Əmir Zəfər DURANİ: Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə möhkəmlənməsi deməkdir

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi ölkənin mövqeyinin beynəlxalq müstəvidə möhkəmlənməsi deməkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Dünya Bankının nəqliyyat məsələləri üzrə mütəxəssisi Əmir Zəfər Durani AzərTAc-a müsahibəsində demişdir.

Əmir Durani bu il Bakıda keçirilən Dünya İqtisadi Forumunun iqtisadi inkişaf məsələlərini bilavasitə diqqət mərkəzində saxlayan ən vacib regional tədbirlərindən biri  olduğunu vurğulamışdır.

Bakı forumunun əhəmiyyətinə toxunan Ə.Z.Durani enerji təhlükəsizliyi, biznes mühiti, uzunmüddətli investisiyalar mövzularında müzakirələri yaxından izlədiyini qeyd etmişdir.

Qonaq bildirmişdir ki, Azərbaycan iqtisadiyyatının təkcə energetika sahəsi deyil, qeyri-neft sektoru da xarici sərmayələr üçün daha cəlbedicidir. Məhz bundan səmərəli istifadə edən Azərbaycan sübut etmişdir ki, təkcə təbii sərvətlərlə zəngin ölkə deyil, həm də iqtisadiyyatda islahatlar aparmağa qadir bir dövlətdir.

Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün mühüm hadisədir. Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığın və inteqrasiyanın inkişafına kömək edəcək bu forum təkcə müzakirələr üçün kürsü deyil, eyni zamanda iqtisadi və siyasi tədqiqatlar üçün bir imkandır.

Forumda dünyada tanınan iş adamları, siyasi liderlər, görkəmli ziyalılar və aparıcı mətbuat nümayəndələri iştirak edirlər. Bu, çox müsbət haldır.

Dünya Bankının təmsilçisi Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurların yaxşı örnək olduğunu xüsusi vurğulamışdır.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.