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ulu öndər qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. Çox böyük müdriklik və uzaqgörənliklə hazırladığı yeni neft strategiyasının həyata keçirilməsi iqtisadiyyatın digər sahələrinin də inkişafına yardım göstərdi, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Siyasi, iqtisadi, hüquqi islahatlar keçirildi, möhkəm qanunvericilik bazası yaradıldı. Qazanılan uğurlar nəticəsində Azərbaycan Avropa Şurasına üzv oldu. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamda deyilir: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir.

Son 10 ildə Azərbaycanın keçdiyi böyük yüksəliş yolu ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesinin bəhrəsidir. Bu prosesin nəticəsində Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf edir, şəhər və kəndlər, qəsəbələr intibah dövrünü yaşayır. Son illərdə dinamik inkişaf edən rayonlardan biri də Ağdaşdır.

İlk çıxış üçün söz Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimova verilir.

 

Tofiq İBRAHİMOV:

- "Azərbaycan" qəzeti və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bugünkü "dəyirmi masa" müstəqil Azərbaycanın böyük qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində həyata keçirilən ictimai-siyasi tədbir olmaq etibarilə, zəmanəmizin görkəmli siyasət nəhəngi, siyasi fəaliyyəti dövründə bütün sınaqlardan şərəflə çıxan dahi şəxsiyyət və sözün tam mənasında böyük insan və müdrik dövlət xadimi olan Heydər Əliyevin zamana sığmayan siyasi fəaliyyətinin xatırlanması baxımından olduqca gərəkli və əhəmiyyətli bir addımdır.

Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişi heç də təsadüfi olmamışdır. Bu dahi insan yüksək idarəçilik qabiliyyəti, analitik düşüncə tərzi, vaxtında düzgün qərar qəbul etmək bacarığı və istedadı ilə yaxın tariximizin superdövlətlərindən biri olan keçmiş SSRİ-nin müttəfiq respublikası - Sovet Azərbaycanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlməklə bu qurumun generalı rütbəsinədək ucalmış ilk azərbaycanlı idi.

Siyasi hakimiyyətə gəlişinin ilk dönəmində - 1969-cu ildə respublikamızın iqtisadiyyatı dərin və uzunmüddətli böhran mərhələsinə daxil olmuşdu. Sənaye və kənd təsərrüfatı, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsi, əməyin məhsuldarlığının göstəricilərinə görə Azərbaycan ümumittifaq respublikaları arasında xeyli geridə idi. Yaranmış vəziyyətdən çıxış məqsədilə köklü struktur dəyişikliklərinin həyata keçirilməsi, təsərrüfatçılıq və iqtisadi stimullaşdırmada yeni metodların tətbiq edilməsi olduqca ciddi addımların atılması zəruriyyətini yaratmışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk gəlişinin tarixini  -1969-cu ili əslində böyük dönüş mərhələsi hesab etmək olar. Dahi şəxsiyyətin respublikanın dinamik inkişafına yönələn yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı, nəhəng enerjisi sayəsində qısa müddət ərzində hazırlanan kompleks inkişaf proqramları tezliklə öz bəhrəsini verməklə xalqın maddi rifahının yüksəlməsinə müsbət təsirini göstərməyə başladı. Rüşvətxorluq və korrupsiya, xalqın əmlakını dağıdanlara qarşı Heydər Əliyevin barışmaz mübarizəsi, onun şəxsiyyətinə olan marağı nəinki Sovetlər İttifaqında, eləcə də bu dövlətin hüdudlarından kənarda da böyük maraq oyatmaqda idi. SSRİ hökumətinin rəhbərliyi Heydər Əliyevin çoxsaylı təşəbbüsləri, dərin məntiqə əsaslanan təklifləri və böyük qətiyyəti sayəsində Azərbaycanla bağlı mühüm qərarlar qəbul edirdi. Bu qərarlar mühüm tarixi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin böyük xidmətləri sayəsində 1970-1985-ci illər Azərbaycanda quruculuq salnaməsinin ən parlaq səhifələrinə çevrildi. Əminliklə demək olar ki, hələ keçmiş SSRİ-nin tərkibində olarkən ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət suverenliyinin və iqtisadi müstəqilliyinin təməlini həmin illərdə yaratdığı iqtisadi potensialla qoya bilmişdi. Təkcə həmin dövrdə 213 sənaye müəssisəsi istifadəyə verilmişdi və həmin müəssisələrin istehsal etdiyi məhsullar dünyanın onlarla ölkəsinə ixrac olunurdu. Azərbaycan aqrar ölkədən aqrar-sənaye respublikasına çevrilmişdi.

Bu illər ərzində Azərbaycan xalqının gərgin əməyi sayəsində respublikamızın paytaxtının və rayonların görkəmi tamamilə dəyişmiş, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyektləri və digər ictimai binalar inşa edilmiş, ictimai yaşayış binaları və fərdi evlərin tikintisi ağlasığmaz dərəcədə artmışdı. Respublikada yaradılan nəhəng energetika sistemi bugünkü dövlət müstəqilliyimiz üçün olduqca mühüm əhəmiyyət daşıyırdı.

