“Cənubi Qafqaz və Mərkəzi
Asiya: 2020-ci ilə baxış” mövzusunda
Dünya İqtisadi Forumu çərçivəsində “Coca-Cola” şirkətinin
rəsmiləri ilə görüş keçirilmişdir
Aprelin 7-də Bakıda "Cənubi Qafqaz və
Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda
Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində
"Coca-Cola" şirkətinin rəsmiləri ilə
görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüşdə Cənubi Qafqaz və
Mərkəzi Asiya ölkələrindən 80-dən çox
gənc iş adamı, hökumət rəsmiləri, alimlər,
beynəlxalq təşkilatların nümayəndələri
və tələbələr iştirak etmişlər.
Tədbirdə
çıxış edən "Coca-Cola" şirkətinin
Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə
prezidenti, Beynəlxalq Füturoloqlar Dərnəyinin idarə
heyətinin üzvü Qalya Frayman Molinas, şirkətin Qafqaz
və Mərkəzi Asiya üzrə baş meneceri Luici Panaino
region ölkələrinin gəncləri arasında dialoqun
qurulması baxımından görüşün əhəmiyyətini
qeyd etmişlər.
Azərbaycanda
gənclərə göstərilən diqqət və
qayğını yüksək qiymətləndirən Q.Molinas
müasir dövrdə onların ölkə həyatının
bütün sahələrində fəal iştirak etdiyini
bildirmişdir. O, liderlik xüsusiyyətlərinə malik,
mükəmməl vətəndaş mövqeyi olan gənclərin
formalaşmasında bu cür görüşlərin rolunu
vurğulamışdır.
Q.Molinas demişdir: "Bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Bu baxımdan gənclər dünyada baş verən hadisələrə daha geniş geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür seminarların, fikir mübadilələrinin keçirilməsinə böyük ehtiyac vardır".
Daha
sonra çıxış edən Luici Panaino qeyd etmişdir
ki, bu cür görüşlərin ənənəvi hal
alması çox sevindiricidir. Belə görüşlər əməkdaşlığın
inkişafına şərait yaradır, kreativ ideyaların həyata
keçirilməsinə, yeni layihələrin
reallaşmasına kömək edir.
Bildirilmişdir
ki, artıq dünyanın 145 şəhərində
"Global Shapers Community"nin şəbəkəsi
qurulmuşdur. Bakı da həmin şəhərlərdən
biridir.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.