Dünya
İqtisadi Forumunun yekun işçi şam yeməyi
olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir
Xəbər
verdiyimiz kimi, aprelin 8-də Bakıda keçirilən Dünya
İqtisadi Forumunun yekun işçi şam yeməyi
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Tədbirin
aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru
Viktor
HALBERSTADT forumun yekun işçi şam yeməyi zamanı
gün ərzində keçirilən sessiyaların nəticələrinin
müzakirə olunacağını bildirərək dedi:
-
Bütün bu müzakirələrin və fikirlərin məqsədi
regionda mövcud olan potensial imkanlardan istifadə etmək və
bu imkanları reallaşdırmaqdır. Ümid edirəm ki,
biz maraqlı fikir mübadiləsi aparacağıq.
Hamınız bu müzakirələrdə fəallıqla
iştirak edəcəksiniz. Əvvəlcə söz cənab
Klaus Şvaba veriləcəkdir. O, Dünya İqtisadi Forumunun
təsisçisi və icraçı sədridir.
***
Bakı
Forumunun yüksək səviyyədə təşkilinə
görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür
edən Dünya İqtisadi Forumunun təsisçisi və
icraçı sədri Klaus ŞVAB dedi:
- Cənab
Prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar, əziz dostlar!
Həqiqətən
də çox gözəl bir gün yaşadıq. Cənab
Prezident, Sizin rəhbərliyiniz altında bu qədər
böyük nailiyyətlər əldə etmiş Azərbaycan
gələcəkdə qlobal miqyasda ən mühüm rol
oynayan mövqelərdən birini tutacaqdır. Sözsüz ki,
Azərbaycan dünyanın gələcəyinə töhfə
verən ölkələrdən biridir. Biz bu gün Sizin təkliflərinizi,
fikirlərinizi eşidəcəyik. Buna görə Sizə təşəkkür
edirəm.
Sizə vəd
edə bilərəm ki, Dünya İqtisadi Forumuna gəldikdə,
biz bu ölkədə, bu regionda fəaliyyətimizi davam etdirəcəyik.
Yəni, cənab Prezident, Siz 7 dəfə Davosda, bizim iclaslarda
iştirak etmisiniz və bu ənənəni
başlamısınız. Bu ənənəni biz də davam
etdirəcəyik. Mən Sizin hamınıza təşəkkür
edirəm. Eyni zamanda, bu görüşün baş
tutmasına öz töhfəsini vermiş bütün tərəflərə
təşəkkürümü bildirirəm. Azərbaycan
hökumətinə minnətdarlığımı bildirmək
istərdim. Biz öz tərəfdaşlarımıza təşəkkür
edirik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə
təşəkkür edirəm. ARDNŞ ilə forum çərçivəsində
əməkdaşlıq etməkdən son dərəcə məmnunuq.
Eyni zamanda, bizə böyük qonaqpərvər münasibət
göstərdiyinə görə Azərbaycan xalqına təşəkkür
edirəm. Hörmətli Prezident, təşəkkür edirəm.
Hörmətli iştirakçılar, hamınıza təşəkkür
edirəm.
***
bp-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qordon BİRRELL ölkəmizlə əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğulayaraq dedi:
- bp və
onun tərəfdaşları Azərbaycanda 20 il əvvəl
investisiyalar yatırmağa başlamışdır. O vaxtdan bəri
həqiqətən də tam sabitlik təmin edilmişdir və
həmin dövrdə imzalanan sazişlərin heç birinə
dəyişiklik edilməmişdir. Hasilatın pay
bölgüsü sazişində heç bir dəyişiklik
olunmamışdır. Bu mənada əminəm ki, neft və
qaz sektorunun əsas investorlarını maraqlandıran bir
nömrəli sabitlik məsələsi Azərbaycanda gələcəkdə
də hökm sürəcəkdir. Tərəflərin
qarşılıqlı etibar şəraitində dialoq
aparması və investorların, qəbul edən ölkənin
məqsədlərini tam anlamasına imkan verən bir dialoqun
olması çox vacibdir.
