Türkiyədə fəaliyyət göstərən Qadın və gənclik platformu təşkilatının nümayəndələri ilə görüş

 

Aprelin 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Türkiyədə fəaliyyət göstərən "Qadın və gənclik platformu" təşkilatının nümayəndələri ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə AQUPDK və "Qadın və gənclik platformu" təşkilatı arasında imzalanmış memorandum çərçivəsində  əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda ailə, qadın və uşaq siyasətinin daim dövlətin diqqətində olduğunu vurğulamışdır. Komitə sədri qeyri-hökumət təşkilatlarının  bu sahədəki fəaliyyətini, xüsusilə Heydər Əliyev Fondu tərəfindən uşaq və qadınların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün onlarca layihənin həyata keçirildiyini qonaqların diqqətinə çatdırmışdır.

Görüşdən sonra  "Ailə, qadın və cəmiyyət" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur.

AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova ailə, qadın və uşaq problemlərinin hər bir ölkə üçün aktual bir mövzu olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, qadının həyatın bütün sahələrində iştirakı, onun ailədə rolu və digər məsələlər cəmiyyəti daim düşündürür. Azərbaycan dövlətinin siyasətində ailə, qadın, uşaq problemlərinin həlli prioritet istiqamətlərdən biridir. Ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilir, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür.

"Qadın və gənclik platformu" təşkilatının  sədri Rüveyda Akbay təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir.

Türkiyəli qonaq rəhbərlik etdiyi təşkilatın Azərbaycanın müvafiq strukturları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməkdə və ölkənin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu söyləmişdir.

Yerli icra hakimiyyətlərinin nümayəndələrinin, qadın bələdiyyə üzvlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə "Qadın, ailə və cəmiyyət", "Qadınlar qərar qəbuletmədə", "Qadın sahibkarlığı və iqtisadi zorakılıq" mövzularında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.