İmişlidə
“Xalq sözü” qəzetinin 80 illik yubileyi qeyd olunmuşdur
İmişlidə "Bölgə həyatı və yerli media" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Heydər Əliyev Mərkəzində reallaşdırılan tədbir rayonda nəşr edilən "Xalq sözü" qəzetinin 80 illik yubileyinə həsr olunmuşdur.
Azərbaycan
Mətbuat Şurasından (MŞ) AzərTAc-a bildirmişlər
ki, mövzu ətrafında müzakirələrdə rayon
ictimaiyyətinin nümayəndələri, MŞ-nin, Milli
Televiziya və Radio Şurasının təmsilçiləri,
ölkədə müntəzəm yayımlanan, ictimai fikrə
təsir göstərən kütləvi informasiya vasitələrinin
bölgə müxbirləri iştirak etmişlər.
İştirakçılar
əvvəlcə ümummilli lider Heydər Əliyevin
İmişli şəhərindəki abidəsini ziyarət
etmiş, önünə tər çiçək dəstələri
düzmüşlər.
Qonaqlara
İmişlidə gedən quruculuq işləri barədə ətraflı
məlumat verilmişdir. Onlar Şəkər zavoduna və digər
sənaye müəssisələrinə baxmış,
abadlıq işləri ilə tanış olmuşlar.
Tədbirdə
İmişli Rayon İcra Hakimiyyətinin
başçısı Vilyam Hacıyev bölgə həyatının
işıqlandırılmasında yerli KİV-lərin
müsbət rolundan danışmışdır. O,
İmişli ilə yanaşı, daha 20 bölgədə,
qonşu Türkiyə və İranda oxucuları olan qəzetin
tirajının artırılmasının, iqtisadi durumunun
yaxşılaşdırılmasının vacibliyini
vurğulamışdır.
"Xalq
sözü" qəzetinin baş redaktoru Səməd
İsmayılov ilk nömrəsi 1932-ci ildə "Qaraqoyunlu
kolxozu" kimi işıq üzü görən qəzetin 80
ildə keçdiyi yolun mənzərəsini konkret
faktlarla
canlandırmışdır. Mətbu nəşrin
sonralar "İmişli kolxozçusu", "Yüksəliş",
"Qızıl ulduz", Azərbaycanın müstəqilliyinin
bərpa olunduğu dövrdən isə "Xalq
sözü" kimi 6.900 dəfə oxucuları ilə
görüşə gəldiyini bildirən baş redaktor yerli
həyatın yüksək peşəkarlıqla qələmə
alınmasının, rayonun salnaməsinin
yaradılmasının jurnalist kollektivinin daim başlıca
qayğısı olduğunu nəzərə
çatdırmışdır.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirmişdir ki, hər bir xalqın taleyində onun mediası
mühüm rol oynayır. Vaxtilə çar Rusiyasında
yaşayan 30 milyonluq müsəlmanın içərisində
ilk mətbu orqanı yaratmaq ideyasını məhz azsaylı
Azərbaycan xalqının nümayəndəsi gerçəkləşdirmişdir.
Bu, görkəmli mütəfəkkir Həsən bəy Zərdabiyə
nəsib olmuşdur.
Mətbuat
tarixindən faktları diqqətə çatdıran
MŞ-nin sədri bu gün medianın dördüncü
hakimiyyət olaraq ölkədə gedən proseslərə təkan
verdiyini, bölgə KİV-lərinin bu sırada yer
aldığını vurğulamışdır. O, "Xalq
sözü"nün ötən müddətdə
qarşıya qoyulan missiyanın etibarlı
daşıyıcılarından olduğunu söyləmiş,
vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən
yolda qəzet kollektivinə yeni-yeni uğurlar
arzulamışdır.
Sonra
MŞ-nin sədri qəzetə rəhbərlik etdiyi qurumun təbrikini,
redaksiya kollektivinə və sabiq əməkdaşların bir
qrupuna isə Azərbaycan Mətbuat Şurasının
diplomlarını təqdim etmişdir.
Milli
Televiziya və Radio Şurasının sədri Nuşirəvan
Məhərrəmli bildirmişdir ki, bu gün şəhər
və kənd anlayışları yavaş-yavaş aradan
qalxmaqdadır. Medianın da burada xüsusi rolu var. Təbliğat
birtərəfli olmamalıdır. Media, o cümlədən
yerli qəzetlər də olanları
işıqlandırmalıdır. N.Məhərrəmli həmçinin
İmişlidə Aran bölgəsi üzrə telekanalın
açılması niyyətinin tezliklə gerçəkləşdirilə
biləcəyini vurğulamışdır.
İmişlidə
jurnalist-ictimaiyyət əlaqələri sahəsindəki vəziyyəti
müsbət dəyərləndirən Mətbuat
Şurası idarə heyətinin üzvü, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bölgə həyatında kifayət qədər yeniliklərin
olduğunu və ölkə ictimaiyyətində maraq
doğura biləcək mövzuların çoxluğunu
vurğulayaraq yerli jurnalistlərə mövcud istiqamətdə
fəallığı artırmağı tövsiyə
etmişdir. "Dəyirmi masa"nın digər
iştirakçıları çıxışlarında bir
sıra təkliflər səsləndirmişlər.
Sonda
qəzetin əməkdaşlarına İmişli Rayon İcra
Hakimiyyətinin diplom və mükafatları təqdim
olunmuşdur.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.