Nərgiz
PAŞAYEVA: Bizim rus dilini itirməyə haqqımız yoxdur
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva
"RİA-Novosti" agentliyinə
müsahibə vermişdir.
Nərgiz
Paşayeva bir sıra dövlət və hökumət
mükafatlarına, o cümlədən Rusiya-Azərbaycan mədəni
əlaqələrinin inkişafına və rus incəsənətinin
xaricdə təbliğinə böyük töhfəsinə
görə Rusiyanın "Dostluq" ordeninə layiq
görülmüşdür. Bu
günlərdə ona Avropa
Ticarət Kommersiya və Sənaye İqtisadi Palatasının "Xidmətlərə
görə" Qızıl ordeni təqdim
edilmişdir. MDU rəhbərliyinin fikrincə,
Bakı filialı qısa müddətdə regionun
ən yaxşı ali təhsil müəssisələrindən
birinə çevrilmişdir.
Filialın
fəaliyyət göstərdiyi illərdə Azərbaycana 1100-dən çox moskvalı müəllimin gəldiyini
qeyd edən Nərgiz Paşayeva demişdir: "Əlbəttə,
burada universitet həyatı ilə yanaşı, rusiyalı tərəfdaşlarımızın dostlar, ünsiyyət və
maraqlardan ibarət öz çevrəsi formalaşır. Artıq
Bakı onlar üçün
təkcə peşə maraqları sahəsini təmsil etmir, bu şəhər onlar üçün
getdikcə daha yaxın və doğma olur və onlar hər dəfə buraya
gəlməyə can atırlar. Zənnimcə,
MDU-nun Bakı filialı bəşəri
münasibətlərin, elmlərarası, millətlərarası
və əlbəttə, dövlətlərarası əlaqələrin
inkişafı baxımından yüksək missiya
yerinə yetirir. Bu istiqamətdə aparılan iş böyük maarifçilərin, ictimai xadimlərin, xalqın mütərəqqi
qüvvələrinin hələ
ötən əsrlərdə Azərbaycanda əsasını
qoyduqları şanlı tarixi ənənələrin davamıdır və
ali məktəbimizi məhz bu baxımdan qiymətləndirmək lazımdır".
Azərbaycan regionun tolerant ölkəsi
və inkişaf etmiş dövləti bu gün
olmamışdır. Bu, həqiqətən
uzun sürən tarixi
prosesdir. Hələ XII əsrdə dahi Nizami Gəncəvi Azərbaycanda
xalqlar dostluğunu, bütün irqlərdən olan
insanların birliyini tərənnüm edirdi. Heç nə
bünövrəsi və ənənələri olmadan birdən-birə baş
vermir.
Nərgiz
Paşayeva müasir Azərbaycanda rus dilinin rolundan
danışarkən demişdir: "Rus dilinin əhəmiyyəti
təkcə Azərbaycan üçün deyil, istənilən
digər postsovet respublikası üçün
aşkardır. Rus dilini
təkcə ona görə bilmək vacib deyildir ki, bu dil
uzun zaman kəsiyində
tərkibində olduğumuz böyük dövlətin dilidir.
Rus dilini bilmədən biz özümüzü bütövlükdə
dünyanın tərəqqisi, elmin və
təhsilin nailiyyətləri, habelə dünyanın ictimai
həyatı və mədəniyyəti barədə hərtərəfli informasiya almaq imkanından
məhrum edirik".
Müsahibədə
filialın fəaliyyətindən, ali məktəbdə tətbiq
edilən yeniliklərdən söz açan rektor demişdir: "Hazırda ali məktəbdə
5 fakültə - riyaziyyat, filologiya, kimya, yeri gəlmişkən,
respublikada yeganə olan psixologiya, habelə iqtisadiyyat fakültələri
fəaliyyət göstərir. Universitetin
potensialı, demək olar, hər il genişlənir. Son misal: bu yaxınlarda universitetimizdə olan MDU-nun iqtisadiyyat
fakültəsinin dekanı iki qrup təşkil etmək üçün daxil olan tələbələrin sayını
artıraraq 25 nəfərdən
50 nəfərə çatdırmağı təklif etmişdir. Artıq bu il biz iqtisadiyyat
fakültəsində yerlərin sayını
artırmağı planlaşdırırıq. Bu yaxınlarda müzakirə etdiyimiz
daha bir yenilik dördillik tədrisin
başa çatmasını və bakalavr diplomlarının alınmasını
gözləmədən filialın bazasında iqtisadiyyat
fakültəsinin ikiillik
magistraturasını açmaqdır. Bu, onunla bağlıdır ki,
universitetimizin hazırladığı
"iqtisadçı-menecer" ixtisasının peşə spektri kifayət qədər genişdir.
Riyaziyyat üzrə bakalavr
dərəcəsi olan, habelə başqa ali məktəblərin
bazasında təhsil almış, müəyyən
ixtisası olan, lakin öz təhsilini tamamlayıb MDU-nun
diplomunu almaq istəyən
tələbələr indi magistraturaya ərizə verə bilərlər.
Hesab edirəm ki, bu, Azərbaycan sakinləri üçün
böyük imkandır, çünki
MDU-nun iqtisadiyyat
fakültəsinin magistraturasının diplomu
kifayət qədər sanballı və lazımlı
kateqoriyadır".
Nərgiz
Paşayeva "RİA-Novosti"yə müsahibəsində
təkcə Azərbaycanın deyil, eləcə də
Rusiyanın teatr mühitində tanınan,
yaradıcısı və rəhbəri olduğu
"ÜNS"
Yaradıcılıq Səhnəsi, habelə qızı
Aidə Mahmudovanın təsis etdiyi "YARAT!"
Yaradıcılıq Məkanı barədə suallara da cavab
vermişdir.
AzərTAc
Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.