AITF-2013 sərgisində Azərbaycan-Tunis turizm əlaqələrinin inkişafına yönəlmiş böyük işlərin əsası qoyulmuşdur

 

"Tunisin milli turizm idarəsi turoperator olaraq Azərbaycan ilə davamlı işgüzar əlaqələrin yaradılmasında maraqlıdır. Bizim "AITF-2013" sərgisində iştirakımız daha çox tədqiqat-reklam xarakteri daşıyır, perspektivdə isə bazarı dərindən öyrənmək məqsədini güdür".

Bu sözləri "AITF-2013" XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçısı, Tunis Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Amin Sqayer AzərTAc-a müsahibəsində demişdir.

O qeyd etmişdir ki, hələlik Tunisə bir

başa çarter reysləri olmadığından turist qruplarının kütləvi mübadiləsindən danışa bilmərik. Düşünürəm ki, belə bir reys təşkil edildikdən sonra ölkələrimiz arasında turizm sahəsində razılaşmalar əldə olunacaqdır. Tunisə səfər etmək və orada dincəlmək istəyən insanlar hələ ki, Azərbaycandan Avropa, Türkiyə və Ukrayna vasitəsilə ölkəmizə gəlirlər.

Azərbaycanda turizm sərgisində ilk dəfə iştirak etdiklərini deyən A.Sqatyer qeyd etmişdir ki, bu sərgi Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən oxşar formalı ən yaxşı sərgilərdən heç də geri qalmır. Ziyarətçilərin arasında turizm sahəsinin bir çox peşəkarları vardır və stendimizin operatorları "AITF-2013" sərgisinin gedişindən tam razıdırlar. Hazırda Tunisə turizm yollayışlarının təşkil olunması və biznes mühitinin təhlili istiqamətində işlər görülür. Biz Tunisə yaxından maraq göstərən yerli həmkarlarımızla ünsiyyətin nəticələrindən razıyıq və hesab edirik ki, stendimizi ziyarət edənlərin bir çoxu gələcəkdə turoperatorların potensial müştəriləri ola bilər.

Əminəm ki, biz gələn il də "AITF" sərgisində yenidən iştirak edəcəyik. Bu gün burada Azərbaycan-Tunis turizm əlaqələrinin davamlı xarakter alacağı və qarşılıqlı səfərlərin yüksək səviyyəyə çatacağı dövr üçün perspektivə yönəldilmiş böyük işlərin əsası qoyuldu. Rusiyada artıq belə bir təcrübəmiz var və biz işgüzar əlaqələr, o cümlədən bütün turoperatorların proqram və reklamlarına dəstək üzrə bu təcrübəmizi Azərbaycanda da uğurla tətbiq etməyə hazırıq.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.