Əli ƏHMƏDOV:
Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi beynəlxalq
birliyin ölkəmizin iqtisadi
inkişafını etiraf etməsi kimi qiymətləndirilə bilər
Dünya İqtisadi
Forumunun (Davos Forumu) Azərbaycanda keçirilməsi beynəlxalq
birliyin ölkəmizin iqtisadi
inkişafını etiraf etməsi kimi qiymətləndirilə bilər.
AzərTAc
xəbər verir ki, bu sözləri jurnalistlərə
müsahibəsində Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
bu forumun ölkəmiz üçün əhəmiyyətindən
danışarkən bildirmişdir.
Əli
Əhmədov demişdir: "Hesab edirəm ki, Azərbaycanın
iqtisadiyyatında, iqtisadi inkişafı sahəsində
çox əhəmiyyətli nailiyyətlər əldə
edilməsəydi, Azərbaycanın timsalında iqtisadi
inkişaf və tərəqqi mövzusunda diskussiyalar
aparılması üçün kifayət qədər əsaslar
olmasaydı, Davos Forumunun Bakıda keçirilməsi
üçün də qərar qəbul edilməzdi. Belə
bir qərarın qəbul edilməsi hər şeydən əvvəl
Azərbaycanın iqtisadi inkişafının və ölkəmizin
inkişaf modelinin etiraf olunması kimi qiymətləndirilir".
Ə.Əhmədov
vurğulamışdır ki, digər tərəfdən, Davos
Forumunun Bakıda keçirilməsi bütövlükdə Azərbaycanın
inkişafının, iqtisadiyyatının, onun yüksəlişinin
dünya birliyinə bir daha iqtisadçıların və
iqtisadi qurumların baxışları kontekstində təqdim
edilməsi demək idi. Həqiqətən də Azərbaycanın
dünyaya deyə biləcəyi çox şeylər
vardır. Sürətli iqtisadi inkişaf, Azərbaycanın
özünəməxsus iqtisadi modelinin ayrı-ayrı aspektləri,
insanların rifahının
yaxşılaşdırılması ilə əlaqədar həyata
keçirilən tədbirlər və bütövlükdə
Azərbaycanın həm regional, həm də dünya
iqtisadiyyatı baxımından mövqeləri göstərilə
bilər. Bütün bunların hamısı Davos Forumunun Azərbaycanda
keçirilməsi kontekstində ölkəmizin yenidən
dünyaya açılması və dünyaya təqdim edilməsi
demək idi.
Yeni Azərbaycan Partiyası sədrinin müavini
diqqətə çatdırmışdır ki,
forum iqtisadi inkişaf perspektivləri baxımından da aparılan müzakirələr kontekstində
böyük əhəmiyyət kəsb edir. Əlbəttə, dünya
iqtisadiyyatı bütövlükdə sürətlə inkişaf etməkdədir və bu tərəqqinin yeni
yolları axtarılmaqdadır. Həmçinin
də Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən bir
ölkə kimi dünya
iqtisadi birliyinə daha
yaxından inteqrasiya etmək və
dünyanın iqtisadi inkişaf
templərinə uyğun şəkildə
öz iqtisadiyyatını inkişaf
etdirmək vəzifələrini və hədəflərini
qarşıya məqsəd qoymuşdur.
Bu vəzifələrin
ardıcıl surətdə həyata keçirilməsi, dünya iqtisadi birliyində
öz mövqelərini daha
da möhkəmləndirmək nöqteyi-nəzərindən
Davos Forumunun Bakıda
keçirilən iclaslarında aparılan müzakirələr
böyük əhəmiyyət kəsb edirdi. Təbii ki, bu müzakirələr Azərbaycanın iqtisadi nöqteyi-nəzərindən gələcək
inkişafına daha geniş
perspektivdə və geniş bir bucaq altında baxmağa imkanlar
yaradacaqdır. Digər tərəfdən, burada ayrı-ayrı tanınmış
iqtisadçıların və menecerlərin səsləndirdikləri
fikirlər də Azərbaycanın regional
iqtisadi inkişafı baxımından gələcək
perspektivləri ilə bağlı böyük
əhəmiyyət kəsb edir.
Ə.Əhmədov
daha sonra demişdir: "Hesab edirəm ki, bu, Azərbaycanın
müasir iqtisadi həyatında əhəmiyyətli hadisədir.
Bu bir daha onu göstərir ki, Azərbaycan dünya birliyində
artıq özünü təsdiq etmiş,
tanıtmış, ayrı-ayrı önəmli
toplantıların keçirilməsinə ev sahibliyi etmək
imkanında, qüdrətində olduğunu sübuta yetirən
bir ölkədir. Şübhəsiz, bu, çox əhəmiyyətlidir.
Azərbaycan dövlətinin gücünün, qüdrətinin,
inkişaf perspektivlərinin ifadələrindən, təzahürlərindən
biridir".
Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.