Həyatımızın bütün sahələrində əhəmiyyətli dönüşə nail olmaq üçün Heydər Əliyev 1969-1982-ci illərdə yüksəkixtisaslı milli kadr hazırlığını hər zaman ön plana çəkirdi. Həmin illərdə ali təhsil almaqdan ötrü hər il 800-dən artıq tələbə Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər respublikalarında olan nüfuzlu ali təhsil müəssisələrinə göndərilirdi.

Postsovet məkanında dağılma prosesi başlanarkən bir çox ekspertlərin təhlillərində 15 müttəfiq respublika arasında yalnız Rusiyanın və Azərbaycanın tam müstəqil olaraq özünüidarə qabiliyyətinə malik olduğu qeyd olunurdu.

Təəssüf ki, Heydər Əliyev SSRİ rəhbərliyinə irəli çəkildikdən sonra respublika rəhbərliyində təmsil olunan kadrların səriştəsizliyi üzündən ölkəmizdə yaradılan iqtisadi potensial sürətlə zəifləməyə başladı. Ötən əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq keçmiş SSRİ-nin ətrafında cərəyan edən hadisələr, onun çökməsi və eyni zamanda müasir tariximizə hərc-mərclik illəri kimi daxil olan 1991-1993-cü illərdə naşı siyasətçilərin oyunbazlığı, Dağlıq Qarabağ ətrafında yaradılan münaqişə nəticəsində iqtisadi əlaqələrin qırılması ilə SSRİ dövründə min bir əziyyət hesabına yaradılan nəhəng iqtisadi potensial görünməmiş dağıntılara məruz qaldı.

Ölkəmizin dövlət müstəqilliyinə qədəm qoyduğu ilk illərdə Azərbaycanın ərazi bütövlüyünu və dövlət suverenliyini şübhə altına almaq cəhdləri, iqtisadi tənəzzülün aradan qaldırılmasına qarşı ozamankı rəhbərliyin laqeyd münasibəti ölkədaxili vəziyyəti gərginləşdirməkdə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində cəbhədəki hərbi uğursuzluqlar ölkədə siyasi böhranın daha da dərinləşməsinə, vətəndaş qarşıdurmasının artmasına, ölkənin müxtəlif regionlarında baş qaldıran təhlükəli meyillərin güclənməsinə səbəb oldu. Xalqın emosiyaları üzərində hakimiyyətə gələn siyasi qüvvələr ölkədə ictimai-siyasi vəziyyəti daha da gərginləşdirərək Azərbaycanı məhvolma həddinə çatdırdılar.

Ölkə vətəndaşlarının mütləq əksəriyyəti yaxşı anlayırdı ki, vətənimizi böyük fəlakətə sürükləyən məkrli planların qarşısını almağa yalnız Heydər Əliyev qadirdir. Ölkəni düçar olduğu müharibədən, iqtisadiyyatı dərin böhrandan yalnız bu dahi insan çıxara bilərdi.

Xalqın təkidli tələbi ilə ulu öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yenidən ciddi dönüş yaranmağa başladı. Erməni təcavüzünün qarşısının alınması, cəbhə xəttində atəşkəs rejiminə nail olunması, qeyri-qanuni silahlı birləşmələrin tamamilə ləğv edilməsi, hakimiyyəti silahlı yolla devirmək ənənəsinə birdəfəlik son qoyulması müstəqil Azərbaycanın həyatında tamamilə yeni eranın başlanmasına səbəb oldu.

Heydər Əliyevin siyasi fəaliyyətindən danışarkən onun bölgələrin inkişafına verdiyi önəmin üzərində xüsusi dayanmaq lazımdır. Ümummilli liderin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaşın iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarca sənaye obyekti, o cümlədən pambıq emalı zavodu, "Xosrov" Metal Plastmas Məmulatları Zavodu, Ləki Sink Qablar Zavodu, kondisioner zavodunun filialı, Şəki İpək İstehsalat Birliyinin filialı, yerli sənaye kombinatı kimi iri sənaye müəssisələri, kənd kimya birliyi, taxıl məhsulları tədarükü anbarı, qarışıq yem zavodu, nəhəng heyvandarlıq kompleksləri, emal müəssisələri işə düşmüş, rayon ərazisində yüzlərlə kilometr yol asfalt örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, faraş tərəvəz istehsal edən istixana kombinatı, yeni yaşayış binaları, fərdi evlər tikilmiş, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur. Siyasi fəaliyyəti dövründə 5 dəfə Ağdaş rayonuna  səfər etmiş ulu öndərlə keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.

