Tarixin dönüş mərhələsində ən düzgün yol seçən böyük azərbaycanlı

 

Hər xalqın seçilən və sevilən, tarixin çətin anlarında ona yol göstərən, böyük tarixi dönüşlər zamanı düzgün istiqamət seçərək onu büdrəməkdən xilas edən və həmin dönüşlərdən uğurla keçirən bir tarixi şəxsiyyəti olur. Belə şəxsiyyətlər gördüyü misilsiz işlərə, ən başlıcası, xalqının, millətinin varlığını, mövcudluğunu əbədiləşdirdiyinə, onun gələcək inkişaf yollarını, millətlər və dövlətlər arasında yerini, mövqeyini müəyyənləşdirdiyinə görə həmin xalqın, millətin əbədi qürur mənbəyinə çevrilirlər. İllər keçdikcə belə insanların qeyri-adiliyi və onların ideyalarının ölməzliyi, həmişəyaşarlığı dönə-dönə öz təsdiqini tapır və bu ideyalar bütün nəsillərə örnək olur, onları daha böyük quruculuq işlərinə ruhlandırır.

Azərbaycan xalqının da zaman-zaman belə tarixi şəxsiyyətləri olmuş və məhz onların sayəsində dünyanın yüzlərlə millətin və xalqın çox az bir hissəsinə nəsib olan müstəqil dövlətini quraraq yaşamış və yaşayır. Bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə bərpa etdiyi müstəqilliyinin nailiyyətləri ilə fəxr edir, bu nailiyyətləri gündən-günə artırır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu  beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, bu təşkilatlar vasitəsilə dünyada öz sözünü deyə bilir. Azərbaycan özünün zəngin təbii ehtiyatlarından bəhrələnərək neft kapitalını insan kapitalına çevirir, ölkənin inkişafı naminə bütün mövcud imkanlardan istifadə edərək xalqının həyat səviyyəsini daha da yaxşılaşdırır.

XX əsrdə Azərbaycan xalqının taleyinə ulu Tanrının qisməti kimi göndərilən belə tarixi şəxsiyyətlərin ən ünlüsü tariximizin şərəfli səhifələrini yazmış böyük siyasi xadim, böyük vətənpərvər, sözün əsl mənasında, böyük insan, böyük azərbaycanlı Heydər Əliyev olmuşdur. Bu il 90 illiyini dərin ehtiramla qeyd etdiyimiz ulu öndərin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir və onun milləti, xalqı, dövləti, bütövlükdə Vətəni üçün gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz.

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli sərəncamında bugünkü müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə Azərbaycan dövlətinin qurulmasında xidmətləri qeyd edilmişdir. Sərəncamda bu böyük tarixi şəxsiyyətin hələ sovet dövründən başlayaraq Azərbaycanın bütün sahələrdə inkişafı üçün gördüyü işlər, müstəqilliyimizin əsasını təşkil edən iqtisadi və mənəvi bünövrənin yaradılmasından ötrü həyata keçirdiyi tədbirlər, çətin tarixi şəraitdə və situasiyalarda atdığı qətiyyətli addımlar, Azərbaycan dilinin, mədəniyyətinin, elminin tərəqqisi, Azərbaycanın beynəlxalq nüfuzunun formalaşdırılması və gücləndirilməsi üçün göstərdiyi səylər öz əksini tapmışdır. Bu sərəncamda xalqını və Vətənini bütün varlığı ilə sevən və həyatını xalqına xidmətə həsr edən misilsiz tarixi şəxsiyyət kimi Heydər Əliyevin yerinə yetirdiyi böyük missiyanın mərhələləri qısaca da olsa göstərilmiş və qeyd edilmişdir: "Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir".

Heydər Əliyevin özünün ən böyük azərbaycanlı adını 1990-cı ilin Yanvar hadisələri zamanı Moskva şəhərində Azərbaycan nümayəndəliyi qarşısında keçirilən  böyük mitinqdə etdiyi tarixi çıxışla təsdiq etdiyini desək, yanılmarıq. 20 Yanvar qırğınına qarşı kəskin münasibətini bildirən Heydər Əliyev böyük siyasi cəsarət nümayiş etdirməklə bərabər, həm də əsl vətənpərvərlik, qeyrət nümunəsi göstərmişdir.

