Azərbaycan ilə
beynəlxalq banklar arasında əməkdaşlıq
əlaqələrinin perspektivləri müzakirə olunmuşdur
"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser aprelin 9-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyində olmuşdur.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
maliyyə naziri Samir Şərifov görüşdə Azərbaycan
ilə AİB arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğulamış, mövcud kredit
portfelinin qiymətləndirilməsi, yeni ölkə tərəfdaşlıq
strategiyası, o cümlədən ölkəmizin Bank ilə
birgə həyata keçirdiyi su, nəqliyyat və digər
infrastruktur layihələri barədə müzakirə
aparılmışdır.
K.Gerhauser
Bakıda keçirilən Dünya İqtisadi Forumunun Azərbaycan
ilə dünya ölkələri arasında iqtisadi əlaqələrin
daha da dərinləşməsi baxımından əhəmiyyətini
vurğulamışdır.
Elə
həmin gün Dünya İqtisadi Forumunda iştirak etmək
üçün ölkəmizdə olan Avropa Yenidənqurma və
İnkişaf Bankı (AYİB) idarə heyətinin üzvləri
ilə keçirilən görüşdə maliyyə naziri
S.Şərifov Azərbaycan ilə AYİB arasında əməkdaşlığın
müxtəlif istiqamətlərindən
danışmış, respublikamızda həyata keçirilən
yol-nəqliyyat kompleksinin və infrastrukturunun yenidən
qurulması və digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.