Bəşərin əbədi
tacıdır Ana
Qucağına gülşən dediyimiz, adı ilə yurdumuzu vəsf edərək Ana Vətən çağırdığımız, bütün Yer üzünün iftixarı olan sevimli varlıq! Bəşər övladı var olan gündən onun həyatının nəqarətinə, ürəyinin sarı siminə çevrilən müqəddəs qadın! Şifahi xalq ədəbiyyatından tutmuş yazılı nümunələrimizə qədər sənin şərəfinə deyilən sözləri bir araya-ərsəyə gətirmək nə qədər çətin olsa da, ürəklərində yer tutduğun fədakarlar bunu övladlıq borcu bildilər.
Bu yaxınlarda Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında Əli Vəkil, Kərim Tahirov, Taleh Həmid "Kitabi-Dədə Qorqud"dan tutmuş klassik şairlərimiz və müasirlərimizə qədər, eləcə də xarici ölkə ədəbiyyatında olan nümunələri toplayaraq "Ana" adlı yeni nəşri oxuculara təqdim etdilər. Burada toplanan şeirlərdə ana məhəbbəti, Vətən və onun tükənməyn istəyi poetik hisslərlə naxışlanır, Anaya olan sonsuz məhəbbət bir məcrada birləşir. Heç zaman köhnəlməyən, həmişə təzə və təravətli görünən bu mövzunun müxtəlif qələm sahibləri tərəfindən işlənməsi Ana məhəbbətinin qüdrətindən xəbər verir.
"Analar, analar..."
adlı ön sözdə Taleh
Həmid yazır: "Tarixin uzun-uzadı
dönəmlərində qalın-qalın kitablar,
salnamələr analara olan
sonsuz məhəbbətdən, səmimiyyətdən
söz açdılar. Amma
nə sözlər tükəndi, nə fikirlər bitdi, nə də bu alovlu məhəbbətin sahili
göründü. Günlərin bir günü isə Həzrəti
Məhəmməd peyğəmbər (ə.s.) "Cənnət
anaların ayaqları altındadır" söylədi. Anaya olan məhəbbət,
sevgi ürəklərdə, könüllərdə
əbədi iz saldı. Bütün
bəşəriyyət Ana adını, Ana şərəfini hər zaman
başı üzərində gəzdirdi. Qədim keçmişimizin bədii salnaməsi olan "Kitabi-Dədə Qorqud"da da Ana
ucalığına qiymətli sözlər deyilib:
Ağ südün əmdiyim,
qadınım Ana,
Ağ birçəkli, izzətli
canım Ana!
Bu qədim dastanımızda
sözlə Ananın
rəsmi çəkilib,
heykəli ucaldılıb,
abidəsi yaradılıb. Bu ikicə misra kifayətdir ki, Ananın insan həyatındakı yeri müəyyən edilsin.
Ana yeganə varlıqdır
ki, övlad onun borcunu heç
zaman qaytara bilmir. Ana bizi
dünyaya gətirir, əziyyətimizi çəkir,
gecə-gündüz beşiyimizin
başında laylay deyir, böyüdür və yaşımızdan
asılı olmayaraq həmişə onun gözündə uşaq olaraq qalırıq. Analar haqqında minlərlə şeir yazlıb, əsər qələmə
alınıb, musiqilər
bəstələnib. Ürəklərin məhəbbətini, ehtiramını,
bəzi hallarda da xiffətini, həsrətini ifadə edən bu poetik
münasibətlərdə Ana böyüklüyü vəsf
olunub. Bu sırada
unudulmaz Cəfər Cabbarlının "Ana" şeiri
həmişə zirvədə
qalır:
Ana! Ana!.. O adın qarşısında
bir qul tək,
Həmişə səcdədə
olmaq mənə fəxarətdir.
Onun əliylə bəla-bəhrinə
yuvarlansam,
Yenə xəyal edərəm,
həzm-istirahətdir!
Azərbaycan ədəbiyyatında mənzum
dramın əsasını
qoyan Hüseyn Cavid öz əsərlərində
bir-birindən fərqli,
rəngarəng, qüdrətli,
tədbirli, həssas qadın-ana surətləri
yaradıb. O, Ananı Günəşlə müqayisə
edib. Günəş olmasa "Yer
üzü zülmət
içində boğular.