Cəsarətlə demək olar ki, Heydər Əliyev ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Bu ideyalar ətrafında birləşən xalqımız ölkənin iqtisadi və müdafiə qüdrətinin artırılması, mədəniyyətimizin, elmimizin, təhsil və səhiyyəmizin inkişaf etdirilməsi, ölkənin yeni dövrün tələb etdiyi kimi informasiya və kommunikasiya texnologiyaları əsasında müasirləşdirilməsi, yeni idarəetmə sistemi olan elektron hökumətin qurulması üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük işlər görür.

Bu gün Azərbaycanın hər bir guşəsi böyük quruculuq işlərinin aparıldığı meydançalara çevrilmişdir. İndi Azərbaycanın şəhər və kəndlərinin siması tamamilə dəyişir, ölkə sanki yenidən qurulur, bu tikinti və abadlıq işləri ən yüksək səviyyədə, müasir dünya standartlarına uyğun həyata keçirilir. Ölkəmizin öz müstəqilliyinin 21 ilində əldə etdiyi nailiyyətlər onun bütün sovet dövründə əldə etdiyi nailiyyətlərdən qat-qat yüksəkdə durur. Bu da ulu öndərin qurduğu və möhkəmləndirdiyi dövlət müstəqilliyimizin bəhrəsidir və bunu heç kəs Azərbaycan xalqının əlindən ala bilməz.

Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun gördüyü işləri tarixin prizmasından, dövrün tələb və meyarları baxımından, eyni zamanda, müasirlərinin mövqeyindən təhlil etdikdə həm siyasi xadim və dövlət rəhbəri, həm vətəndaş, həm də insan və şəxsiyyət kimi əzəmətinə və qüdrətinə heyran qalmamaq olmur. Buna misal olaraq, 1998-ci ildə keçirilən prezident seçkilərindən sonra onun yenidən dövlət başçısı seçilməsi münasibətilə dünyanın tanınmış siyasi xadimlərinin və böyük şəxsiyyətlərinin göndərdiyi təbrik məktublarının bəzilərinə nəzər salmaq kifayətdir. Ulu öndər yenidən Azərbaycan Prezidenti seçildikdən sonra andiçmə mərasimində söylədiyi tarixi  nitqində Azərbaycanın sabitlik və iqtisadi inkişaf yolunda qısa müddət ərzində qazandığı nailiyyətləri qeyd etməklə yanaşı, gələcək inkişaf yollarını da müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün görüləcək işləri  xalqa bəyan etmiş və bu təntənəli mərasimə gələn çoxsaylı xarici qonaqlar qarşısında bu sözləri iftixarla səsləndirmişdi: "Bəyan edirəm ki, mən andıma daim sadiq qalacağam və ömrümün sonuna qədər doğma Vətənimiz Azərbaycana, millətimizə, xalqımıza sədaqətlə xidmət edəcəyəm".

Heydər Əliyevin nə qədər böyük tarixi şəxsiyyət olduğunu onunla ünsiyyətdə olan bütün dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri dərhal görür və etiraf edirdilər. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olan Kofi A.Annan Heydər Əliyevə yenidən Prezident seçilməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazırdı: "Ölkənizi tarixin dönüşlərindən keçirmək məqsədini daşıyan çətin missiyanızda Sizə hər cür müvəffəqiyyətlər arzulayıram. Mən əminəm ki, Sizin özünü doğrultmuş idarəetmə fəaliyyətiniz sayəsində Azərbaycan xalqının daimi tərəqqisi əldə ediləcəkdir".

Türk dünyasının böyük yazıçı və ictimai xadimlərindən biri Çingiz Aytmatov isə öz ürək sözlərini belə ifadə edirdi: "Azərbaycan Respublikasının prezidenti seçkiləri milli tədbir olsa da, qlobal əhəmiyyət kəsb etmişdir. Seçkiləri dünya izləyirdi. Ölkənizin coğrafi-siyasi vəziyyəti belədir, Sizin öhdənizə düşən vəzifə belədir... Dünyada Sizin bu əsrdə görməli olduğunuz işdən daha məsul bir iş yoxdur". Bəli, Heydər Əliyevin XX əsrdə gördüyü hər bir iş Azərbaycan xalqının tarixinə, taleyinə yazıldı və hələ uzun əsrlər bu müqəddəs işlər xalqımızın rifahına xidmət edəcəkdir.

