Frederik STAR: Bakı Forumu gözlədiyimizdən daha uğurlu oldu

 

Bakı artıq dövlət sektorunun və özəl bölmənin liderlərinin mütəmadi olaraq bir araya gəldiyi mühüm məkana çevrilmişdir. Bu məsələ biznes dünyasında çox vacib amildir. Son illər paytaxtınızda bəşəriyyətin taleyi ilə bağlı məsələlərin müzakirə edildiyi çoxsaylı beynəlxalq konfransların, forumların keçirilməsi təqdirəlayiqdir. Davos Forumu da belə mötəbər tədbirlərdən biridir. Qeyd etməliyəm ki, forum gözlədiyimizdən daha uğurlu oldu.

Bu fikirləri ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Star AzərTAc-a müsahibəsində söyləmişdir.

F.Star demişdir: "Bakı Forumunun əhəmiyyəti haqqında çox danışmaq olar. Biz burada bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdik, uzunmüddətli iqtisadi təşəbbüslərə start verdik. Məqsədimiz regional iqtisadi inteqrasiyaya nail olmaqdır. Əminəm ki, gələcəkdə forumun uğurlu nəticələrindən faydalanacağıq. Ümumiyyətlə, bu tədbir iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün gözəl imkan yaratdı".

Frederik Star dünyanı bürümüş qlobal iqtisadi böhran şəraitində Azərbaycanın dinamik inkişafının ölkə rəhbərliyinin, xüsusilə də Prezident İlham Əliyevin ağıllı və məqsədyönlü siyasəti nəticəsində mümkün olduğunu vurğulamışdır. O demişdir ki, əgər ilkin mərhələlərdə Azərbaycanın inkişafı enerji ilə bağlı olsa da, artıq  ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində də mühüm işlər görülmüşdür.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.