Xəyanətkarlıq simvolu

 

"El" hərəkatının Rüstəm İbrahimbəyovun müdafiəsinə qalxması bu qüvvələrin antiazərbaycançı şəbəkədən idarə olunduğunu göstərir

 

Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalananların, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə rast gələndə böyük təəssüf hissi keçiririk. Bu "üzdəniraqlar" təkcə  antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdirmişlər.

Əkrəm Naibovun ardınca bu sıraya  özünü "yazıçı", "ziyalı" adlandıran Rüstəm İbrahimbəyovun da qoşulması bu adamın avantürist xarakterinə bələd olanlar üçün "sürpriz" kimi qarşılanmadı. R.İbrahimbəyov Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibəsində Azərbaycana qarşı naxələflik edən Naibovun yolunu davam etdirib. O, sözügedən müsahibədə özünün əsl ermənipərəst simasını açıqlığı ilə ortaya qoyub. R.İbrahimbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ermənilərin maraqlarına uyğun mövqe sərgiləyib. Onun antimilli mövqe tutması ermənilərə olan sevgisindən irəli gəlir. Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərində bu "ziyalı" ermənilərin Bakını tərk etməsindən təəssüfünü gizlətməmişdi. O zaman R.İbrahimbəyov utanmadan bildirmişdi ki, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır.

Bu faktlar Rüstəm İbrahimbəyovun da Əkrəm Naibov kimi Azərbaycana qarşı xəyanət yolu tutmuş ermənipərəst ünsür olduğunu sübuta yetirdi. Bu adamın son 10 ildəki hərəkətlərini kənardan müşahidə etmək kifayətdir ki, onun qeyri-ciddi, öz mənafeyini güdən adam, həqiqəti danmaq yolu ilə fərqlənmək, "psevdoqəhrəman" obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Bu adam əsl xislətini gizlədə bilməyərək tamamilə açıq, cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirdi. Onun nəinki Vətən və dövlət, millət hissindən, hətta kosmopolit insana da xas ali insani keyfiyyətdən - vicdan və ədalət hissindən məhrum olduğunu üzə çıxardı. İnsanın nəyinsə xatirinə həqiqətə, haqqa qarşı çıxması, hətta vicdanının səsinə qulaq asmaması ən sonuncu yoldur.

R.İbrahimbəyovun belə bir mövqe sərgiləməsi, ilk növbədə, antiazərbaycançı şəbəkənin sifarişi kimi də diqqəti çəkir. R.İbrahimbəyov türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün doğma yurdundan vəhşiliklə qovulması faktlarını görə-görə erməni təəssübkeşliyi çəkməsi, deməli, hansısa məkrli qüvvələrin marağına xidmət edir. Aşkar görününr ki, müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qüvvələr ölkəmizə və xalqımıza qarşı qərəzli mövqelərini gizlədə bilmirlər.

"İctimai Palata" adlanan qondarma qurumun isə bu məsələni sükutla qarşılaması onların da antimilli mövqe tutduqlarını təsdiqləyir. Əlbəttə ki, bu fakt qurumda təmsil olunan ifrat radikalların bir şəbəkədən idarə olunduğunu deməyə əsas verir. "El" hərəkatının təsisçilərindən olan Eldar Namazovun "Rüstəm İbrahimbəyovu sonacan müdafiə edəcəyik" açıqlaması da ikrah hissi doğurur. "Reneqantlar" dəstəsinin üzvləri tərəfindən R.İbrahimbəyovun erməni dəyirmanına su tökən müsahibəsinə milli heysiyyatdan uzaq mövqe sərgilənməsi isə əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür. "Reneqantlar" dəstəsinin ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə apardıqları bəlli olur. Bu qrupun məhz ümummilli maraqları şəxsi maraqlara satan manqurtlaşmış bir qurum olduğu bununla da təsdiqini tapdı.  

R.İbrahimbəyovun Rusiyanın "Rosbalt" agentliynə müsahibəsində səsləndirdiyi  antimilli fikirlərə cəmiyyətin ən müxtəlif təbəqələrindən mənfi münasibət gəlsə də, milli heysiyyatdan dəm vuran ultraradikallar susmağı üstün tutublar. Əli Kərimli və İsa Qəmbərin bu məsələyə münasibət bildirməmələri dolayısı ilə onların R.İbrahimbəyovu müdafiə etmək anlamına gəlir.

Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə vermək formasında təzahür edir. Ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyi olmalıdır. R.İbrahimbəyov ermənilərin mövqeyindən çıxış etməsi və bunu müsahibəsində tam açıqlığı ilə ortaya qoyması onun əsl simasını Azərbaycan cəmiyyətinə bir daha göstərdi.

 

 

Elnur HACALIYEV.

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.