Heydər Əliyevin nüfuzu təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmırdı. Onu keçmiş SSRİ məkanında hər bir şəhərdə, hətta kənddə belə yaxşı tanıyır, Sovet İttifaqının rəhbərlərindən biri kimi gördüyü işlərə görə rəğbət bəsləyir, çox güclü bir siyasi xadim olduğunu bilirdilər. Dağıstanın xalq şairi, keçmiş Sovetlər İttifaqında çox tanınmış ictimai xadim Fazu Əliyeva Heydər Əliyevə olan səmimi ehtiramını belə ifadə edirdi: "Siz xalqınızın ləyaqətli övladısınız. Bütün həyatını Azərbaycan xalqının səadətinə həsr etmiş vicdanlı, ədalətli, mərd insansınız. Biz bir an da şübhə etmirdik ki, müdrik və  əməksevər Azərbaycan xalqı düzgün seçim edəcəkdir. Doğma xalqın etimadı insan üçün ən ali mükafatdır". Belə ürək sözlərini yazan minlərlə insanın məktublarından saysız-hesabsız nümunələr göstərmək olar. Lakin Heydər Əliyev gördüyü bütün işlərdə ona deyiləcək xoş sözləri və tərifləri deyil, öz respublikasının, dövlətinin, xalqının taleyini, gələcəyini düşünürdü və bütün gücünü, qüvvəsini bu ali məqsədin reallaşmasına həsr edirdi.

Heydər Əliyevin ən böyük azərbaycanlı olduğunu sübut edən yüzlərlə fakt göstərmək olar. O, bütün hərəkətləri, addımları və nəcib əməlləri ilə bunu sübut etmişdir.

İstər-istəməz onun respublikaya rəhbərlik etdiyi təqribən yarım əsrlik bir dövrün ilk mərhələsini xatırlamaq lazım gəlir. Hələ keçmiş Dövlət Təhlükəsizliyi Komitəsində çalışarkən əsl vətənpərvərlik nümunəsi göstərərək bir çox namuslu soydaşımızı təqiblərdən qoruyan bu böyük şəxsiyyətin 1969-cu ildən Azərbaycana başçılıq etdiyi dövrdə gördüyü ilk tədbirlərdən biri bu idi ki, keçmiş SSRİ-də ancaq xammal mənbəyi kimi tanınan və bütün iqtisadi göstəriciləri ilə ittifaq respublikalarından geridə qalan bir respublikanı dirçəltsin. Bunun üçün ilk növbədə, qayda-qanunu, ədaləti bərpa etmək, xalqı səfərbər etmək, onda özünüdərk hissini oyatmaq  lazım idi və respublikaya başçılıq etdiyi birinci gündən bu istiqamətdə ciddi fəaliyyətə başladı.

Həmin dövrdə Azərbaycan iqtisadiyyatı əsl tənəzzül dövrünü keçirirdi. Heydər Əliyevin qısa müddətdə Azərbaycanı sırf aqrar respublikadan sənaye respublikasına çevirməsi asan məsələ deyildi, lakin Heydər Əliyev qətiyyəti və əzmkarlığı sayəsində bu, baş verdi. Azərbaycanın kənd təsərrüfatı yeni mərhələyə qədəm qoydu və sürətlə sənaye müəssisələri yaradılmağa başladı. Heydər Əliyevin rəhbərliyi altında 1970-1985-ci illərdə Azərbaycanda 250-dən çox sənaye müəssisəsi yaradıldı, bir sıra sahələr üzrə Azərbaycan ön sıralara çıxdı, dünyanın 65 ölkəsinə 350-dən artıq məhsul ixrac etməyə başladı.

"Qırmızı beşilliklər" kimi tarixə düşən bu illərdə Azərbaycanın kənd və şəhərləri görünməmiş sürətlə abadlaşdı, əhalinin maddi vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı, bütün sahələrdə, o cümlədən elm, mədəniyyət, təhsil sahəsində böyük irəliləyişlər oldu. Bugünkü müstəqilliyimizin iqtisadi bünövrəsi, mənəvi dayaqları məhz ulu öndərin uzaqgörənliyi, strateji düşünmə qabiliyyəti sayəsində hələ o illərdə yaranmağa başlamışdır.

