Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilir
Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turniri keçirilir. Turnir Vergilər Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.
Turnirin açılış mərasimində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirmişdir ki, Azərbaycanda şahmatın zəngin inkişaf yolu var və şahmat ölkəmiz üçün ənənəvi idman növlərindəndir. S.Ələkbərov vurğulamışdır ki, bu əqli idman növünün respublikamızda sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində şəhər və rayon mərkəzlərində şahmat məktəbləri və klublarının açıldığını, şahmata marağın kütləvi xarakter aldığını və Azərbaycan şahmat məktəbinin formalaşdığını deyən nazir müavini hazırda Prezident İlham Əliyevin şahmatın inkişafına böyük diqqət yetirdiyini, bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzalandığını söyləmişdir. Qeyd etmişdir ki, şahmatçılara göstərilən dövlət dəstəyinin nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır.
Sonra turnirin
ilk oyunları keçirilmişdir. Vergi orqanlarının bütün
struktur bölmələrinin
nümayəndələrinin iştirak etdiyi, olimpiya sistemi üzrə keçirilən
turnir aprel ayının 27-də başa
çatacaq.
Azərbaycan.-2013.-9
aprel.-S.12.