Qeyd olunan dövr ərzində görülən işlər və son 10 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görməkdə olduğu və önəm verdiyi işlərin inkişaf potensialı yaşadığımız və şahidi olduğumuz illərin məsafəsindən çox aydın, parlaq və daha mənalı görünür. Arxada qalan illər Ağdaşın sosial, iqtisadi və mədəni sahələrində misli görünməmiş inkişaf illəri olmuşdur. Təkcə son 10 il ərzində miqyasına görə ölkəmizdə və eləcə də Ağdaşda həyata keçirilən tikinti-quruculuq işlərinə nəinki Azərbaycanla həmsərhəd olan dövlətlərdə, hətta Avropanın bir sıra inkişaf etmiş ölkələrində də rast gəlmək mümkün deyildir. Ağdaşda gedən quruculuq işlərinin əhatə dairəsi ilbəil genişlənməkdədir. Əsaslı təmir olunan, tikilib istifadəyə verilən 23-dən artıq modern ümumtəhsil məktəbləri, müasir olimpiya idman kompleksi, enerji asılılığının tamamilə aradan qaldırılması, tənəzzülə uğramış qaz təsərrüfatı sisteminin yenidən dirçəldilməsi və göstərilən xidmətlərin ərazilər üzrə şaxələndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, şəhərdaxili və kəndlərdə yol infrastrukturunun dönmədən abadlaşdırılması, müasir tələblərə uyğun yeni istehsal sahələri və sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması, şəhərin su-kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində aparılan işlər və yeni sağlamlıq kompleksinin tikilib istifadəyə verilməsi, başlıcası isə, əhalinin güzəranının durmadan yaxşılaşması Prezident İlham Əliyevin rayonumuza göstərdiyi qayğının əyani təzahürüdür.

Yola saldığımız 2012-ci ildə rayonda abadlıq və quruculuq işləri daha böyük vüsət almışdır. Bu gün rayonda ümumi şagird yeri 1460 nəfər olan 9 yeni məktəb inşa olunur. Cari ildə daha 5 ümumtəhsil məktəbinin inşasına başlanacağı gözlənilir.

Hazırda Ağdaş şəhəri ərazisində yeni inzibati mərkəzin yaradılması istiqamətində qızğın iş gedir. Sözügedən mərkəzdə Bayraq meydanının, həmçinin Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP Ağdaş rayon təşkilatı, eyni zamanda dövlət yanğından mühafizə hissəsi üçün inzibati binaların tikintisi sürətlə davam etdirilir. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə inşa olunan 1200 başlıq südlük istiqamətli heyvandarlıq kompleksinin, 2 yaşayış kompleksi və digər xidmət obyektləri, beton, asfalt və qarışıq yem istehsalı zavodlarının inşası rayonun dinamik inkişafının bariz təzahürüdür.

Ağdaşlılar bu qayğıdan sonsuz məmnunluq hissi keçirirlər. Bütün bu uğurların təməlində ulu öndərin bizə miras qoyub getdiyi müstəqil Azərbaycan dövləti, bu dövlətin memarı və qurucusu Heydər Əliyevin müstəqilliyimizi əbədiyyətə çevirmək amalları dayanır. Qürur duyuruq ki, ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev Heydər Əliyevin Azərbaycanda başladığı müasirləşmə proseslərini uğurla davam etdirir. Məhz onun düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycan indi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Cənubi Qafqazın demokratiya yolu ilə inamla inkişaf edən ən qüdrətli dövlətidir.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycan artıq 4 ilə yaxındır ki, iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün ölkəmiz yeni tipli iqtisadiyyat əsasında inkişaf edir. Son illərin uğurları da ölkəmizin iqtisadi inkişaf siyasətinin dərin elmi əsaslarının olduğunu göstərir. İqtisadiyyatda qazanılan uğurların bir səbəbi də iqtisadi sahədə keçmiş ənənələrin bərpa edilməsidir. Keçmiş ənənələrin bərpa olunması və bütövlükdə yeni tipli iqtisadiyyat Ağdaşın yüksəlişində də əsas amilə çevrilib. Təbii ki, bu uğurların qazanılmasında sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı mühüm rol oynayır. Bu mövzuda danışmaq üçün söz Ağdaşda fəaliyyət göstərən "ORELAY" firmasının sahibi Namiq Ədilova verilir.

 

Namiq ƏDİLOV:

- Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirində bir sahibkar kimi mənim çıxış etməyimi ölkəmizin iqtisadiyyatının yüksələn xətt üzrə inkişafının təzahürü kimi qiymətləndirirəm və sahibkarlara yaradılan bu münbit şəraitə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Ötən əsrin axırlarında tarixi proseslərin xaos yaratdığı vaxtlarda tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə gəlmiş Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

