Bədii yaradıcılıq festivalının seçim turu

 

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq festivalının seçim turu keçirilmişdir.

AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat universitetlərinin 120-dən çox tələbəsi iştirak etmişdir. Qaliblərin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, cari il fevral ayının 6-da Təhsil Nazirliyi və ATİAHİ Respublika Komitəsinin rəyasət heyəti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə  respublikanın ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirmək haqqında birgə qərar qəbul edilmişdir. Bədii yaradıcılıq festivalının əsas məqsədi tələbə-gəncləri  vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda onların incəsənət sahəsində istedadlarını üzə çıxararaq inkişaf etdirməkdir. Mart ayından başlayaraq keçirilən festivalda ölkəmizin bütün dövlət və özəl ali məktəblərinin tələbələri iştirak edirlər.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.7.