Xaçmazda gənclər üçün Yaz məktəbi təşkil edilmişdir

 

Aprelin 5-dən 7-dək Xaçmaz rayonu ərazisindəki "Palma" istirahət mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Gənclər Birliyi üçün "Yaz məktəbi" təşkil olunmuşdu.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində keçirilən tədbirdə gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı rolu, fəaliyyəti, eləcə də builki prezident seçkilərindəki iştirakı və s. məsələlər müzakirə olunmuşdur.

YAP Xəzər rayon təşkilatından AzərTAc-a bildirmişlər ki, Gənclər Birliyinin üzvləri aprelin 5-də Xaçmaz rayonunun fəal gəncləri ilə görüşmüşlər. Görüşdə YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti, region gənclərinin həyata keçirdikləri layihələr, həmçinin, builki prezident seçkilərinə hazırlıqla bağlı  görüləcək işlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra gənclərin Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər muzeyi, Xalça muzeyi və İlham bulağına səyahətlər təşkil edilmiş, gənclər rayonda aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Gənclər arasında müxtəlif idman oyunları və intellektual yarışlar təşkil edilmişdir.

Aprelin 6-da YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun iştirakı ilə rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri, onun müdrik siyasəti, tarixi uzaqgörənliyi, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqillik arzusuna çatmasında müstəsna xidmətlərindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlardan danışılmışdır. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin geniş, təntənəli şəkildə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Daha sonra Milli Məclisin deputatı Siyavuş Novruzov builki prezident seçkiləri ilə bağlı məlumat vermiş, ölkəmizdə seçkilərin tam müasir formada, şəffaflığın qorunması ilə keçirildiyini bildirmişdir.

Aprelin 7-də gənclərin "Yaz məktəbi" başa çatmışdır.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.