Bu layihələrin gerçəkliklərinin əyani sübutunu 90-cı illərin ortalarında primitiv üsulla şirniyyat istehsalı ilə fəaliyyətə başlayan rəhbərlik etdiyim "Orelay" müəssisəsinin timsalında aydın görürük. Fəaliyyətimizin həmin dövrünü xatırlayaraq qeyd etmək istəyirəm ki, sahibkarlığın inkişafı üçün heç bir şərait yox idi. Tez-tez müxtəlif qurum və dövlət orqanları tərəfindən işimizə maneələr yaradılır, müdaxilələr olunurdu. Bu da, təbii ki, fəaliyyətimizin genişlənməsinə, istehsalın həcminin artırılmasına marağımızı azaldırdı. Həmin onilliyin ikinci yarısından başlayaraq ulu öndər tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, lüzumsuz yoxlama və müdaxilələrin qaydaya salınması barədə imzaladığı bir neçə fərman biz sahibkarlara yeni imkanlar yaratdı. Ulu öndərin sahibkarlığın inkişafına olan qayğısı bir sahibkar kimi məni də ruhlandırdı. Özəlləşmənin həyata keçirilməsi, yeni istehsal sahəsinin yaradılması sayəsində imkanlarımızı daha da artırdı. Bu imkandan istifadə edərək fəaliyyətdə olan kiçik seximizi daha geniş bir müəssisəyə çevirdik, yeni, o dövrdəki müasir texnologiyanın tətbiqinə başladıq və 50-yə yaxın yeni iş yerinin yaradılmasına nail olduq.

Bu gün fəxrlə deyə bilərəm ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi qayğı və kömək istehsal etdiyimiz məhsulları respublikamızdan kənara çıxarmağa, istehsalın keyfiyyətini və çeşidini artırmağa ruhlandırır. Əldə etdiyimiz uğurlar ölkəmizin sahibkarlıqla məşğul olan müəssisələri arasında öncül yerlərdən birini qazanmağımıza stimul yaradıb. Hətta cənab Prezidentin regionlara səfəri çərçivəsində rayonumuza 2005-ci il iyulun 7-də birinci gəlişində bizim müəssisədə olması, əmək kollektivi ilə görüşməsi yeni istehsal sahələrinin yaradılmasına əlavə həvəs və maraq yaratdı. Biz bu səfərdən ruhlanaraq istehsal sahəmizi daha da genişləndirdik, yeni növ şirniyyatın istehsalına başladıq. Əlavə olaraq iki yeni istehsal sexi açdıq və işçilərin sayını iki-üç dəfəyədək artırdıq.

Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı fərmanlar sahibkarlığın inkişafına yersiz müdaxilələrin, süründürməçilik hallarının aradan qaldırılmasında mühüm rol oynadı və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması sahəsində əsaslı dönüş yaratdı.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət mexanizmində dəyişiklik aparılaraq regionlarda nümayəndəliklər yaradıldı. Fond tərəfindən güzəştli kreditlərin verilməsi sahibkarlığın inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu. Ölkədə kiçik və orta sahibkarlığın inkişafına verilən dövlət dəstəyi tezliklə öz müsbət nəticəsini göstərdi. Biz də yaradılan bu şəraitdən lazımınca bəhrələndik. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 1 milyon 200 min manat uzunmüddətli kredit aldıq. İstehsalın qurulması üçün lazım olan avadanlıqları Türkiyə, Belçika və Çin Xalq Respublikasından gətirmişik. Həmin avadanlıqlarla saatda 2 ton yaş meyvənin qurudulması imkanı var. Yeni müəssisənin işə düşməsi nəticəsində əlavə 30 iş yeri yaranacaqdır. Hazırda son tamamlama işləri gedir. Bu işlərin görülməsində özəl bölmənin əməkçiləri böyük zəhmət sərf edir və uğurlar qazanırlar. Bu isə ilk növbədə iş adamlarına göstərilən gündəlik qayğı və diqqətin nəticəsidir.

Müəssisəmizin qazandığı uğurların bəhrəsi bizim bu yaxınlarda Bakıda cənab Prezidentin sədrliyi ilə keçirilən regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasının 4-cü ilinə həsr olunmuş konfransda iştirakımıza və mənim çıxış etməyimə şərait yaratdı. Prezident İlham Əliyevin həmin konfransdakı nitqindəki əsas məqamlardan biri özəl bölmənin imkanlarından səmərəli istifadə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında səylərimizin gücləndirilməsidir.

Bu baxımdan biz də uğurları daha da genişləndirməyi qarşımıza məqsəd qoymuşuq.

 

Bəxtiyar SADIQOV:

- İqtisadi yüksəliş dövlət tərəfindən mühüm sosial layihələrin həyata keçirilməsi ilə müşayiət olunur. Müxtəlif sosial yardımlar, müavinətlər verilir, əhalinin məşğulluq, xüsusi kateqoriyadan olan vətəndaşların mənzillə təmini, gənclərin və ahılların spesifik problemlərinin həlli istiqamətində xeyli işlər görülür. Bunun nəticəsidir ki, ölkəmizdə son 9 ildə 1 milyondan artıq yeni iş yeri açılıb, ünvanlı dövlət sosial yardımı həyata keçirilir. Yoxsulluğun səviyyəsi də minimuma enib. Təbii ki, sosial uğurlar Ağdaş rayonunda da hiss olunur və Ağdaş bələdiyyəsinin sədri Hənifə Yusifovanın çıxışı bu barədədir.

 

Hənifə YUSİFOVA:

- Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti özünəməxsus yer tutur. Ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə dönüş, elmin, təhsilin və mədəniyyətin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, zəngin təcrübəsi və uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasını və xalqımızın müstəqillik arzusuna çatmasını təmin etmişdir.

Siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər buraxmış ulu öndərin müdrik siyasətinin yeni tarixi şəraitdə Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsi nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz önündədir. Memarı ulu öndər Heydər Əliyev olan ölkəmizdə bu gün yüzlərlə yeni obyektlər, məktəblər, xəstəxanalar, idman kompleksləri, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, müasir standartlar səviyyəsində yeni yollar salınır.

Prezident İlham Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, əhalinin maddi rifah halının yüksəldilməsi, insanların layiqli həyat tərzinin təmin olunması istiqamətində də mühüm addımlar atılmaqdadır.

Ölkəmizin hər bir bölgəsində olduğu kimi, rayonumuzda da sosial sahəyə diqqət və qayğı artırılmış, həyata keçirilən sosial infrastruktur layihələri əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan iritutumlu infrastruktur layihəsi olan Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində rayonda suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator qurğusu tikilmiş, şəbəkəyədək olan magistral boru xətləri dəyişdirilmiş, "Su-kanal" idarəsi üçün yeni inzibati bina və istehsal bazası inşa edilmişdir. Hazırda layihənin əsas hissəsinin icrası - su və kanalizasiya xətlərinin çəkilişi sahəsində işlər davam etdirilir.       

Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Ağdaş şəhərinin Heydər Əliyev parkı ərazisində genişmiqyaslı yenidənqurma işləri aparılır, parkın ümumi görkəmi dəyişdirilir. Burada əhalinin hər bir təbəqəsinin - qadınların, ahılların, gənclərin və uşaqların mənalı istirahəti üçün münasib şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Rayonda ailə dəyərləri müntəzəm təbliğ olunur, insanlara, xüsusən də qadınlara hüquqları izah edilir. Gənclərin bilikli, savadlı və yüksək intellektual səviyyəli vətəndaşlar kimi yetişmələri istiqamətində vəzifələr uğurla həll edilir, onların məşğulluğunun təşkilinə, vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirlər həyata keçirilir. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə Ağdaş Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunur.

Gənclərin dünyagörüşünün artırılması, mədəniyyətimizin, tariximizin öyrənilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında danılmaz rolu olan rayon tarix-diyarşünaslıq muzeyində və muzeydən kənarda mədəni-kütləvi işlərin aparılması, xüsusilə də tematik və açıq tarix dərslərinin keçirilməsi praktikasından geniş istifadə olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsi yolu ilə gənclərin dünyagörüşünün genişləndirilməsində rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yaratdığı imkanlardan geniş istifadə olunur.

Rayonda əhalinin güzəştli kateqoriyalarından olan müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili məqsədilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin başlıca məqsədi dövlət qayğısına xüsusi ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılmasıdır. Rayonda sosial problemlərin həlli və insanların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər də rəğbətlə qarşılanır.

Son dövrlər dövlət tərəfindən müharibə əlilləri və şəhid ailələri üçün Ağdaş şəhərində 48 mənzilli yeni yaşayış binası, həmçinin rayonun kənd yaşayış məntəqələrində 13 fərdi yaşayış evi tikilmiş, 33 nəfər əlilə pulsuz minik avtomobili verilmişdir.

Hazırda 100 şəhid ailəsi, 62 nəfər Qarabağ müharibəsi, 29 nəfər Çernobıl və 11 nəfər Böyük Vətən müharibəsi əlili, ümumilikdə 202 nəfər güzəştli insan rayon icra hakimiyyətində mənzil növbəsindədir. Məhz buna görə də gələcəkdə əlillər və şəhid ailələri üçün yeni yaşayış binalarının tikintisi ilə bağlı məsələ qaldırılmışdır.

2012-ci ildə Ağdaş rayonunda 1899 ailəyə ünvanlı sosial yardım, 324 nəfər şəhid ailəsinə və müharibə əlilinə prezident təqaüdləri, 3556 nəfərə digər sosial müavinətlər, 324 nəfər müharibə veteranına güzəştlərlə bağlı müavinət ödənilmişdir. 207 nəfər tənha və kimsəsiz şəxsə sosial xidmət göstərilmiş, 33 nəfər əlilə sanatoriyalara yollayış verilmişdir.

Ölkəmizdə insanların həyat səviyyəsinin yaxşılaşdırılması qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi, mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, çoxmərtəbəli binaların inşası, həm də onların məşğulluq səviyyəsinin artırılması prosesi böyük uğurla davam etdirilir. Bütün bunlar Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının təzahürüdür və bu, yalnız qaçqın və məcburi köçkünlər deyil, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır.

Rayonumuzun ərazisində 3359 nəfərdən ibarət 840 məcburi köçkün ailəsi var. Ağdaş şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlər kiçik bizneslə, kənd yerlərində yaşayanlar isə heyvandarlıqla məşğuldurlar. Məcburi köçkünlərə bayram günlərində ərzaq yardımları göstərilir, onlarla yaşayış yerlərində görüşlər keçirilir, qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmələri təmin olunur.