Neft və
qaz sektoru, ümumiyyətlə, çox mürəkkəb
sektordur. Bu sahədə ən yeni texnologiyalar tələb
olunur və bunun üçün işçi heyət də ən
yüksək standartlara uyğun təlim keçməlidir ki,
bu avadanlıqdan istifadə edə bilsin. Qeyd edim ki, son 8-10 il ərzində
700-dən çox azərbaycanlı mühəndis, texniki
işçi təlim keçmişdir. Dənizdəki
yataqlarda ən müasir avadanlığı işlədənlərin
95 faizi azərbaycanlılardır. Onu da deyim ki, "Azəri-Çıraq-Günəşli"
yataqlar blokuna yatırılan investisiyamızı davam etdirməyə
hazırıq. Bu, çox böyük ehtiyatlara malik
yataqdır. Ancaq ehtiyatların çıxarılması
üçün böyük investisiyalar tələb olunur.
Biz bu istiqamətdə işimizi davam etdirə bilərik.
"Şahdəniz-2" yatağının uğurla işlənilməsi
çox vacibdir. Bu, həm investorların, həm də Azərbaycan
hökumətinin gözləntilərinə uyğun gəlir.
Deyə bilərəm ki, ARDNŞ ilə əməkdaşlıq
sayəsində biz bu il investisiya ilə bağlı çox
mühüm və uğurlu bir qərar qəbul etmişik.
Sonda demək
istərdim ki, yeni layihələrə, yeni kəşfiyyat
layihələrinə investisiyaların yatırılması
çox vacibdir. Biz, həmçinin yeni hasilatın pay
bölgüsü sazişi imzalamışıq və Azərbaycanda
fəaliyyət göstərən digər potensial investorlarla
birgə ilk kəşfiyyat quyularının qazılmasına
başlayacağıq.
***
Rusiya
Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter SALNİKOV
üzvü olduğu işçi qrupunda regionun böyük
investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər,
onların aradan qaldırılması və digər aktual
mövzularda maraqlı müzakirələr aparıldığını
bildirərək dedi:
- Cənab
Prezident!
Xanımlar
və cənablar, bu imkana görə təşəkkür
edirəm. Mən Rusiya Prezidentinin və Baş nazirinin dəstəyi
ilə yaradılmış Rusiya Birbaşa İnvestisiyalar
Fondunu təmsil edirəm.
Bu il
Rusiyanın "Böyük 20-lik"ə sədrliyi çərçivəsində
Birbaşa İnvestisiyalar Fondu xüsusi işçi qrupa həmsədrlik
edir. Bu qrup praktiki tövsiyələr irəli sürmək və
çox kritik məsələlərin, qlobal biznes məsələlərinin
həllini tapmaq üçün qlobal biznes liderlərini birləşdirir.
Bu gün toxunulan məsələlərin çoxu irəli
sürdüyümüz tövsiyələrə tam uyğun gəlir.
Bunlar işçi qrupun üzərində işlədiyi
üç əsas istiqamət - kapitalın rahat
axınına mane olan problemlərin müəyyən edilməsi
və aradan qaldırılması, inkişaf etməkdə olan
ölkələrdə investisiyaların stimullaşdırılması
və investisiyalardan səmərəli istifadənin təmin
edilməsidir. Təşəkkür edirəm.
***
York
Hersoqu, şahzadə ENDRYU forumun insan kapitalı bölməsində
müzakirə olunan məsələlər barədə məlumat
verdi. Fikir mübadiləsinin əsasən regionda sahibkarlığın
inkişafı və yeni layihələrə sərmayə
qoyuluşu mövzuları ətrafında
aparıldığını vurğulayan şahzadə Endryu
dedi:
- Biz belə
bir nəticəyə gəldik ki, kiçik və orta
sahibkarlığın dayanıqlı inkişafı bu gün
səhər cənab Prezidentin dediyi kimi, əsas məqsədlərə nail olmaq
üçün çox önəmlidir. Neft-qaz sektorundan əldə
olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə
yönəldilməsi çox vacibdir. Biz elə bir nəticəyə
gəldik ki, bunun tətbiq edilməsi üçün bir
sıra mühüm şərtlər vardır. Bunlardan biri
telekommunikasiyalardan və genişzolaqlı internetdən istifadəni
təmin etməkdir. Digər vacib şərt sahibkarların təhsili və
bacarığıdır. Bundan başqa, istehlak
yönümlü bazarı və bütövlükdə bazar
iqtisadiyyatını izləmək vacibdir.
