Yaddaşımızın
qanlı səhifəsi
Ağdaban faciəsindən 21 il ötür
8 aprel 1992-ci il - Azərbaycan tarixinin qanlı, qara səhifəsi. Həmin gün başı buludlara dəyən möhtəşəm dağların ətəyində, zümrüd meşələrin ağuşunda uyuyan Azərbaycan aşıq poeziyasına şair Qurban, Dədə Şəmşir kimi ölməz sənətkarlar bəxş edən, saz-söz pərvanələrinin ziyarət məbədi, Azərbaycanın qızıl üzüyünün brilyant qaşı Kəlbəcərin Ağdaban kəndi əzəli və əbədi düşmənlərimiz olan erməni daşnakları tərəfindən vəhşicəsinə yerlə-yeksan edildi.
Aprelin 8-də Ağdaban kəndinin 21 il öncə ermənilər tərəfindən işğal olunmasına həsr edilmiş anım tədbiri keçirildi. Anım mərasimini Kəlbəcər Rayon İcra Hakimiyətinin başçısı Aqil Məmmədov açdı. Anım mərasimində o müdhiş günün 21-ci ildönümü ilə bağlı tükürpədici xatirələrlə yanaşı, ümid dolu ifadələr də səsləndirildi.
Tədbirdə qeyd edildi ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən Kəlbəcərin şimal-şərqində yerləşən, rayonun qala qapısı olan Ağdaban kəndinin əhalisi yurdlarını qonşu Ağdərə rayonunda yerləşən erməni silahlılarından müdafiə edirdilər. Lakin 1992-ci ilin əvvəllərində Ağdabanın işğalından bir neçə gün öncə Ağdabanı Ağdərənin Çapar kəndi ilə birləşdirən yollar minalardan təmizləndi. Kənd camaatı nə qədər buna qarşı çıxsalar da, onların təkidlərinə əhəmiyyət verən olmadı. Kənd əhalisi Ağdərə yolu ilə qonşu Çapar kəndinə döyüş texnikası və canlı qüvvə daşındığı barədə aidiyyəti orqanlara çox həyəcanlı xəbərlər verirdi. O zamankı respublika rəhbərliyi bu məlumatlara məhəl qoymurdu. Kəndin müdafiəsinə heç bir kömək göstərilmirdi.
Nəticədə aprelin 8-də səhər tezdən kənd camaatı evlərindən eşiyə çıxarkən kəndin erməni silahlıları tərəfindən üzük qaşı kimi mühasirəyə alındığını gördülər. Düşmən qüvvələri içərisində rus döyüşçüləri də az deyildi. Kənd bir neçə istiqamətdən mərmi yağışına tutulmuşdu. 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndləri amansızlıqla yandırıldı. 779 nəfər dinc əhaliyə divan tutuldu. 32 nəfər mülki və hərbi şəxsi vəhşicəsinə qətlə yetirildi. Onlardan 8 nəfəri azyaşlı uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov aparıldı, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi. 7 nəfər qoca və qadın diri-diri odda yandırıldı. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırmışdılar.
Daşnaklar Hüseynov Saşa Saleh oğlunun dərisini soya-soya qətlə yetirmişdilər. Kənd sakinlərindən Məmmədov Musa Qara oğlunu, Məmmədova Həyat Həsən qızını, Hümbətova Fatma Həsən qızını, Hümbətova Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu, Qocayeva Zeynəb Məmməd qızını, Qurbanov Qulu Sabir oğlunu diri-diri basdırmışdılar. Erməni cəlladları Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış, Məmmədov Ziyəddin Əlqəmə oğlunu, Məmmədov İsbəndiyar Lətif oğlunu tikə-tikə doğramış, Qasımov Rayət Behbud oğlunun üzərindən isə BTR markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırmışdılar. Kərimova Qəmər İsa qızının sinəsinə güllələrlə xaç şəkli çəkmişdilər.
Erməni vandalları kiçik bir yaşayış məntəqəsində dəşhətli bir faciə törətdilər. Bu, tariximizin qanlı səhifələrindəndir.
Bu faciədən 21 il keçməsinə baxmayaraq kəlbəcərlilər, o cümlədən də Ağdaban kəndinin sakinləri sözlə ifadəsi mümkün olmayan bu müsibəti bir an da olsun unutmur, qisasın alınacağına, möhtərəm Prezidentin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, ordumuzun gücü sayəsində Dədə Şəmşir yurdunun öz doğmalarına qovuşacağına əmindirlər.
"Aşıq
Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri,
o müdhiş gecədə nəsillərindən 20 nəfərə yaxın doğmasını itirmiş Qənbər Qurbanov,
şəhid ailəsi Gülara Hüseynova,
kənd sakinləri Yaşar Məmmədov, Tapdıq Qasımov,
Elşad Qaraşov, Əlqəmə
Məmmədov erməni separatçılarının törətdikləri insanlığa yaraşmayan faciə
barədə gözləri ilə gördükləri,
şahid olduqları o ağır məqamları,
tükürpədici mənzərələri dilə
gətirdilər.
Tədbirin
sonunda "Aşıq Şəmşir Mədəniyyət
Ocağı" İctimai
Birliyinin Ağdaban faciələrinə həsr olunmuş
qısametrajlı film nümayiş etdirildi.
Zahid MUXTAR,
"Kəlbəcərin harayı"
qəzetinin baş redaktoru
Azərbaycan.-2013.-10 aprel.-S.6.