Səbaildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilib

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər paytaxtın Səbail rayonunda da xüsusi təntənə ilə keçirilir. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı RİH tərəfindən tədbirlər planı təsdiq olunubrayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər çərçivəsində rayonda genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılıb. Bununla əlaqədar hər həftənin şənbə günləri rayonun müxtəlif yaşayış sahələrində iməciliklər keçirilir.

Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi üçün keçirilən növbəti genişmiqyaslı iməcilik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Səbail rayonunun idarə və təşkilatlarının, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 500 nəfərin iştirakıyla rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərinin cənub-qərb giriş yolu olan "Şıx" yaşayış sahəsində keçirilib. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, "Dostluq parkı"ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri görülüb. Eyni zamanda 5000 kvadratmetr sahəyə yaşıl ot qatı salınıb, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kol əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb.

Həmin ərazidə yerləşən, keçən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış "Dostluq parkı"nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb. Burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib. İməcilik zamanı 10 min ədəd yeni ağac əkilib və suvarılıb.

Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıq işlərinin  davam etdirilməsi nəzərdə tutulub. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpasının və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və rayon ictimaiyyətinin ulu öndərin xatirəsinin yad olunmasına bir töhfədir. Yüksək bayram əhval-ruhiyyəsi ilə keçirilən iməciliklərin davamlı olması, yay aylarında rayon ərazisində bu il əkilmiş ağaclara qulluq edilməsi və mütəmadi olaraq suvarılması nəzərdə tutulub.

 

 

Rəşad BAXŞƏLİYEV.

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.