Bizim
müzakirələrdə gənclərə bu sahədə
öz istedad və bacarıqlarını nümayiş etdirməyə
şərait yaradılması da diqqət mərkəzində
oldu. Gənclər çox yaradıcı, XXI əsrin tələblərinə
uyğun olmalıdırlar. İnsanlar və hökumətlər
təhsil sisteminin islahatı baxımından innovativ
olmalıdırlar. Bizim ümumi nəticəmiz o oldu ki,
kiçik başlanğıclardan böyük nailiyyətlər
əldə edilə bilər.
***
Üzvü
olduğu işçi qrupda müzakirə olunan məsələlər
barədə danışan Azərbaycan Dövlət
Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV dedi:
- Cənubi
Qafqaz və Mərkəzi Asiya nadir regiondur, Şərq, Qərb,
Şimal və Cənub arasında əlverişli coğrafi
mövqeyə malikdir. Biz sessiyamızın əvvəlində
regionda nəqliyyatın və ticarətin təkmilləşdirilməsi
barədə danışdıq. Təqdimatdan sonra qərara
aldıq ki, bu regionda əsas məsələ tranzit nəqliyyatının
artırılması və ticarətin təşviq edilməsi
olmalıdır. Həm region daxilində, həm regiondan kənarda,
eyni zamanda, yol və logistika sektoruna investisiyalar barədə
müzakirələr apardıq. Sonra sərhədlərdə əngəllər,
süründürməçilik və bürokratiya, nəhayət,
nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi
barədə geniş fikir mübadiləsi oldu.
Daha sonra gömrük məsələləri
müzakirə olundu. Gömrük fiskal qanunvericiliyin tətbiqi
və digər fəaliyyətlərlə məşğuldur.
Gömrük ölkələr arasında körpüdür.
Gömrük nəzarəti ölkələr
üçün çox önəmlidir. Gömrük həm
də büdcə üçün vəsait toplayır. Biz
narkotiklərin qaçaqmalçılığı və digər
məsələlərin müzakirəsindən sonra qərara
aldıq ki, gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,
müasir standartlar səviyyəsində gömrük xidmətlərinin
göstərilməsi bu qurumun işinin modernləşməsindən
və müxtəlif ölkələr arasında
gömrük münasibətlərinin səmərəli qurulmasından çox
asılıdır.
***
Sonra
Prezident İlham Əliyev çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli
professor Şvab!
Xanımlar
və cənablar, əziz dostlar. Sizin hamınızı bir
daha ölkəmizdə salamlamaq istəyirəm. Azərbaycana
"Xoş gəlmisiniz!" deyirəm. Mən professor
Şvaba Dünya İqtisadi Forumunu Bakıda keçirmək qərarını
qəbul etdiyinə, Azərbaycanın inkişafı ilə
bağlı söylədiyi xoş sözlərə və
şərhlərinə görə bir daha xüsusi təşəkkürümü
bildirmək istəyirəm.
Bu gün
panel iclaslarda çox maraqlı müzakirələrimiz oldu.
Bizə belə bir məlumat daxil olub ki, müzakirə edilən
mövzulara çox böyük maraq vardır. Əminəm
ki, həmin müzakirələrin nəticələri biznes
dairələri, siyasi liderlər və regionumuzun nümayəndələri
arasında daha yaxşı anlaşma yaradacaqdır. Mərkəzi
Asiya, Xəzər dənizi və Qara dəniz
regionlarının, Cənubi Qafqazın böyük
potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın
yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm
ki, gələn illər ərzində biz bu müzakirələrə
daha çox diqqət ayıracağıq və onlar, eyni
zamanda, ideyaları formalaşdırır, rəyləri və
gözləntiləri, o cümlədən narahatlıq
doğuran, bəzən məyus edən məsələləri
söyləmək üçün mühit yaradır. Lakin
regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır.
