Birləşmiş Ərəb Əmirliklərinin «Al-Bayan» qəzeti: «Bakıda keçirilən Davos Forumu Cənubi Qafqaz və Mərkəzi Asiyada gözəl fürsət axtarışında»

 

 Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu "Al-Bayan" qəzetində "Bakıda keçirilən Davos Forumu Cənubi Qafqaz və Mərkəzi Asiyada gözəl fürsət axtarışında" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə deyilir ki, aprelin 7-8-də Azərbaycanın paytaxtı Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilmişdir. Forumda Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq mövzusu müzakirələrin diqqət mərkəzində olmuşdur.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirak etdiyi forumda sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə  və rabitə sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunmuşdur.

Forumun ilk iclasında "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə baxışlar" mövzusunda çıxış edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab demişdir ki, Azərbaycanın nadir coğrafi mövqeyi və əlverişli iqlimi bu ölkənin digər dövlətlərlə əməkdaşlığı üçün uğurlu imkanlar yaratmışdır. O, əlavə etmişdir ki, Azərbaycanın son onillikdə əldə etdiyi uğurlar forumun bu ölkədə keçirilməsinə imkan vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında bildirmişdir ki, ölkəsi və ümumilikdə region sürətlə inkişaf edir. Azərbaycan iqtisadiyyatı son on il ərzində üç dəfə artmışdır. Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın zəngin enerji kapitalı insan kapitalına sərf edilir. Bu sahədə əsas məsələ təhsildir, çünki biz bu kapitaldan faydalanacağıq. Prezident  son on il ərzində əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın ilk süni peykinin bu ilin fevralında uğurla orbitə buraxıldığını qeyd etmişdir.

Məqalədə bildirilir ki, Bakı Forumu regionun perspektivlərini müəyyənləşdirmək baxımından gözəl bir fürsətdir. Forumda regionun  uzunmüddətli inkişafına nail olmaq üçün müzakirələr aparılmışdır.

Forumun Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafının əyani göstəricisidir. Cənubi Qafqaz respublikalarından biri olan Azərbaycan sonrakı illərdə də sürətlə inkişaf edəcəkdir.

Məqalədə deyilir: "Bakıda keçirilən Dünya İqtisadi Forumu regionun gələcəyi üçün əsas çağırışlar və imkanların qiymətləndirilməsində regional və qlobal güclərin əlaqələndirilməsi üçün mühüm platformadır. Bu tədbir Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcəkdir. Forum çərçivəsində regionda uzunmüddətli inkişafa nail olmaq üçün meyillər və geniş istiqamətlər müəyyən edilmişdir. Məqalənin tam mətni ilə httr://www.albayan.ae/one-world/overseas/2013-04-08-1.1858159 linkindən tanış olmaq mümkündür.

Davos Forumunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki diasporunun rəhbəri Samir İmanov mətbuat konfransı keçirmişdir. Bundan başqa, Samir İmanov "Al-Bayan" qəzetinə müsahibə verərək bildirmişdir ki, bu gün Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsinin əsas səbəbi Azərbaycanın digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurlar əldə etməsidir.

S.İmanov əlavə etmişdir ki, forumun Bakıda keçirilməsinin bir səbəbi də Azərbaycan Prezidenti İlham Əliyevin müdrik iqtisadi siyasət yürütməsinə verilən qiymətlə bağlıdır.

Bildirilmişdir ki, forumda həmçinin Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev, Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayev, Rusiyanın VTB Bankının sədri Andrey Kostin, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız və başqaları çıxış etmişlər.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.