Qeyd etmək istərdim ki, rayonda məcburi köçkünlərin əksəriyyəti sosial obyektlərdə məskunlaşmışdır. Eyni zamanda, onların məskunlaşdıqları binalar uzun müddət təmir olunmadığından qəzalı vəziyyətə düşmüşdür. Rayon mərkəzində 114, qəsəbə və kəndlərdə isə 726 məcburi köçkün ailəsi üçün yeni şəhərciyin salınması məqsədilə 23 ha torpaq sahəsi ayrılmış, həmin ərazidə yaşayış evlərinin tikintisi barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmışdır. İnanıram ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaqdır.

Çıxışımın sonunda əmin olduğumuzu bildirmək istərdim ki, iqtisadi qüdrətini günbəgün artıran Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, sosial sahədə də qarşıya çıxan bütün problemləri tamamilə həll edəcəkdir!

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanın bugünkü yüksəlişini abadlıq və quruculuq işləri olmadan təsəvvür etmək mümkün deyil. Çünki bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır. İndi paytaxt Bakı başda olmaqla, ölkənin hər yerinin siması gözəlləşir, müasirləşir. Bu gün Azərbaycanın hətta cəbhə bölgələrindəki kənd və qəsəbələr də gülüstana dönüb. Abadlıq və quruculuq işləri Ağdaşda da əsas fəaliyyət istiqamətidir. Burada da rayon mərkəzi və kəndlər daha müasir görkəm alır, abadlaşır, zəruri infrastrukturların yaradılması ilə quruculuq  prosesi gedir. Bu mövzuda sıxış üçün söz Ağdaş aqroservis filialının müdiri Məzahir Mustafayevə verilir.

 

Məzahir MUSTAFAYEV:

- Əhalisinin sayı artıq 100 min nəfəri ötmüş Ağdaş rayonunda sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərinin əsası hələ ulu öndər, xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur. Bu illərdə Ağdaşda geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir. İndi rayon sakinləri şəfa tapmaq məqsədilə üz tutduqları mərkəzi rayon xəstəxanası, 25-dən artıq ümumtəhsil, məktəbəqədər və peşə məktəbi, keçmiş kənd təsərrüfatı texnikumu, mədəniyyət ocaqları və digər təyinatlı müasir tipli binalar ötən əsrin 70-80-ci illərində tikilmişdir.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı fərqli mülkiyyət münasibətləri zəminində yeni inkişaf perspektivlərini ortaya qoydu. Müstəqilliyinin artıq üçüncü onilliyini yaşayan Azərbaycanın bugünkü uğurları və dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurla reallaşdırılmasıdır. Sayca ikinci dövlət proqramı artıq beşinci ilinə qədəm qoyub. Bu proqramın icrası ərzində bütün bölgələr kimi, Ağdaş rayonunun da siması əhəmiyyətli dərəcədə dəyişmiş, əhaliyə kommunal xidmətlərin göstərilməsi, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə, təhsil və idman infrastrukturunun yeniləşməsində mühüm dönüşə nail olunmuşdur.

Son 9 ildə dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 9 yeni məktəb tikilmiş, 7 məktəbdə əlavə sinif otaqları inşa edilmiş, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunmaqla bu təhsil müəssisələrində 7 min nəfərə yaxın şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. 2012-2013-cü dərs ili ərəfəsində rayonun əsaslı təmir olunan S.Vurğun adına şəhər tam orta məktəbi, Abad və Ovculu kəndlərində inşa olunan yeni məktəb binaları tikilərək şagird və müəllimlərin ixtiyarına verilmiş, Şordəhnə, Qəribli kəndlərində inşa olunan məktəblərin, Qolqəti və Ərəbocağı kəndlərində kənd həkim məntəqələrinin tikintisi və 11 saylı bağçanın əsaslı təmiri başa çatmışdır. Kotanax, Cardam, Eymur, Qaradağlı, Qaroğlan kəndlərində və 1 saylı şəhər uşaq bağçasında başlanmış tikinti işləri davam etməkdədir.

Habil Əliyev adına Ağdaş Musiqi Məktəbinin, 100 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikilib istifadəyə verilməsi, Ağdaş Regional Elektrik Yarımstansiyasının inşasına başlanması, Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin yenidən qurularaq istifadəyə verilməsi, habelə rayonda aparılan abadlıq və yenidənqurma işləri inkişafın həqiqi mənzərəsini əks etdirir.

Bununla belə, 2012-ci ildə rayonun inzibati-ərazi bölgüsündə edilən dəyişikliklər rayonda tikinti, abadlıq-quruculuq işlərinin sürətinin daha da artmasına səbəb olmuşdur. Hazırda rayonda yeni inzibati mərkəzin yaradılmasına başlanmaqla şəhər ərazisinin xeyli dərəcədə genişləndirilməsi nəzərdə tutulur. Belə ki, sözügedən inzibati mərkəzdə Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP Ağdaş rayon təşkilatı və Dövlət Yanğından Mühafizə Xidməti üçün yeni inzibati binalar tikilməkdədir. Yeni iş yerlərinin yaradılması məqsədilə rayon ərazisində beton zavodu, kərpic və dam örtüyü materialları istehsalı müəssisələrinin inşasına başlanmışdır.