Bu gün
qaldırdığımız məsələlərin
hamısının Azərbaycana bağlılığı
vardır. Xəzər dənizinin enerji resursları barədə
danışdıqda, aydındır ki, Xəzər regionunda
müasir mərhələdə enerji resurslarının
işlənilməsində ilk cərgədə gedən Azərbaycan
ilə bp şirkətidir. Bu şirkət əsas strateji tərəfdaşımızdır.
Bu tərəfdaşlıq 20 ildən artıqdır ki, davam
edir. Bu şirkət neft və qaz konsorsiumuna rəhbərlik
edir. Dünyanın bir çox yerlərindən olan enerji
şirkətləri bu konsorsiumda geniş şəkildə təmsil
olunur. Əlverişli sərmayə mühiti, lazımi
hüquqi təminat, "bp-Azərbaycan" şirkətinin rəhbərinin
qeyd etdiyi kimi, müqavilələrdən heç biri nəinki
yenidən nəzərdən keçirilməmiş, hətta
onların mətnində heç bir bənd belə dəyişdirilməmişdir.
Çünki bütün müqavilələr parlament tərəfindən
qanun kimi qəbul olunur və Prezidentin fərmanı ilə
qanuni qüvvəsini alır. Heç kəs bunları dəyişə
bilməz. Bu, rahatlığı, proqnozlaşdırmanı və
sabitliyi yaradır.
1990-cı
illərin əvvəllərində Azərbaycan
üçün yeganə inkişaf yolu və öz müstəqilliyinin
gücləndirilməsi siyasi və iqtisadi islahatlardan, sərmayələrin
yatırılmasından keçirdi. Biz ölkəmizin ən
ağır anlarında bizimlə olmuş, Azərbaycana sərmayə
qoymuş, etimad göstərmiş tərəfdaşlarımıza
və dostlarımıza olduqca minnətdarıq. Onlar bu gün
də ölkəmizi dəstəkləməkdə davam edir.
Neft-qaz sahəsində əldə etdiyimiz olduqca müsbət
təcrübəmiz əsasında söyləyə bilərik
ki, biz Azərbaycanda dəyişiklik edib, qeyri-enerji sektorunu
yaratdıq. Bu səhər mən bu haqda artıq bir neçə
söz söylədim. Özəl sektora, sahibkarlığa
göstərilən dəstək xarici və yerli sərmayələrin
təşviqi bu gün prioritetlərdən birini təşkil
edir.
İyirmi
bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə
etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı
payı sıfır faiz idi. Bu gün isə bu göstərici
83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn
islahatların yaxşı göstəricisidir. Başqa
sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
dövrü başa çatıb. Hazırda Azərbaycanda
qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı,
neft-kimya sahələrində geniş imkanlar
açılır.
Ölkəmizin
davamlı inkişafını təmin etmək
üçün sərmayələrə ehtiyac duyulan sahələrə
investisiyaları cəlb etmək məqsədi ilə dövlət
strategiyası vardır. Hamımız bilirik ki, neft və qaz
müvəqqətidir. Biz, nəinki neft və qaz erasından
sonrakı dövrə hazırlaşırıq, - baxmayaraq ki,
bu, hələ ən azı 100 ildən sonra baş verəcək,
- o cümlədən neft və qaz gəlirlərini qeyri-enerji
sektorunun inkişafı, insan kapitalı və təhsil
üçün istifadə edirik. Gənc nəsil bundan bəhrələnir.
Bu gün Azərbaycanda və xarici ölkələrdə
yaxşı təhsil almış gənclər ölkəmizdə
mühüm biznes fəaliyyəti ilə məşğuldurlar
və Azərbaycanın davamlı inkişafına töhfə
verirlər.
