Son illərdə sürətlə inkişaf edən Azərbaycanın dünya iqtisadiyyatındakı mühüm rolu göz qabağındadır

 

Son illərdə sürətlə inkişaf edən Azərbaycanın dünya iqtisadiyyatındakı mühüm rolu göz qabağındadır. Ölkədə ümumi daxili məhsulun və sənaye istehsalının həcmi artmışdır, yoxsulluq və işsizlik problemi aradan qalxır. Bu isə Azərbaycanda davamlı iqtisadi inkişafın bariz göstəricisidir.

Bu sözləri AzərTAc-a müsahibəsində Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin demişdir.

Andrey Kostin bildirmişdir ki, Azərbaycan neftdən əldə olunan gəlirləri çox ağıllı və səmərəli istifadə edir, iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm tədbirlər görür. Son 10 ildə Azərbaycan çox böyük artıma nail olmuşdur və ölkənin iqtisadi inkişafının nəticələri heyranedicidir. Bütün bu nailiyyətlərə görə mən Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu uğurlar məhz onun müdrik siyasətinin sayəsində əldə olunmuşdur.

Andrey Kostin demişdir: "Mən bütün bu amilləri nəzərə alaraq qeyd etməliyəm ki, dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçıların, ekspertlərin, dövlət və hökumət nümayəndələrinin iştirakı ilə Davos Forumu kimi mühüm bir tədbirin Bakıda keçirilməsi təsadüfi deyildir. Xüsusi vurğulamalıyam ki, forum yüksək səviyyədə təşkil edilmişdir. Artıq Bakının mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bütün dünyaya bəllidir. Biz bir daha bunun şahidi olduq".

VTB Bankının sədri və icraçı direktoru forumda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyi ilə bağlı  çox vacib məsələlərin müzakirə edildiyini, səmərəli fikir mübadilələrinin aparıldığını diqqətə çatdırmışdır. O, əmin olduğunu bildirmişdir ki, bu müzakirələr, ümumiyyətlə Bakı Forumu öz səmərəli nəticələri ilə uzun müddət yadda qalacaqdır.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.