«Azərbaycan resursla zəngin müsəlman ölkələrinə
nümunədir»
2013-cü il
26-27 mart tarixlərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)
nümayəndə heyəti İslam
Konfransı Təşkilatının beyin
mərkəzlərinin 4-cü forumunda iştirak və çıxış etmək
məqsədilə Misirin paytaxtı Qahirə
şəhərinə səfər edib.
Səfər barədə SAM-ın şöbə müdiri Vüsal
Qasımlının təəssüratlarını bölüşürük.
- İslam Konfransı Təşkilatının
beyin mərkəzlərinin Qahirə forumu Azərbaycan
üçün nə ilə yadda qaldı?
- Azərbaycan nümayəndə heyətinə
məndən başqa SAM-ın eksperti Kamal Qasımov və
Sosial və İqtisadi İnkişaf Mərkəzinin sədri
Vüqar Bayramov da daxil idi. İslam İnkişaf
Bankını həmyerlimiz Mehman Abbas təmsil edirdi. Azərbaycan
nümayəndələri çıxışlarında
ölkəmizin neft-qaz sərvətlərindən necə səmərəli
istifadə etməsini əyani şəkildə göstərməyi
bacardılar. Mənim çıxışımın
mövzusu "Resursla zəngin müsəlman ölkələri:
iqtisadi yüksəliş" adlanırdı. Azərbaycan
Malayziyadan sonra ikinci resursla zəngin müsəlman ölkəsidir
ki, qeyri-resurs sektorunun hesabına iqtisadi inkişaf tempini
saxlayır. Azərbayacanda diversifikasiya qeyri-neft sektorunun inkişafı,
regionların yüksəlişi, ixracın şaxələndirilməsi,
büdcənin neft gəlirlərindən
asılılığının azaldılması və investisiyaların
rasional bölgüsü şəklində həyata
keçirilir. Azərbaycanın inkişaf modeli digər
resursla zəngin müsəlman ölkələri
üçün də cəlbedici görünürdü.
Çünki bir sıra müsəlman dövlətləri zəngin
təbii resurslarını iqtisadi yüksəlişə və
sosial rifaha çevirə bilmirlər. Panellərdə bununla
bağlı maraqlı müzakirələr baş tutdu. Hətta
tədbirdə yekun nitqi edən Misir Nazirlər Kabineti
yanında beyin mərkəzinin rəhbəri Əli Yasar da Azərbaycanın
iqtisadi inkişaf və diversifikasiya təcrübəsinin
müsəlman ölkələri üçün örnək
ola biləcəyini qeyd etdi.
Bu
konfrans Azərbaycanın 57 müsəlman ölkəsində
daha yaxşı tanıdılması, ölkəmizə xarici
biznes dairələrinin marağının
artırılması və xarici investisiya
axınlarının təşviq edilməsi baxımından
önəmli idi.
- Forumun əsas nəticələri
nədən ibarət idi?
-
Misir Ərəb Respublikasının Baş nazirinin himayəsi
altında keçirilən forum "İslam Konfransı Təşkilatı
ölkələrinin iqtisadi inteqrasiyası: perspektivlər və
çağırışlar" mövzusuna həsr
olunmuşdu. İlk növbədə, forum
iştirakçıları müsəlman ölkələrinin
ticari əlaqələrinin genişlənməsini və
investisiya axınlarının böyüməsini tövsiyə
etdilər. Hətta bəziləri bir qədər qabağa gedərək
islam ölkələrinin vahid gömrük məkanı və
ya valyutasının yaradılmasını təklif edirdi.
İslam bankçılığının inkişaf etdirilməsi
xüsusi bir müzakirə obyekti oldu. SAM-ın eksperti Kamal
Qasımov "Azərbaycanda islam
bankçılığı: tarix və perspektivlər"
mövzusunda çıxış edərək ölkəmizin
təcrübəsindən danışdı.
Əlbəttə,
Azərbaycan islam dünyasının bir parçası olaraq
bu platformada əməkdaşlığın daha da dərinləşdirilməsi
və qarşılıqlı maraq doğuran sahələrin
inkişafında maraqlıdır. İslam Konfransı Təşkilatı
ilə assosiasiya edən İslam İnkişaf Bankı, beyin mərkəzləri
forumu, təhsil, elm və mədəniyyət qurumu (İSESCO)
və s. altqurumlar fəaliyyət göstərirlər. Ölkəmiz
islam dünyasındakı çoxşaxəli əməkdaşlığa
öz töhfəsini verir.
Prezident
yanında Strateji Araşdırmalar Mərkəzində (SAM)
"İslam Əməkdaslıq Təskilatı (İKT)
ölkələrində dəyisikliklər və
transformasiyalar, İKT üzv ölkələrin beyin mərkəzlərinin
3-cü Forumu" adlı kitab ingilis dilində işıq
üzü görmüşdür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müraciəti
ilə başlayan kitabda Bakıda keçirilmiş İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin
III Forumunda edilən məruzələr, 40-dan çox ölkəni
təmsil edən dövlət xadimləri, alimlər,
deputatlar, beyin mərkəzlərinin rəhbərləri,
tanınmış yerli və beynəlxalq ekspertlər,
diplomatik nümayəndələrin
çıxışları əksini tapmışdır.
Kitabı
Qahirə forumunda təqdim etdik. Bu, İslam Konfransı Təşkilatının
beyin mərkəzlərinin 4-cü forumunda Azərbaycanın
daha bir dəyərli təqdimatı oldu. Forum
iştirakçıları Prezident yanında Strateji
Araşdırmalar Mərkəzinə belə bir nəcib
işi gördüyünə görə təşəkkür
etdilər. Forumda ab-hava beləydi ki, Azərbaycan indiyə qədər
keçirilən forumlardan ən yaxşısını təşkil
edib.
- İslam Konfransı Təşkilatının
beyin mərkəzlərinin forumu gələcəkdə harada
baş tutacaq?
- Qərara
gəlindi ki, növbəti forum 2014-cü ildə İraqda və
2015-ci ildə Pakistanda keçirilsin. Bununla islam
dünyasındakı beyin mərkəzləri İraqda
sabitliyə və əmin-amanlığa öz töhfələrini
vermək istədiklərini nümayiş etdirdilər.
Rəşad BaxşƏliyev.
Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.