Cüdoçularımız Avropa kuboku uğrunda yarışlarda uğurla çıxış edirlər

 

Azərbaycanı beynəlxalq arenada təmsil edən "Qəbələ" cüdoçuları vətənə medallarla qayıdırlar. Yunanıstanın Saloniki şəhərində keçirilən Gənclərin Avropa Kuboku uğrunda yarışında iştirak edən çüdoçularımız Mehman Sadıqov və Cəlil Cəlilov onlara bəslənən ümidləri doğrultmuşlar.

55 kq çəki dərəcəsində çıxış edən Mehman Sadıqov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. Mehman finalda gürcü Georgi Saçhalelini məğlub etmişdir. Digər idmançımız - 66 kq çəki dərəcəsində finala qədər uğurla irəliləyən Cəlil Cəlilov qızıl medal uğrunda görüşdə Gürcustan təmsilçisi Andro Beluaşviliyə məğlub olmuş və gümüş medala yiyələnmişdir.

Ümumilikdə Azərbaycan idmançıları indiyədək turnirdə 4 medal qazanmışdır. Telman Vəliyev (60 kq) və Afiq Səfərli (73 kq) bürünc medala sahib olmuşlar.

 

 

Azərbaycan.-2013.-9 aprel.-S.12.