Bu gün
qaldırılmış məsələlər arasında
daşıma sahəsi də qeyd edildi. Bu, həmçinin
çox vacibdir. Bizim əlverişli coğrafi mövqeyimiz
vardır. Lakin infrastruktur olmadan bunun heç bir əhəmiyyəti
yoxdur. Ona görə daşıma infrastrukturuna, boru kəmərlərinə,
yollara, dəniz və hava limanlarına sərmayənin
qoyuluşu regionda xüsusi mühit yaradır. Beləliklə,
Azərbaycan regionun nəinki coğrafi, həmçinin
logistika mərkəzinə çevrilir. Dəmir yolu xətti
ilə bağlı irəli sürdüyümüz layihə,
boru kəməri infrastrukturu ölkəmizin, eləcə də
qonşularımızın rifahına xidmət edir. Bu gün
forumda səsləndirilən əsas ideya regional əməkdaşlığı
necə təşviq etməklə bağlı idi.
Biz
regional əlaqələrin və əməkdaşlığın
inkişaf etdirilməsində çox maraqlıyıq. Çünki
regional əməkdaşlıq olmadan biz heç bir uğur əldə
edə bilmərik. Ölkəmizin açıq dənizə
çıxışı yoxdur, lakin nəhəng karbohidrogen
ehtiyatları vardır. Əgər boru kəmərləri
olmasaydı, bu ehtiyatlar bir əsr də suyun altında
qalardı. Regional əməkdaşlıq, qonşularımızın
dəstəyi və bizim onlara göstərdiyimiz dəstək
olmadan heç bir uğur qazanıla bilməzdi. Eyni sözləri
daşıma sahəsinə də aid etmək olar.
Bu regional
əməkdaşlıq islahatlara sərmayə qoymaq imkanı
yaradır. Bunun nəticəsində iqtisadiyyatımız dəyişir,
davamlı inkişafımız üçün əsaslar
yaranır. Ən vacibi budur. Bazar iqtisadiyyatı, güclü
siyasi sistem, sabitlik, sərmayələr, insan kapitalına
investisiyalar və davamlı inkişaf vacibdir. Hazırda biz
davamlı inkişaf haqqında çox
danışırıq. Biz dəyişikliklər haqqında
söhbət açırıq. Hesab edirəm ki, Azərbaycan
bunun necə baş verməsinin nümunəsi ola bilər. Nəticələr
göz qabağındadır. Bəli, gələcəkdə
görüləcək işlər çoxdur. Biz islahatlara,
siyasi təsisatların inkişafına, hüquqi çərçivəyə,
qanunun aliliyinə daha çox diqqət yetirməliyik.
Dünyadakı
dostlarımızın, dünyada bir nömrəli forum hesab
edilən, siyasətçiləri, dünya liderlərini,
biznes elitanı bir araya gətirən Dünya İqtisadi
Forumunun dəstəyi ilə biz böyük nailiyyətləri
əldə edə bilərik.
Mən
bir daha professor Şvaba 7 il əvvəl Azərbaycanı
Davosda iştiraka dəvət etdiyinə,
özümüzü təqdim etməyə və əlaqələri
qurmağa imkan yaratdığına, xüsusi əməkdaşlıq
mühitini yaratdığına və Dünya İqtisadi
Forumunun Bakıda keçirmək qərarına görə təşəkkürümü
bildirmək istəyirəm. Əziz dostlar, bir daha çox
sağ olun. Sizə xoş axşam arzulayıram.
***
Dünya
İqtisadi Forumunun böyük əhəmiyyət kəsb
etdiyini bildirən, ölkəsində iqtisadiyyatı şaxələndirmək
məsələsinə toxunan Monqolustanın xarici işlər
naziri Luvsanvandan BOLD bu sahədə Azərbaycanın təcrübəsinin
təqdirəlayiq olduğunu vurğulayaraq dedi:
- Cənab
Prezident!
Professor
Şvab!
Zati-aliləri,
Sizin qarşınızda çıxış etmək mənim
üçün böyük şərəfdir.
Bugünkü müzakirələrdə çox maraqlı
fikirlər eşitdim. Mən aşkar etdim ki, biz burada həqiqətən
dostlarımızın arasındayıq. Bu forumdan həqiqətən
çox şey götürdük, çox şey öyrəndik.
Ölkəmizin
elə də çox təbii resursları yoxdur. Biz ölkə
daxilində əldə olunmayan, ehtiyac duyulanları cənub
qonşularımızdan əldə edə və istehsal etdiklərimizi
şimal qonşularımıza ixrac edə bilərik. Ancaq vaxt
gələcək ki, biz də iqtisadi şaxələndirmə
yolunu seçəcəyik.