Abadlıq-quruculuq işlərinin coğrafiyasına şəhərin su və kanalizasiya şəbəkəsinin yenidənqurulması istiqamətində ikinci mərhələyə aid işlərin icrası, Heydər Əliyev prospektinin daha da genişləndirilməsi, çoxmənzilli yaşayış binalarının həyətinin abadlaşdırılması, Şəhidlər xiyabanında yenidənqurma işləri, şəhərə bitişik qəbiristanlıqların ətrafına daş hasarların çəkilməsi və digər tədbirlər daxildir. Artıq bu istiqamətdə başlanmış işlərin bir hissəsi yekunlaşmışdır. Rayon ərazisindən keçən magistral yolların tikintisi rayonda sahibkarlıq subyektlərinin yeniləşməsini zərurətə çevirmiş, hazırda bu istiqamətdə böyük canlanma hiss olunur.

Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı imzaladığı sərəncamda qeyd olunduğu kimi, bu gün həqiqətən Azərbaycan böyük tikinti meydanını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır.

Şərhə ehtiyacı olmayan bu mənzərə ölkənin hər bir regionu üçün səciyyəvi bir hala çevrilmişdir. Doğma Ağdaşın timsalında bu yeniləşmə bariz təcəssümünü tapmışdır. Əminliklə bildirmək istərdik ki, dövlət başçısının rayonumuzun hərtərəfli inkişafına göstərdiyi qayğıya əməli işimizlə cavab verməklə quruculuq və yeniləşmə işlərini əzmkarlıqla davam etdirəcəyik.

 

Bəxtiyar SADIQOV:

- Bir qədər əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdaş rayonunda görülən işlərdən söz açıldı. Bəli, Heydər Əliyev Fondu yarandığı ilk gündən Azərbaycanda bütün istiqamətlər üzrə mühüm sosial layihələr həyata keçirir. Fondun təhsil, səhiyyə, idman, mədəniyyət sahəsində gördüyü işlər Azərbaycanın yüksəlişinə, ölkəmizdə insanların rifahının yüksəlişinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Ağdaşda da xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilib. Bu barədə danışmaq üçün söz Maqsud Şeyxzadə adına gimnaziyanın direktoru Şəhla Hacıbalayevaya verilir.

 

Şəhla HACIBALAYEVA:

- 2013-cü il müstəqil Azərbaycanın ictimai-siyasi həyatında olduqca zəngin, tarixi baxımdan müstəsna əhəmiyyətli hadisələrlə müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında imzaladığı sərəncam əslində ölkəmizdə Heydər Əliyev ilinin elan edilməsi kimi səciyyələndirilə bilər. Sərəncamda qeyd olunduğu kimi, Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcılarından biri olmaqla, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Qloballaşan dünyada Azərbaycanda milli-mədəni irsin qorunması, insanlarda ümumbəşəri dəyərlərə hörmət ruhunun formalaşdırılması, xalqımıza məxsus zəngin adət-ənənələrin gələcək nəsillərə çatdırılması cəmiyyətimizin ictimai-sosial sifarişinə çevrilmişdir. Müdrik şəxsiyyət olan Heydər Əliyevin cismani ayrılığından sonra dövlətçilik siyasətinin başlıca qayəsi olan insanlara təmənnasız qayğı, cəmiyyətə ləyaqətlə xidmət etmək kimi missiyanı həyata keçirmək üçün yeni bir qurumun təşkilinə  ehtiyac hiss olunurdu.

2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Heydər Əliyev Fondu ilk gündən xalqımızın milli-mənəvi sərvətlərinin sadiq keşikçisinə çevrildi. Fondun başlıca məqsədlərindən biri ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, eyni zamanda milli-mədəni, tarixi dəyərlərimizin təbliğinə nail olmaqla ölkəmiz haqqında dünyada düzgün fikir formalaşdırılması olmuşdur.

Heydər Əliyev Fonduna Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik edir. Məhz Mehriban xanım Əliyevanın sayəsində bu illər ərzində xeyirxahlığın ali ünvanına çevrilən Heydər Əliyev Fondu qarşıya qoyduğu vəzifələrin icrasını layiqincə yerinə yetirməklə xalqın böyük etimadını qazanmışdır. Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən genişmiqyaslı sosial proqramların icrası sayəsində əldə etdiyi davamlı uğurları, insanlara göstərdiyi şəfqət və mərhəmətlilik missiyası ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından xeyli uzaqlarda o cümlədən beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Təhsil işçisi olduğum üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən layihələrdən söz açmaq istəyirəm. Məlumdur ki, fondun təhsil sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi idi. Bu layihənin əsas məqsədi müstəqil Azərbaycanda təhsilin çağdaş dünyanın tələbləri səviyyəsinə qaldırılmasına, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi yetişməsinə nail olmaq idi. Fondun prezidenti Mehriban xanım Əliyevanın bu layihənin uğurla icrası istiqamətində atdığı addımlar onun yüksək vətənpərvərliyinin və xeyirxahlığının bariz sübutu kimi tarixə yazıldı.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaşda təhsilin inkişafına birbaşa təsir edən problemlərin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradan işlərin həyata keçirilməsi - Pirkəkə kəndində 200 şagird yerlik yeni məktəb binasının tikintisi, keçmiş internat məktəbi, hazırda Maqsud Şeyxzadə adına təbiət, texniki və humanitar fənlər təmayüllü gimnaziya kimi fəaliyyət göstərən yeni tipli təhsil müəssisəsinin əsaslı təmiri, Habil Əliyev adına Musiqi Məktəbinin tikilərək ən müasir avadanlıqlarla təchiz olunması rayonda təhsilin və mədəniyyətin inkişafına göstərilən qayğının ən böyük ifadəsi olmuşdur.

