«Baku Steel Company»
MMC-də Bakıda keçirilən Dünya İqtisadi Forumu
çərçivəsində görüşlər davam
etdirilmişdir
Dünya İqtisadi Forumunun Bakıda
keçirilməsi Azərbaycanın beynəlxalq birlik tərəfindən
etibarlı tərəfdaş kimi qəbul olunmasını bir
daha sübut etdi.
AzərTAc
xəbər verir ki, bu sözləri aprelin 9-da "Baku Steel
Company" MMC-nin Müşahidə Şurasının sədri
Rasim Məmmədov "Air Liquide" şirkətinin
nümayəndələri ilə
görüşündə söyləmişdir. O
bildirmişdir ki, Dünya İqtisadi Forumu Cənubi Qafqazda və
Mərkəzi Asiyada əməkdaşlığın və
inteqrasiyanın inkişafına geniş yollar
açacaqdır. Tədbirdə iştirak edən "Air
Liquide" şirkətinin Orta Asiya üzrə vitse-prezidenti
Asixan Serikov forumda dünyanın müxtəlif ölkələrinin
hökumət rəhbərləri, qlobal və regional biznes
liderləri daxil olmaqla 200-dən artıq nümayəndənin
iştirakını çox müsbət amil kimi dəyərləndirmişdir.
Sonra
"Baku Steel Company" MMC və "Air Liquide" şirkəti
arasında qarşılıqlı anlaşma memorandumu
imzalanmışdır. Memorandumda "Baku Steel Company"nin
strateji planına uyğun olaraq "Air Liquide" şirkətindən
avadanlıq alınması məsələsi əksini
tapmışdır.
Eyni
zamanda, "Baku Steel Company" Gəncədə və
Hövsan qəsəbəsində yeni nəhəng metallurgiya
zavodlarının inşasını
planlaşdırır.
Zavodların inşası
ilə bağlı "Baku Steel Company" uzunmüddətli
təchizat müqaviləsi çərçivəsində
"Air Liquide" şirkəti tərəfindən autsorsinq
şərtlərlə oksigen və azot qazlarının təchiz
olunması barədə müzakirələr
aparmışdır. "Baku Steel Company" qaz şəklində
oksigen və azotun təchiz edilməsi tələbatını
təmin etmək üçün "Air Liquide" şirkəti
ilə əməkdaşlıq edəcəkdir.
Tədbirdə
Amerikanın "Midrex" şirkətinin nümayəndələri
də iştirak etmiş, "Baku Steel Company" MMC-nin
Müşahidə Şurasının sədri Rasim Məmmədov
və "Midrex" şirkətinin MDB üzrə layihə
direktoru Ken Joyner tərəfindən anlaşma memorandumu
imzalanmışdır. Sənəddə "Baku Steel
Company" Daşkəsən filizsaflaşdırma
kombinatında dəmir filizinin "Midrex" bərpa
prosesindən istifadə etməklə birbaşa bərpa
qurğusunun yaradılması imkanlarını qiymətləndirir.
Eyni zamanda, Gəncədə tikiləcək müasir polad
istehsalı zavodunun konsepsiyasında şəhər
yaxınlığında əlaqəli parçalama,
xırdalayıcı, zənginləşdirici və okatiş
qurğusunun, EQS poladəritmə və tökmə sexinin
tikintisi nəzərdə tutulur. "Baku Steel Company" MMC
"Midrex" şirkətinin dəstəyi ilə tikintinin səmərəliliyini
qiymətləndirmək niyyətindədir.
Günün
ikinci yarısında İtaliyanın "Danieli" şirkətinin
nümayəndələri ilə də görüş
keçirilmiş və anlaşma memorandumu
imzalanmışdır. "Danieli" şirkətinin
vitse-prezidenti Luca Palezza və "Baku Steel Company" MMC-nin
baş direktor müavini Çingiz Həsənovun
imzaladıqları anlaşma memorandumunda bildirilir ki, yeni layihəyə
görə, Hövsanda ildə 0.66 milyon ton istehsal gücündə
yeni metallurgiya zavodu inşa ediləcəkdir.
"Danieli" dünyada texnologiyalar, modernləşmə, məhsullar
və xidmətlər sahəsində aparıcı tərəfdaş
kimi fəaliyyət göstərir. Bu şirkət layihənin
həyata keçirilməsi üçün "Baku Steel
Company" MMC-də xüsusi avadanlığın
quraşdırılması, mühəndislik, habelə
müvafiq xidmətlərin göstərilməsini təklif və
təchiz etməkdə maraqlıdır. Bundan sonra da hər iki şirkət
layihənin işlənib hazırlanması və həyata
keçirilməsi üçün sıx əməkdaşlıq
etmək niyyətindədir.
Bununla da
"Baku Steel Company" MMC-də Dünya İqtisadi Forumu
çərçivəsində iki gün davam edən
görüşlər başa çatmışdır.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.