Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcəkdir

 

Aprelin 10-da Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov və bir qrup deputat Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşmüşlər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Sevinc Fətəliyeva, Rüfət Quliyev və Sabir Hacıyev MDB Parlament Assambleyasının (PA) tədbirlərində iştirak edəcəklər.

Valeh Ələsgərov MDB PA Şurasının iclasında Azərbaycan Milli Məclisini təmsil edəcək, daha sonra MDB PA ilə Avropa Şurasının birgə təşkil etdikləri beynəlxalq konfransa qatılacaqdır.

MDB PA Şurasının iclasında demokratik seçkilərin keçirilməsində beynəlxalq standartlara əməl olunması ilə bağlı  seminarın nəticələri, həmçinin yeni Avropanın quruculuğunda parlament təşkilatlarının roluna dair konfransa hazırlığın vəziyyəti, müxtəlif məsələlər müzakirə olunacaqdır. İclasda MDB Gənclər Parlament Assambleyasının əlaqələndiricisi Sevinc Fətəliyevanın məruzəsi dinləniləcəkdir.

Azərbaycan parlamentinin deputatı Arif Rəhimzadənin sədr olduğu MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında dövlətlərin sosial strategiyası, immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası, vətəndaşların reproduktiv hüquqları kimi məsələlərə baxılacaqdır. Daha sonra Arif Rəhimzadə MDB PA Şurasının iclasında qurumun nəzdində səhiyyə üzrə ekspert şurası barədə məruzə edəcəkdir.

Deputat Rüfət Quliyev isə sədr müavini olduğu Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasında aparılan müzakirələrdə yaxından iştirak edəcəkdir.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.