Astanada rus dilində
nəşr olunan “Kazaxıstanskaya
pravda” qəzetində ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar böyük
məqalə verilmişdir
Astanada rus
dilində nəşr olunan
"Kazaxıstanskaya pravda" qəzetində
Qazaxıstanın birinci Prezidenti
Muzeyinin direktoru Alma Saqınqalinin Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illiyi ilə əlaqədar böyük məqalə verilmişdir.
Məqalədə deyilir ki, 2013-cü il Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutur. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Heydər Əliyevin adı Azərbaycanın və postsovet məkanının yeni tarixinə qızıl hərflərlə yazılmışdır. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını qoymuş, milli dirçəliş və müstəqilliyin möhkəmləndirilməsi siyasətinin əsasını qoymuşdur və bu gün onun layiqli davamçısı bu siyasəti uğurla davam etdirir.
Yazıda
qeyd olunur ki, Heydər Əliyev mürəkkəb geosiyasi
şəraitdə öz zəngin dövlətçilik və
idarəçilik təcrübəsi, istedadı, yüksək
təşkilatçılığı, peşəkarlığı
və tələbkarlığı sayəsində Azərbaycanı
sosial-siyasi böhrandan çıxarmağa nail olmuş,
ölkədə sabitliyi təmin etmişdir.
Müəllif
yazır ki, Qazaxıstan və Azərbaycan prezidentlərini
möhkəm dostluq telləri bağlayırdı. Prezidentlərin
2000-ci, 2002-ci və 2003-cü illərdə keçirdikləri
görüşlərdə Dağlıq Qarabağ probleminin həlli,
Xəzər dənizinin hüquqi statusu, Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri layihəsinin həyata keçirilməsi,
ölkələrimiz arasında ticarət-iqtisadi sahədə
əlaqələrin dərinləşdirilməsi kimi
mühüm məsələlər daim diqqət mərkəzində
olmuşdur.
Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev Heydər Əliyev haqqında belə
demişdir: "Heydər Əlirza oğlu Azərbaycan və qazax
xalqları arasında dostluğun möhkəmləndirilməsi,
həmçinin Müstəqil Dövlətlər Birliyinin
inkişafı istiqamətində böyük işlər
görmüşdür".
Məqalədə
deyilir ki, ekspertlər Heydər Əliyevi əfsanəvi
Şarl de Qolla müqayisə edirlər. Bu böyük şəxsiyyətlərin
hər ikisi general olmuş və hər ikisi vətənlərinin
xilası naminə öz çiyinlərinə dövlətin
və millətin azad olunması kimi ağır bir yük
götürmüşlər.
Müəllif
Heydər Əliyevi "Azərbaycanın neft
strategiyasının memarı" adlandırır, bu barədə
oxuculara geniş məlumat verir.
Məqalənin
sonunda bildirilir ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Qazaxıstanın birinci Prezidenti Muzeyində tematik sərginin
keçirilməsi də nəzərdə tutulmuşdur.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Astana
Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.