Beynəlxalq forumun iştirakçıları Sumqayıt
texnoparkında olmuşlar
Bakıda keçirilən "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iştirakçıları aprelin 7-də Sumqayıtda olmuşlar.
AzərTAc
xəbər verir ki, gənc sahibkarlar, alimlər, Beynəlxalq
təşkilatların nümayəndələri, Cənubi
Qafqaz və Mərkəzi Asiyadan olan tələbələr iri istehsalat kompleksi - Sumqayıt
texnoparkı (STP) ilə tanış olmuşlar.
Qonaqları
səmimi qarşılayaraq müəssisənin
icraçı direktoru Sahib Musayev bildirmişdir ki, Azərbaycanda
qeyri-neft sektorunun inkişafını strateji məsələ
elan edən Prezident İlham Əliyev ölkədə
texnoparkların yaradılması təşəbbüsü ilə
çıxış etmişdir. Texnoparklar regional innovasiya
zonasının formalaşdırılması layihəsi
çərçivəsində qurulacaqdır. Sumqayıt
texnoparkının yaradılması Azərbaycanın sənaye
sektorunda iri infrastruktur layihələrinin həyata
keçirilməsinə istiqamətlənmişdir.
STP-nin
inzibati binasında müəssisənin təqdimatı
olmuşdur. Bildirilmişdir ki, qısa müddətdə 250
hektarlıq ərazidə Cənubi Qafqazda unikal müasir
texnopark yaradılmışdır. Artıq burada 13 zavod
müvəffəqiyyətlə işləyir, il ərzində
daha üç müəssisə açılacaqdır.
Sumqayıt texnoparkı bütövlükdə özündə ixracat məhsulları istehsal edən
30 zavod və sexi birləşdirəcəkdir.
Texnopark
- regionda bənzəri olmayan, istehsalın müxtəlif
növləri üzrə ixtisaslaşmış zavodlar
kompleksidir. Kabel, elektron avadanlığı, dəqiq mexanika,
presləmə, alüminium və mis çubuqlar, günəş
kollektorları istehsalı, polimer məmulatlar, texniki qazlar,
sink zavodlarının fəaliyyəti haqqında qonaqlara
müfəssəl məlumat
verilmişdir. Bildirilmişdir ki, burada Fransa, Almaniya,
Yaponiya, İsveç və digər ölkələrdən məşhur
istehsalçıların avadanlığı
quraşdırılmışdır. Texnoparkda istehsal olunan xammalın keyfiyyətinə
xüsusi diqqət yetirilir.
Qonaqlar
öyrənmişlər ki, parkda istifadə edilən
texnologiya nəinki Azərbaycan üçün, hətta
bütün regionda yenilik hesab olunur. Məsələn, bəzi alternativ enerji mənbələri
qurğularının MDB ölkələrində analoqları
yoxdur. Qeyd olunmuşdur ki, 2012-ci
ildə STP iki beynəlxalq İSO standartı
almışdır ki, bu da texnoparkın məhsullarının
dünya bazarına çıxmasına imkan
yaratmışdır. Texnoloji parkın məhsulları
Almaniya, Rusiya, Gürcüstan və Özbəkistanda Beynəlxalq
sərgilərdə nümayiş etdirilmişdir.
Sonra
qonaqlar texnoparkın ərazisinə avtobus gəzintisinə
çıxmışlar. Onlar parkın bir sıra işlək
müəssisələrində olmuş və parkdan xoş təəssüratlarla
ayrılmışlar.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.