Bu gün
insanlarımızın həyatını
yaxşılaşdırmağa və bu həyatı daha da
mükəmməl etməyə ehtiyac vardır. Azərbaycanın
nümunəsi, Azərbaycanın timsalı həqiqətən
təqdirəlayiqdir. Çox sağ olun, cənab Prezident. Həqiqətən
çox müdrik və ümidverici fikirlərinizi dinlədik.
Həqiqətən də hər bir iştirakçı, təmsil
olunan hər bir ölkə üçün imkanlar çox
saydadır.
Mən bu
regiona Cənubi Qafqaz və Mərkəzi Asiya, üstəgəl
Monqolustan regionu deyərdim. Mən buraya öyrənmək,
eyni zamanda, öz təcrübəmizi bölüşmək məqsədilə
gəlmişəm. Eyni zamanda, buraya gəlişimin məqsədi
təəssüratlarımı Azərbaycandan olan tərəfdaşlarla
bölüşmək və onları Monqolustana dəvət
etməkdir. Onlar bizdən xeyli qabaqdadırlar. Yəni, Azərbaycanda
neft, bizdə isə mis, kömür və digər resurslar
vardır. Biz sizi ölkəmizlə əməkdaşlığa
dəvət edir və real tərəfdaşlıq etməyə
çağırırıq.
İki həftə
bundan əvvəl mən icraçı sədr, professor
Şvab ilə anlaşma memorandumu imzaladıq. Eyni formatda olan
bir konfrans sentyabrda Monqolustanda keçiriləcəkdir.
Ümid edirəm ki, beş aydan sonra siz burada da əldə
etdiyiniz biliklərinizi və təcrübənizi bizim ölkə
nümayəndələri ilə bölüşəcəksiniz.
Biz hamımız burada gördük ki, ortaq məqamlarımız
çoxdur, yəni tarix, mədəniyyət və sair.
Heç bir regionu təmsil etmədən mən öz regionumu
tapmışam. Bu region Bakıdan başlayır və
Ulan-Batora qədər davam edir. Sentyabrda bu tədbir Ulan-Batorda
davam edəcəkdir. Hamınızı dəvət edirəm.
***
Litvanın
Baş naziri Alqirdas BUTKEVİÇİUS forumun təşkilatçılarına
minnətdarlığını bildirdi və müzakirə
olunan mövzuların aktuallığına toxundu. Forumda
iştirak etməkdən şərəf duyduğunu bildirən
Baş nazir Alqirdas Butkeviçius Azərbaycanın bu tədbirə
layiqincə ev sahibliyi etdiyini diqqətə çatdıraraq
dedi:
- Zati-aliləri!
Xanımlar
və cənablar!
İstərdim,
Dünya İqtisadi Forumunun təşkilatçılarına
təşəkkürümü bildirim. Hesab edirəm ki, Cənubi
Qafqaz və Mərkəzi Asiya haqqında bu müzakirələr
çox önəmlidir. Bu müzakirə öz
başlanğıcını yanvarda Davosdan
götürmüşdür.
Azərbaycan
strateji mövqeyi ilə Cənubi Qafqazda lider rolunu oynayır.
Hesab edirəm ki, strateji dialoqun təşkil olunması
üçün bu, çox yaxşı
düşünülmüş bir seçimdir. Avropanın və
Mərkəzi Asiyanın əsrlər boyu davam edən əlaqələri
hər iki regionu zənginləşdirmişdir. Biz bu əlaqələrdən
indi də insanların rifahı və cəmiyyətin
yaxşılaşdırılması üçün istifadə
etməliyik.
Avropa
İttifaqının Mərkəzi Asiya üçün
strateji tərəfdaşlıq layihəsi mövcuddur. Biz bu
imkandan istifadə edərək bir tərəfdən Qərbi
Avropa və Skandinaviya, digər tərəfdən Cənubi
Qafqaz və Mərkəzi Asiya əlaqələrini təmin
etməliyik. Bu, Litva üçün də prioritetlərdən
biridir. Litva qlobal iqtisadi meyillərə cavab verərək
qlobal təchizat zəncirinə hazır olmalıdır.
