Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda oynadığı rolun vacibliyini bir daha sübut etdi

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda oynadığı rolun vacibliyini bir daha sübut etdi.

Bu sözləri Böyük Britaniyanın "Reading" Universitetinin Avropa-Asiya Araşdırmaları Mərkəzinin direktoru Yelena Kalyujova AzərTAc-a müsahibəsində demişdir.

Y.Kalyujova bildirmişdir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyi ilə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən forumda əsas çağırışlar və imkanlar dəyərləndirilmişdir, yeni ideyalar irəli sürülmüş və təkliflər səsləndirilmişdir.

Azərbaycanda gedən inkişaf proseslərindən danışan Y.Kalyujova ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi baxımından böyük işlər görüldüyünü diqqətə çatdırmışdır. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi böyük töhfənin, qlobal iqtisadiyyatda oynadığı mühüm rolun qlobal miqyasda yüksək qiymətləndirildiyini söyləmişdir. Y.Kalyujova vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və enerji resurslarından səmərəli istifadə dünya dövlətləri üçün nümunədir.   

Sonuncu dəfə Bakıda 2006-cı ildə olduğunu deyən qonaq şəhərimizdə gördüyü tikinti-quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirmişdir.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.