Azərbaycan ilə
Litva arasında ikitərəfli əlaqələrin
dinamik inkişafının böyük əhəmiyyət
daşıdığı vurğulanmışdır
Aprelin 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, forumun işini yüksək qiymətləndirən
litvalı qonaq bu nüfuzlu beynəlxalq tədbirin dünya və
region ölkələrinin iqtisadi inkişafı
üçün böyük əhəmiyyət
daşıdığını vurğulamışdır. Daha
sonra Alqirdas Butkeviçius uğurla həyata keçirilən
Heydər Əliyev neft strategiyasının qısa vaxt ərzində
Azərbaycanı regionun lider dövlətinə
çevrildiyini məmnunluqla qeyd etmişdir. Azərbaycan ilə
Litva arasında ikitərəfli əlaqələrin dinamik
inkişaf etdiyinə diqqəti yönəldən qonaq ölkələrimizdə
hərtərəfli əməkdaşlıq üçün
geniş potensialın olduğunu söyləmişdir.
Azərbaycan
iqtisadiyyatının uğurlarından söz açaraq
respublikamızın təşəbbüsü ilə həyata
keçirilən qlobal nəqliyyat və energetika layihələri
barədə qonağa ətraflı məlumat verən Baş
nazir Artur Rasizadə, daha sonra ölkəmiz və
xalqımız üçün ən ağrılı problem
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunmuşdur. Bu məsələnin
daim ölkə rəhbərliyinin diqqət mərkəzində
olduğunu qeyd edən Artur Rasizadə münaqişənin
beynəlxalq hüquq normaları çərçivəsində,
sərhədlərin toxunulmazlığı və ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsi yolu
ilə həllinə alternativ olmadığını
vurğulamışdır.
Görüşdə
tərəfləri maraqlandıran məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.