Ellina Kim: Qlobal Gənclər Birliyinin Bakı forumu elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm töhfələr verəcəkdir

 

"Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakı forumu elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm töhfələr verəcəkdir".

Bu sözləri aprelin 7-də AzərTAc-a müsahibəsində Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda gənclər forumunun iştirakçılarının "Coca-Cola" şirkətinin rəsmiləri ilə keçirilən görüşündə iştirak edən "Mir" telekanalının Tacikistandakı müxbiri Ellina Kim demişdir.

Azərbaycanda ikinci dəfə olmağından məmnunluğunu ifadə edən E.Kim forumun yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır.

Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq forumun müxtəlif ölkələrdən olan insanları bir araya toplaması baxımından əhəmiyyətini də qeyd etmişdir.

Tacikistanlı müxbir vurğulamışdır ki, bu forum xalqların, dövlətlərin yaxınlaşması, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində atılmış ən əhəmiyyətli addımlardan biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan E.Kim ölkəmizin haqlı mövqeyinin beynəlxalq arenada dəstəkləndiyini söyləyərək demişdir: "Bu münaqişənin tez bir zamanda həlli, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan qoşunlarının çıxarılması regionda sülhün və sabitliyin bərpa olunması ilə nəticələnəcəkdir".

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.