Trans-Avropa şəbəkələrinin yaradılması,
Avropa nəqliyyat əlaqələrinin genişləndirilməsi,
avrostruktur layihələrə investisiyaların
yatırılması, Baltik və Qara dəniz
regionlarını birləşdirən nəqliyyat layihələrinin
hamısı mənim təmsil etdiyim hökumətin prioritetlərinə
daxildir. Əlbəttə ki, Mərkəzi Asiya regionu Avropa
üçün enerji təhlükəsizliyi baxımından
çox önəmlidir. Mərkəzi Asiya, Xəzər
regionlarında və Cənubi Qafqazda dialoqun inkişaf etdirilməsi,
ümumiyyətlə, Avropa İttifaqı üçün enerji
təhlükəsizliyi imkanlarını genişləndirir.
Sonda onu
qeyd etmək istərdim ki, Avropa İttifaqının Cənubi
Qafqaz və Mərkəzi Asiya ölkələri ilə enerji,
ticarət və iqtisadi əlaqələri genişləndirmək
üçün çox böyük potensialı
mövcuddur. Bu potensialdan gələcəkdə də istifadə
etmək lazımdır.
Xanımlar
və cənablar, mənim üçün burada olmaq, sizin
qarşınızda çıxış etmək, fikirlərimi
sizinlə bölüşmək böyük şərəfdir.
Mən
istərdim ki, bu foruma çox gözəl ev sahibliyi etdiyinə
görə Azərbaycan Respublikasının Prezidentinə
xüsusi təşəkkürümü bildirim.
***
Tədbirin
yüksək səviyyədə təşkilinə və
qonaqpərvərliyə görə Prezident İlham Əliyevə
minnətdarlıq edən Albaniyanın Baş naziri Sali
BERİŞA yerləşdiyi bölgədə sabitlik olmasa
da, Azərbaycanın mühüm regional layihələrə
imza atmasına böyük ehtiram bəslədiyini
vurğulayaraq dedi:
- Cənab Prezident, gözəl qonaqpərvərliyinizə
görə ilk növbədə mən istərdim Sizə təşəkkür
edim.
Cənab
Prezident, cənab Baş nazirlər, hörmətli dostlar!
Azərbaycan,
doğrudan da, çox maraqlı, ilhamverici bir ölkədir.
Forum da gözəl, əla təşkil edilmişdir. Bu forumda
biz əsasən regional əməkdaşlıq haqqında
danışdıq. Regional əməkdaşlıq
sülhün, sabitliyin, rifahın və yaxşı
qonşuluğun təşviq edilməsi üçün ən
yaxşı yol kimi sübut edilmişdir. Biz burada Azərbaycan
Respublikasının və Azərbaycan hökumətinin
qarşısında baş əyməliyik. Ona görə ki,
o qədər də sakit olmayan bir regionda onlar cəsarətli
qərarlar vermişlər, çox önəmli regional layihələrə
imza atmışlar və onlar indi bütöv Avropa
üçün çox önəmli enerji qərarları
astanasındadırlar. "Şahdəniz" konsorsiumu tərəfindən
veriləcək bu qərar çox böyük bir ərazinin
enerji təhlükəsizliyinin gələcəyini təmin edəcəkdir.
Xanımlar
və cənablar, Albaniya kiçik bir ölkədir. Lakin
ölkənin çox böyük potensialı vardır. Mənim
ölkəm əvvəllər keçmiş kommunist rejimində
çox pis vəziyyətdə olmuşdu. Bizim ölkə
Avropanın demək olar ki, ən yoxsul ölkəsi idi.