Ümummilli lider özü həmin dövrü qiymətləndirərkən deyirdi: "1970-1985-ci illər Azərbaycanın salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur".

Tikintisi uzun vaxt tələb edən sənaye müəssisələrinin Heydər Əliyevin təşəbbüsü ilə çox qısa bir müddətdə, bütün xalq səfərbər edilməklə Azərbaycanda qurulması ittifaqda böyük rezonans doğururdu. Buna misal olaraq, Bakı Kondisionerlər zavodunu göstərmək olar. Cəmi 2 il ərzində tikilib istifadəyə verilən bu müəssisə həmin dövrdə Sovet İttifaqında son elmi-texniki nailiyyətlərdən biri hesab olunurdu.

Ümummilli liderin gördüyü hər bir işdə bugünkü Azərbaycanın müstəqilliyinin təməl daşlarını görməmək mümkün deyildir. Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında da, Bakıda fəaliyyət göstərən ali hərbi məktəblərə azərbaycanlı kursantların qəbulu üçün çalışanda da, hər il yüzlərlə azərbaycanlı tələbəni Rusiyanın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərəndə də, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafına təkan verən yeni sənaye müəssisələrini, enerji müstəqilliyini təmin edən SES-ləri inşa etdirəndə də, kənd təsərrüfatını yeni səviyyəyə qaldırmaq üçün yüzlərlə emal müəssisəsi, çox geniş meliorasiya şəbəkəsi yaradanda da, Azərbaycanın bütün ərazisində dəmiryolu və avtomobil nəqliyyatı şəbəkəsini quranda da yalnız Azərbaycanın gələcəyini, Azərbaycan xalqının səadətini və xoşbəxtliyini düşünürdü.

Bu Vətən sevgisi, Vətən məhəbbəti, vətəndaşlıq qeyrəti olmasaydı, Azərbaycanın milli mənəvi dəyərlərinə bu qədər əhəmiyyət verilməz, Nəriman Nərimanov kimi  böyük tarixi şəxsiyyətin Bakı və Ulyanovsk şəhərlərində heykəlləri ucaldılmaz, Hüseyn Cavid kimi sənətkarın nəşi Azərbaycana gətirilməz və onun xatirəsi bu dərəcədə yad edilməzdi. Ulu öndərin bu fəaliyyəti hələ o zaman öz bəhrəsini verməyə başlamışdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə azərbaycanlı mütəxəssislər SSRİ neft sənayesində aparıcı mövqelər  tutur, Bakı SSRİ-nin neft akademiyasına çevrilir, azərbaycanlı gənclər SSRİ iqtisadiyyatının əsas sahələrində özünü tanıdırdı. Heydər Əliyev Baykal-Amur magistralı kimi nəhəng tikintiyə rəhbərlik edərkən azərbaycanlı mütəxəssislərin burada yeni-yeni şəhərlər salmasına və Rusiyada artıq kifayət qədər güclü Azərbaycan diasporunun yaradılmasına çalışırdı. Məhz Heydər Əliyevin səyi ilə Azərbaycan dünyanın altıdabirini təşkil edən keçmiş Sovetlər İttifaqında ən tanınmış respublikalardan birinə çevrildi, azərbaycanlıların Rusiyada müsbət imici formalaşdı. Bu gün də keçmiş SSRİ məkanındakı müstəqil respublikalarda yüzlərlə tanınmış Azərbaycan ziyalısı həmin ölkələrin həyatında mühüm rol oynayır, iqtisadiyyatın, elm və mədəniyyətin inkişafında onların xidmətləri hamı tərəfindən müsbət qiymətləndirilir. Bununla yanaşı, onlar Azərbaycan dövlətinin xaricdəki mövqeyinin gücləndirilməsinə, onun siyasi xəttinin təbliğinə böyük kömək göstərirlər.  

Sonralar, Azərbaycanın müstəqillik illərində həmin dövrə qiymət verərkən ulu öndər keçmişə hörmətlə yanaşmağı tələb edir və Azərbaycanın sovet dövründə nələr əldə etməsini belə qiymətləndirirdi: "Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır".

Ötən əsrin tarixinə nəzər salsaq, Sovet İttifaqı dağıldıqda özünü iqtisadi cəhətdən təmin etmək gücündə olan 2-3 respublikadan biri Azərbaycan idi. Çünki Heydər Əliyevin səyi ilə Azərbaycanın güclü energetika bazası, sənayesi, kənd təsərrüfatı yaradılmışdı.

