Azərbaycan
nümayəndə heyəti İstanbulda keçirilən XVI
Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir
İstanbulda Mərmərə Qrupu Strateji və
Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı
keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə
iştirak edir.
Zirvə
toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı
ilə 58 ölkədən gəlmiş 450-dən çox
prezident, baş nazir, nazirlər və digər rəsmi şəxslərin
iştirak etdikləri "Azərbaycan gecəsi"
keçirilmişdir. Gecədə müğənni Tünzalə
Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının
əsərləri ifa olunmuşdur.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan
Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin
zirvə toplantısının iştirakçılarına
müraciətini oxumuşdur.
Zirvə
toplantısında Türkiyə Prezidenti Abdullah Gülün və
UNESCO-nun baş direktoru İrina Bokovanın da müraciətləri
oxunmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycan bu il də bu zirvə toplantısında geniş tərkibdə iştirak edir. On altıncı dəfə keçirilən bu zirvə toplantısında biz hər şeydən əvvəl müxtəlif sahələrdə qazandığımız uğurları təbliğ edirik. Burada iqtisadiyyat, sosial sahə, kommunikasiya, nəqliyyat, enerji, mədəniyyət və digər sahələr üzrə təmsil olunan ölkələrlə əlaqələr qururuq. Bu ölkələrlə Avrasiya məkanında əməkdaşlığın müxtəlif tərəflərini müzakirə edirik. Nəticə olaraq, Azərbaycanın dünyaya daha sıx inteqrasiyasına dəstək veririk. Bizim ölkəmiz bu il də xüsusi konsert proqramı təşkil etdi. Keçiriləcək bölmə iclaslarında nümayəndə heyətimizin üzvləri informasiya-kommunikasiya texnologiyaları, enerji, nəqliyyat, təhsil və digər sahələrə dair məruzələr təqdim edəcəklər.
Ə.Həsənov
vurğulamışdır ki, 60-a yaxın ölkədən
çoxsaylı nümayəndələrin iştirak etdikləri
zirvə toplantısında biz Azərbaycanın Dağlıq
Qarabağ, təhlükəsizlik və digər problemlərini
də bölüşürük. Xəzər bölgəsində
ölkəmizin reallaşdırdığı transmilli layihələr,
digər mühüm məsələlər üzrə də
vacib əlaqələr yaradırıq.
Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri,
professor Akkan Suver açılış nitqində
bildirmişdir ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu
il də dünyanın bütün qitələrindən
qonaqların iştirakı ilə planetin aktual məsələlərini
gündəmə gətirir. O vurğulamışdır ki, hər
il olduğu kimi, bu il də Azərbaycan zirvə
toplantısının işində ən fəal ölkə
kimi iştirak edir.
Türkiyə
Böyük Millət Məclisinin sədri Cəmil
Çiçək, Makedoniya Prezidenti Gyorge İvanov, Albaniya
Prezidenti Bujar Nişani, Türkiyənin ətraf mühitin
qorunması və meşə təsərrüfatı naziri
Veysəl Eroğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, millət
vəkilləri çıxış edərək zirvə
toplantısının əhəmiyyətindən
danışmış, tədbirin işinə uğurlar diləmişlər.
Sonra
toplantı işini bölmə iclaslarında davam
etdirmişdir. Azərbaycanın rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov
ölkəmizdə müasir kommunikasiya texnologiyaları, təhsil
sahəsində həyata keçirilən islahatlar və əldə
olunmuş nailiyyətlərdən ətraflı bəhs
etmişlər. Çıxışlarda
vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən
ardıcıl islahatlar nəticəsində bu gün ölkəmiz
orbitdə süni peykə malik olan inkişaf etmiş dövlətlər
arasında yer almışdır.
Mədəniyyət
və media üzrə keçirilən bölmə
iclaslarında Bakı Slavyan Universitetinin rektoru, professor Kamal
Abdulla və Qadın Jurnalistlər Birliyinin sədri Sevil
Yusifova məruzələrlə çıxış
etmişlər.
XVI
Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini
aprelin 11-də davam etdirəcəkdir.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.