Bold LUVSANVANDAN: Xəzər dənizi qlobal iqtisadiyyatın mühüm bir hissəsidir

 

 Xəzər dənizi qlobal iqtisadiyyatın mühüm bir hissəsidir. Bu sözləri Bakıda keçirilən Davos Forumunda iştirak edən Monqolustanın xarici işlər naziri Bold Luvsanvandan AzərTAc-a müsahibəsində demişdir.

Belə bir mötəbər forumun Azərbaycanda keçirilməsinin çox önəmli bir addım olduğunu söyləyən Monqolustan rəsmisi tədbirin təşkilatçılığını yüksək qiymətləndirmişdir.

Davos İqtisadi Forumu çərçivəsində artıq regional forumların keçirildiyini söyləyən B.Luvsanvandan belə tədbirlərdən birinin xüsusilə dünya iqtisadiyyatı üçün vacib bir dövrdə Bakıda təşkil olunmasını əhəmiyyətli olduğunu vurğulamışdır.

Bu il ölkəsinin də regional foruma ev sahibliyi edəcəyini söyləyən Monqolustanın xarici işlər naziri bildirmişdir ki, bu baxımdan Azərbaycanın hazırkı təcrübəsindən faydalanmağa ehtiyac vardır.

Nazir Azərbaycanı forumun belə yüksək səviyyədə təşkil etdiyinə görə təbrik edərək demişdir: "Dünyanı cənginə almış iqtisadi böhran şəraitində Azərbaycan regionda, xüsusilə MDB məkanında liderliyini qorumaqdadır. Bakıya ilk səfərimdir. Paytaxt Bakı inkişaf edən, cəlbedici şəhərdir. Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə etmiş ölkədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm töhfələr vermişdir. Ölkəniz qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır". 

Monqolustan rəsmisi Azərbaycan iqtisadiyyatının və əməkdaşlığa yönəldilmiş səylərin digər ölkələr üçün nümunə olduğunu vurğulamışdır.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.