Heydər Əliyev keçmişin bütün müsbət cəhətlərinin əxz edilməsinin, ondan bəhrələnərək yeni dəyərlərin yaradılmasının tərəfdarı və təşəbbüskarı idi. Burada haşiyə çıxaraq Heydər Əliyevin yanında keçirilən bir müşavirədə onun Azərbaycanda dini durum haqqında dediyi fikirləri oxucuların yadına salmaq istərdik. Azərbaycana rəsmi səfərə gələn bir xarici dövlət rəhbərinin harada namaz qılması məsələsi müzakirə olunarkən onun hansı təriqətə mənsub olması məsələsi ortaya çıxdıqda, ulu öndər həyəcanla bildirdi ki, Azərbaycanda bütün dinlərdən və təriqətlərdən olan insanlar çox mehriban yaşayıblar və yaşayırlar. Sovet dövründə dinə soyuq münasibətin bəlkə də yeganə müsbət cəhəti bu təriqətlərin unudulması idi və bu məsələnin yenidən qabardılması Azərbaycana ən böyük zərbə olar. Ona görə də buna qətiyyən yol vermək olmaz. Bu, Azərbaycanda tolerantlığın qorunub saxlanması barədə ulu öndərin verdiyi müdrik və çox düzgün tövsiyə idi.

Eyni münasibəti təhsillə bağlı  müzakirələrdə də nümayiş etdirən Heydər Əliyev keçmiş sovet dövründəki təhsil sisteminin bütün müsbət cəhətlərini qoruyub saxlamaqla onu müasir dövrün tələblərinə uyğunlaşdırmağı  tələb edir və deyirdi ki, bir çox dövlətlərdə, o cümlədən qonşu dövlətlərdə icbari təhsil tətbiq edilmədiyindən hələ də əhalinin böyük bir qismi savadsızdır. Azərbaycanda isə bir nəfər də olsa savadsız yoxdur. Ulu öndər bunu yüksək qiymətləndirir və bu sahədə əldə olunan nailiyyətləri daha da genişləndirərək artıq dünya təhsil sisteminə inteqrasiya məsələlərini qarşıya qoyurdu. Bu gün Azərbaycanda həyata keçirilən gənclərin xaricdə təhsili üzrə dövlət proqramı ulu öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən  Heydər Əliyev ideyalarının davam etdirilməsinin və reallaşdırılmasının sübutudur.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi və tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra gördüyü işlərin miqyası xüsusilə qeyd edilməlidir. Respublikaya rəhbərlik etdiyi son 10 il ərzində onun fəaliyyəti Azərbaycan tarixinə misli görünməmiş uğurlar və qələbələr tarixi kimi yazılmışdır. İlk növbədə, Azərbaycanın az qala itirilməkdə olan müstəqilliyi qorunub saxlandı. Ölkəni bürüyən özbaşınalıq və xaos aradan qaldırıldı. Ölkəni təhdid edən vətəndaş müharibəsi təhlükəsinin qarşısı məhz Heydər Əliyevin müdrikliyi sayəsində alındı.

Onun səyləri ilə Azərbaycanın Ermənistan tərəfindən davam edən işğalı dayandırıldı, ölkənin iqtisadiyyatını bərpa etmək və sabitliyi təmin etmək üçün son dərəcə zəruri olan atəşkəs əldə olundu, insanlar ilk dəfə rahat nəfəs aldılar. Ölkədə sabitlik yaranması ilə yanaşı, bütün sahələrdə dinc quruculuq işləri vüsət aldı. Azərbaycanın neft strategiyası müəyyən edilərək həyata keçirilməyə, bunun köməyi ilə ölkənin dağılmış iqtisadiyyatının bərpa olunmasına başlandı. Ən başlıcası isə insanların dövlətə, dövlət rəhbərinə inamı bərpa olundu, xalq öz arxasında güclü dövlətin, güclü rəhbərin olduğunu hiss etdi. 

