Azərbaycanla Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemətin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçiriləcək yeni layihələr, "Elektron hökumət" layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat vermişdir.

Cari ilin fevralında "Azərspace-1" telekommunikasiya peykinin  orbitə çıxarıldığını qeyd edən nazir bu peykin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulamışdır.

Nazir Bakıda ənənəvi olaraq hər il keçirilən "Bakutel" sərgi-konfransına Macarıstanın müvafiq nazirliyini və informasiya texnologiyaları şirkətlərini dəvət etmişdir. Bildirilmişdir ki,  Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın yaradılması istiqamətində işlər aparılır. Növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universiteti, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaqdır.

Ə.Abbasov ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun dinamik inkişafının müşahidə olunduğunu qeyd edən Jujanna Nemət ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Macarıstanlı nazir İKT sahəsində müsbət nəticələrin əldə olunması üçün kompleks tədbirlərin görülməsinin və birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.