Yaranmış fürsətdən istifadə edərək bildirmək istərdim ki, rəhbərlik etdiyim təhsil müəssisəsi olan M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın pedaqoji kollektivi əldə etdiyi yüksək təhsil uğurlarına görə 2011-ci ildə möhtərəm Prezidentin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi adını qazanmaqla 10 min manat pul mükafatına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun hər il bilik günü ərəfəsində ənənəvi olaraq məktəblərə ilk dəfə qədəm qoyan şagirdlərə göndərdiyi məktəbli çantaları Ağdaş rayonunda təqribən 1500 nəfərə yaxın məktəbliyə hədiyyə olunmaqla əhalinin bütün təbəqələri, eləcə də aztəminatlı ailələr tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın regionlara kömək konsepsiyasının tələbləri baxımından rayonda vaxtaşırı olaraq Milli Oftalmologiya Mərkəzinin, eyni zamanda əhaliyə terapiya, kardiologiya, ginekologiya, laboratoriya və digər profilləri üzrə yüksək səviyyəli həkimlər tərəfindən pulsuz tibbi xidmət göstərilməsi ənənə şəklini almışdır.

Ağdaşlılar ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, vətənimizin qüdrətlənməsi naminə həyata keçirilən tədbirlərin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın humanizmini, vətənpərvərliyini yüksək dəyərləndirərək ona yeni-yeni uğurlar arzulayırlar.

"Dəyirmi masa"da çıxış edən Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri, "Tərəqqi" medallı Rafiq Nəbiyev və əməkdar müəllim Akif Hacızadə ulu öndər Heydər Əliyevin müasiri olmaları ilə fəxr etdiklərini bildirdilər. Qeyd etdilər ki, ötən əsrin 70-ci illərində Azərbaycanın geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrilməsi həmin dövrü yaşamış insanlar kimi onların gözü qarşısında baş verib. Bu yüksəliş məhz Heydər Əliyevin uzaqgörənliyi, dahiliyi və cəsarəti sayəsində mümkün olub. Həmin dövrdə kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi gücləndirildi, bu sahədə fəaliyyət stimullaşdırıldı və nəticə etibarilə aqrar istehsalda artım baş verdi. Eləcə də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənaye müəssisələri də məhz o illərdə yaradıldı.

Çıxışlarda o da vurgulandı ki, vaxtilə Heydər Əliyevin həyata keçirdiyi inkişaf və quruculuq siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bütün Azərbaycan ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır. Ona görə də qarşıdan gələn prezident seçkirlərində xalqın ən layiqli namizədi məhz cənab İlham Əliyev olacaq.

"Dəyirmi masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:

- Heydər Əliyev siyasətinin Azərbaycana nələri bəxş etdiyini siz burada Ağdaş rayonunun timsalında diqqətə çatdırdınız. Bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilməsinin nəticəsidir ki, indi respublikamızın ərazisi başdan-başa tikinti-quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan vətəndaşının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son bir neçə ildə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişmişdir.

Məhz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda öz nüfuzunu sürətlə artırır. Elə 2012-ci ilin yekunlarına nəzər salsaq, bunu aydın görərik. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başlaması, Bakıda "Avroviziya" mahnı müsabiqəsinin, futbol üzrə qadınlar arasında dünya çempionatının və digər beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirilməsi, TANAP layihəsinin icrasına başlanılması, XXX London Yay Olimpiya Oyunlarında Azərbayanın möhtəşəm tarix yazması, nəhayət, 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi tərəfindən ilk Avropa İdman Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi ölkəmizin artan nüfuzunun növbəti möhtəşəm təsdiqidir. Bütün bu uğurların hər biri özlüyündə Azərbaycanın, sözün əsl mənasında, müstəqil dövlət olduğunu təsdiqləyən faktorlardır.

Qarşıdan isə növbəti prezident seçkiləri gəlir. Artıq Azərbaycan ictimaiyyəti müxtəlif səviyyələrdə bu seçkidə cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Əminik ki, xalqımız bu seçkidə də cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev kursunun davamına səs verəcəkdir! Çünki bu kursun alternativi yoxdur!

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 6-7.