Ümummilli liderin respublika rəhbərliyinə ikinci qayıdışı ölkəyə yeni həyat, yeni nəfəs verdi. Həyatın ritmi, ahəngi dəyişdi, qarmaqarışıqlıq və hərc-mərclik sabitlik və ardıcıl inkişafla əvəz olundu. Həyat sabit inkişaf məcrasına yönəldildi. Ölkənin taleyi üçün çox vacib olan həmin məqamda Heydər Əliyev dühası özünün böyüklüyünü bir daha təsdiq etdi. O, bütün hadisələrin fövqündə və zirvəsində duraraq, ölkənin keçmişinə arxalanaraq gələcəyinə yol açmağa, tarixin Azərbaycana bəxş etdiyi böyük müstəqillik payının qorunub saxlanmasına zəmin yaratmağa başladı və öz dühasının gücü ilə buna nail oldu.

Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycan üçün gördüyü misilsiz işlər, əslində, heç bir ölçüyə sığmır. Yaşına baxmayaraq, gənclik həvəsi ilə işləməsi, vaxtla, zamanla hesablaşmadan fədakarcasına çalışması Heydər Əliyevi yaxından müşahidə edən hər bir insanı heyrətləndirirdi. Ölkənin düşdüyü  gərgin şərait, daxili və xarici qüvvələrin pozuculuq fəaliyyəti, cəbhədə davam edən müharibə şəraiti, ölkə iqtisadiyyatının tamamilə dağınıq vəziyyətə düşməsi, hətta əhalinin aclıq təhlükəsi qarşısında qalması onu qeyri-adi enerji ilə işləməyə, eyni zamanda, ətrafındakıları da belə rejimdə çalışmağa vadar edirdi. Həmin illərdə Heydər Əliyevin iş qrafikinə kim nəzər yetirsə, bu qədər işin bir nəfər tərəfindən görülməsinə heç bir vəchlə inana bilməz.

Elə günlər olurdu ki, Heydər Əliyev bir gündə 3-4, bəzən 5-6 müşavirə və görüş keçirir, hətta bu görüşlər bəzən gecə yarısınadək davam edirdi. Xüsusilə respublikanın taxıl ehtiyatları ilə təchizatı onu həddindən artıq narahat edir, Bakı şəhərinin bəzən bircə günlük taxıl ehtiyatının qalması onu fövqəladə tədbirlər görməyə məcbur edirdi. O zaman Xəzər dənizinin şimal hissəsinin donması gəmilərlə taxıl gətirilməsini son dərəcə çətinləşdirmişdi. Şimali Qafqazda gedən müharibə isə dəmiryolundan istifadəyə imkan vermirdi. Bütün bu çətinliklərə baxmayaraq, Heydər Əliyev özünün şəxsi əlaqələrindən və nüfuzundan istifadə edərək respublika əhalisinin çörəklə təchizatında fasilələr yaranmasına imkan vermirdi.

Üstəlik, respublikada tez-tez baş verən pozuculuq hərəkətlərinin və çevriliş cəhdlərinin qarşısını almaq ölkə rəhbərindən son dərəcə böyük enerji və qüvvə tələb edirdi. Heydər Əliyev gecəni gündüzə qataraq bu işlərin öhdəsindən böyük məharətlə gəlirdi. O dövrdə Heydər Əliyevlə işləyənlər onun iş rejimi ilə ayaqlaşmağa çalışır və dövlət başçısından nümunə götürərək hər vasitə ilə ona kömək etməyə səy göstərirdilər.

Həmin illərdə Heydər Əliyevin yüksək işgüzarlığını, yorulmazlığını və fədakarlığını göstərən saysız-hesabsız epizodlar sadalamaq olar. Dövlət əhəmiyyətli işlərinin həddindən çox olmasına baxmayaraq, o, tez-tez respublikanın müxtəlif rayonlarında əhali ilə görüşlər keçirir, eyni zamanda, Prezident sarayında əhalinin müxtəlif kateqoriyaları, ziyalılar və iş adamları ilə görüşlər keçirməkdən yorulmur, onların rəy və təkliflərini, arzu və istəklərini axıradək dinləyir, öyrənir, yerinə yetirməyə çalışırdı.