Ana da insan
həyatında bu qüdrətə malikdir.
Məhz qadının - Ananın əli ilə insan bəxtiyarlığa
qovuşur. Bu incə
və nazlı xilqətin ünvanına Hüseyn Cavid çox sərrast bir fikir söyləyib:
Qadın gülərsə, su
issiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək.
Böyük Səməd Vurğun
isə erkən itirdiyi anasının mehrini duymaq üçün görün
nə arzulayırdı:
"Səni görmək
üçün ölmək
istərəm". Xalq
şairi Rəsul Rza da belə
söyləyirdi: "Min-min ana içində anamı tanıyaram, gözlərimi bağlasalar
belə, tanıyıram.
Ayaq basdığı torpağın
qoxusundan". Süleyman
Rüstəm isə
"Anasız ocağım
alışmaz" - deyərdi.
Xalq şairi
Bəxtiyar Vahabzadənin
bu kitabda anaya həsr olunmuş ona yaxın şeiri verilib. Qəlbini çıraq
kimi beşiyimizin üstündə alışdıraraq
bizi min bir əziyyətlə böyüdən
anaların çəkdiyi
zəhmətlərə övlad
məhəbbətinin poetik
münasibəti olan bu şeirlərdə şair haqlı olaraq belə bir fikir yürüdüb:
Küləklər əsməsin, şimşək
çaxmasın,
Körpə yuxusundan gül dərən zaman.
Göylər guruldamasın, sellər
axmasın,
Ana körpəsinə
süd verən zaman.
Anasını itirəndən sonra
doğulduğu ocağa
getməyə həvəsi
qalmayan, bu dərdi-qəmi içində
közərdərək xiffətli
şeirlər yazmış
Məmməd Arazın
dərdi qəlbimizi kövrəldir: "Bir də bu yerlərə
dönmək həvəsim,
anamla birlikdə məzara getdi".
Xəlil
Rza Ulutürkün, Qabilin, Cavib Novruzun, Nəriman Həsənzadənin ana məhəbbətindən doğan
şeirləri kitabın
ən oxunaqlı səhifələrindəndir. Ümumiyyətlə, bu kitab Ana haqqında
ayrı-ayrı ürəklərdən
qopan şeirlərin toplusundan ibarət bir dastana bənzəyir.
Bulaqlar birləşib ümman yaradıb. Bir gülüstana bənzəyən
bu kitabda hər gülün, hər ləçəyin
öz ətri var. Rəhmətlik Şahmar Əkbərzadənin "48 ölçüdə..."
adlı şeirində
anasını itirmiş
müəllifin həsrəti
poetik və təsiredici şəkildə
qələmə alınıb.
Bu misraların ahəngindəki
ana həsrəti bir dilim od olub adamın
ürəyinə sıxılır.
48 ölçüdə paltar
geyən anasına indi bu libası
ala bilmədiyi üçün
oğulun çəkdiyi
əzablar çox təbii naxışlanıb:
Geyimlər görəndə, hər
dönə, ana,
48 ölçüdə
qalar gözlərim.
Cibim pullarımın qəbrinə
dönər,
Titrəyər dizlərim, dolar
gözlərim.
Unudulmaz
Əli Kərim də ana məhəbbətindən
bəhrələnib, böyüyüb,
sonra da ona naxələf çıxanlara belə hayqırıb: "Qaytar ana borcunu, o borc sənin özünsən, özünü
qaytar geri!"
Millətindən, irqindən, dinindən, dilindən asılı olmayaraq Ana bütün bəşəriyyətin yaradıcısı və sevimlisidir. Buna görə də ona dünyanın tacı deyilir. Tufanın, qasırğanın, qılıncın, hətta ölümün belə önündə əyilməyən başımız Ana səcdəsinə həmişə hazırdır! Bax, belə məzmunlu kitabların hazırlanması çox vacibdir. İstər uşaq və gənclər, istərsə də bədii qiraət ustaları üçün gözəl mənbədir. Müxtəlif mövzulardan ibarət belə topluların gələcəkdə də nəşr edilməsi faydalıdır. Tərtibçilərin ilkin olaraq ana mövzusundan ibarət belə bir dəyərli kitab hazırlamaları təqdirəlayiqdir. Həyat anadan başlayır!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.-10 aprel.-S.6.