Tihomir KOMENOV:
Bakı Forumunda müzakirə olunan məsələlər təkcə
region üçün deyil, bütün dünya
üçün olduqca əhəmiyyətlidir
Azərbaycanın ev sahibliyi etdiyi Dünya İqtisadi Forumunda müzakirə olunan məsələlər təkcə region üçün deyil, bütün dünya üçün olduqca əhəmiyyətlidir. Müasir dövrdə iqtisadi inteqrasiya, təbii və intellektual potensialdan səmərəli istifadə, əməkdaşlığın daha da genişləndirilməsi çox vacib məsələlərdir.
Bu sözləri Bakıda keçirilən Davos Forumunda iştirak edən Bolqarıstanın Ticarət Birliyinin Səhiyyə Qrupunun təsisçisi və icraçı direktoru Tihomir Komenov AzərTAc-a müsahibəsində demişdir.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu deyən T.Komenov forumda müzakirə edilən məsələlərin beynəlxalq birliyi düşündürən problemlərin həlli yollarının tapılmasına töhfə verəcəyini vurğulamışdır.
Bakının modern təcrübəni bölüşmək üçün mühüm məkan olduğunu vurğulayan T.Komenov Dünya İqtisadi Forumunu qlobal dialoqun aparılmasına kömək edən ən mühüm tədbirlərdən biri kimi xarakterizə etmişdir.
Qonaq həmçinin bir sıra dünya telekanallarında yayımlanan videoçarxlar vasitəsilə ölkəmiz haqqında məlumatlar əldə etdiyini bildirmişdir.
Azərbaycanda ilk dəfə olduğunu deyən T.Komenov Bakının qədim və modern tikililərini, ölkənin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2013.-10 aprel.-S.5.