Belə görüşlərdən biri də Prezident sarayında Kəlbəcər köçkünləri ilə keçirilən görüş idi. İş gününün sonunda saat 18.00-da başlayan bu görüş saat 24.00-dək davam etmişdi. Sinəsi dolu olan kəlbəcərlilər aramsız danışır, Heydər Əliyev onları diqqətlə dinləyir, eyni zamanda, artıq bəzilərinin mürgülədiyini də görürdü. Heç kəsin sözünü kəsmək istəməsə də, növbəti çıxışçı söz istədikdə dedi: "Mənim üçün fərqi yoxdur, istəyirsiniz, səhərədək davam edək, ancaq bəziləri artıq yatır, nə deyirsiniz?" Görüş iştirakçıları yalnız bundan sonra çıxışlarını dayandırdılar.  

Bunlarla yanaşı, o, müstəqil dövlətin möhkəmləndirilməsi üçün bu dövlətin hüquqi bazasının yaradılması, demokratik dövlətin əsasını təşkil edən yeni konstitusiyanın, iqtisadi münasibətləri tənzimləyən yeni qanunvericilik bazasının işlənib hazırlanmasını, sosializm cəmiyyətinin özünü doğrultmayan idarəetmə sisteminin yeni, bazar iqtisadiyyatı münasibətləri ilə əvəz edilməsini vacib məsələ hesab edir, bu işlərlə də müntəzəm məşğul olurdu.

Azərbaycanın bu gün uğurla həyata keçirilən Konstitusiyasının hazırlanması ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. Heydər Əliyev Azərbaycan  iqtisadiyyatında yeni münasibətlərin yaranmasında və formalaşmasında son dərəcə qətiyyətli və cəsarətli addımları ilə də özünə əbədi iz qoymuşdur. Keçmiş sovet respublikaları arasında ilk dəfə özəlləşdirmə proqramını hazırlayıb həyata keçirən, həmçinin torpaq islahatını tətbiq edərək kəndlini torpağın əsl sahibinə  çevirən, sahibkarlıq üçün geniş perspektivlər açan ilk respublika Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası olmuşdur.

Atəşkəs rejimi əldə olunduqdan və bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alındıqdan sonra Heydər Əliyev Azərbaycanda əsl dövlət quruculuğuna start vermiş, yeni dövlətin yeni qanunvericilik bazasının yaradılmasına rəhbərlik etmiş, ölkənin gələcək taleyində son dərəcə mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin həyata keçirilməsinə başlanmış, Azərbaycanın Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv olması təmin edilmiş, respublikada insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm vasitələrdən hesab edilən Konstitusiya Məhkəməsi və İnsan Hüquqları üzrə Müvəkkil təsisatı yaranmış, kütləvi informasiya vasitələrinin üzərinə qoyulan senzura ləğv edilmişdir.

Azərbaycanda ölüm hökmünü də ilk dəfə olaraq Heydər Əliyev ləğv etmiş, bugünkü azad və demokratik dövlət quruluşumuzun bütün əsasları onun dövründə yaradılmışdır. Azərbaycan xalqı misilsiz xidmətlərinə görə Heydər Əliyevi özünün ümummilli lideri elan etmiş və həmişə onun yolunu davam etdirməyi qarşısına məqsəd qoymuşdur.

Heydər Əliyev hələ öz sağlığında Azərbaycan xalqı və türk dünyası üçün canlı əfsanəyə çevrilmiş bir xadim idi. O, Azərbaycana rəhbərlik etdiyi illərdə, həmçinin SSRİ-nin rəhbərliyində təmsil olunanda bütün varlığı ilə xalqın, dövlətin və millətin mənafeyinə xidmət etmiş, bütün sahələrdə zəngin bilik və bacarığa, yüksək erudisiyaya malik olduğunu sübut etmiş, böyük və xeyirxah işləri ilə Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl qurmuşdur.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev böyük siyasi və ictimai xidmətləri ilə yanaşı, müxtəlif vaxtlarda etdiyi dərinməzmunlu  məruzə və nitqlərini, beynəlxalq tribunalardan etdiyi çıxışlarını bizə miras qoymuşdur. Bu, elə bir zəngin və əvəzsiz irsdir ki, bundan sonra da uzun illər öyrəniləcək, araşdırılacaq və Azərbaycan xalqı, xüsusilə Azərbaycan gəncləri üçün örnək rolunu oynayacaqdır.

Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük irs isə müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin gələcək inkişafı, müstəqilliyinin əbədiliyi Heydər Əliyev ideyalarından güc alır və alacaqdır.

 

 

Süleyman İSMAYILOV.

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 2.