İnfrastruktur tam dağılmış bir vəziyyətdə
idi. Amma son 21 il ərzində ölkəmizdə ümumi
daxili məhsul 11 dəfə artmışdır. Bu artım,
ilk növbədə, islahatlar hesabına əldə
edilmişdir. Biz vergiləri azaltdıq, dövlət
mülkiyyətini tamamilə özəlləşdirdik,
iqtisadiyyatı tam liberallaşdırdıq. Baxmayaraq ki, əsas
tərəfdaş ölkələrimiz İtaliya və
Yunanıstanda böyük problemlər yaşanırdı, biz
bundan əziyyət çəksək də
artımımızı davam etdirdik. Biznes mühitinin
yaxşılaşdırılması nəticəsində
birbaşa xarici investisiyalar 340 faiz artmışdı. Yenə
də ölkə bir çox məhdudiyyətlərlə
üzləşir. Bizim bank sistemimiz tam olaraq avrozonaya daxil
olduğundan əmanətlərimizin 50 faizini investisiya
etmişlər. Biz hazırda bank sistemimizi şaxələndirməliyik.
Albaniyada
çox güclü təbii potensial vardır. Su elektrik
stansiyalarının tikilməsi çox geniş vüsət
almışdır. 2007-ci ildə biz xüsusi qanun qəbul
etmişik və həmin ildən bəri 360 su elektrik
stansiyasının tikilməsi haqqında müqavilələr
bağlamışıq. Norveç, İtaliya, Almaniya,
ABŞ, Türkiyə, İsrail şirkətləri su elektrik
stansiyalarının tikilməsi ilə məşğuldurlar.
Sizin ölkənin investorlarını da qarşılamağa
hazırıq. Albaniya "Avropanın Himalayı"
adlandırılır. Dağlarımızda çox
füsunkar mənzərələr vardır. Bizim dağlara
investisiya qoyan hər bir sahibkar vergilərdən 7 il ərzində
azad ediləcəkdir.
Bir daha, cənab
Prezident, qonaqpərvərliyinizə görə Sizə ürəkdən
təşəkkürümü bildirirəm. Mən
doğrudan da, bu regionun əməkdaşlıq
görüntüsündən ilham aldım. Çox sağ
olun. Təşəkkür edirəm.
***
Dünya
İqtisadi Forumunun idarə heyətinin üzvü və
icraçı direktoru Borge BRENDE bildirdi ki, forumda region ölkələrinin
iqtisadiyyatı barədə çox mühüm məlumatlar
səsləndi. Azərbaycan iqtisadiyyatının
uğurlarından danışan Borge Brende dedi ki, bu, Prezident
İlham Əliyevin siyasi liderliyi nəticəsində
mümkün olmuşdur. Bakı Forumunun Cənubi Qafqaz və
Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının
çiçəklənməsinə töhfə verəcəyinə
əminliyini ifadə edən Borge Brende dedi:
- Möhtərəm
Prezident, zati-aliləri!
Xanımlar
və cənablar, əziz dostlar!
Forumun bu
ölkədə keçirilməsinə və son dərəcə
qonaqpərvər münasibətə görə dərin təşəkkürümü
bildirirəm. Deyə bilərəm ki, həqiqətən
çox məhsuldar və stimullaşdırıcı bir
gün idi. Biz real ssenarilərin hazırlanması ilə
başladıq. Dünyanın ən maraqlı regionlarından
biri üçün alternativ ssenarilər yaratdıq.
Məsələn, bu görüşə qədər mən heç bilmirdim ki, son on il ərzində xaricə birbaşa investisiyalar on dəfə artmışdır. Yəni, söhbət bu regiondan gedir. Mən bilmirdim ki, Azərbaycanın və Qazaxıstanın maliyyə ehtiyatları son on il ərzində 15 dəfə artıb. Bu, o deməkdir ki, burada müdrik liderlik, strateji rəhbərlik vardır. Ancaq bu, həm də o deməkdir ki, bizim hələ də üzləşdiyimiz çətinliklər, çağırışlarla bağlı yaxşı ölçülüb-biçilmiş strategiyalar və siyasi qərarlar qəbul edilməlidir. Sözsüz ki, bu, prosesin başlanğıcıdır. Bu forum bu region üçün strateji tədbirlərin ssenarilərinin hazırlanması üçün yaxşı platformadır. Ümid edirəm ki, Bakıda keçirilən Dünya İqtisadi Forumu bu regionun çiçəklənməsinə müəyyən töhfə verəcəkdir. Çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.