Bakıda
keçirilən Dünya İqtisadi
Forumu Türkiyə mətbuatının
diqqət mərkəzindədir
Bakıda keçirilən "Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq"
mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) Türkiyənin
nüfuzlu kütləvi informasiya
vasitələrinin diqqət mərkəzindədir.
Bakıdan
hər saat canlı reportajlar yayımlayan Türkiyənin
"Kanal 7" televiziyasının "Haber 7" internet
saytında yerləşdirilmiş "Əliyev Azərbaycan
ilə bağlı bütün məlumatları
açıqladı" başlıqlı xəbərdə
bildirilir ki, Azərbaycan Prezidenti Dünya İqtisadi Forumunun
açılışındakı
çıxışında son 10 ildə Azərbaycanın
sürətli sosial və iqtisadi inkişafı ilə əlaqədar
faktları açıqlamışdır. Azərbaycan
dövlətinin başçısı bildirmişdir ki,
aparılmış ardıcıl islahatlar nəticəsində
işsizliyin səviyyəsi 2,5 faizə, inflyasiya 1 faizə,
yoxsulluq isə 6 faizə düşmüşdür.
Digər
nüfuzlu televiziya kanalları - "SkyTürk", NTV,
CNNTürk, BloombergHT, "24 Haber" Bakıdan operativ xəbərlər
vermiş, Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner
Yıldızın Dünya İqtisadi Forumundakı
çıxışlarının xülasəsini
yayımlamışlar.
Türkiyənin
"Anadolu", "Cihan" və "İhlas" xəbər
agentliklərinin internet saytlarında da Bakıda keçirilən
Dünya İqtisadi Forumundan xəbərlər və fotoşəkillər
yerləşdirilmişdir. Bu xəbərlər "Hürriyyət",
"Milliyyət", "Zaman", "Star" və digər
qəzetlərin də ən mühüm informasiyaları
arasında yer almışdır.
Bütün
xəbər və reportajlarda bu mötəbər forumun Azərbaycan
paytaxtında keçirilməsinin ölkəmizin regionun və
dünyanın nüfuzlu dövlətinə çevrildiyinin
göstəricisi olduğu vurğulanmışdır.
Oqtay BAYRAMOV.
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.