«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2013-cü il

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 3.