Vyanada OPEK-lə Azərbaycan arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyindən bildirmişlər ki, şirkətin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadovun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Abdalla Salem El-Badri ilə görüşü olmuşdur.

Görüşdə G.Cavadov səlahiyyətlərinin vaxtının uzadılması və yenidən bu vəzifəyə seçilməsi münasibətilə baş katibi təbrik etmiş, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin və ARDNŞ prezidenti Rövnəq Abdullayevin təbrik və salamlarını çatdırmışdır. Bundan başqa OPEK ilə Azərbaycan arasında yaranan dialoqun inkişaf etdirilməsi ətrafında söhbət aparılmış, Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də enerji sahəsində aparıcı təşkilat olan OPEK ilə əməkdaşlığa böyük önəm verməsi haqda məlumat verilmişdir.

Görüş zamanı baş katib El-Badrinin nəzərinə Azərbaycanda sürətlə gedən iqtisadi inkişaf, enerji sahəsində həyata keçirilən mühüm layihələr, ARDNŞ-in son illərdə xarici ölkələrdəki geniş fəaliyyətindən məlumat verilmişdir.

Görüşün əsas məqsədlərindən biri OPEK-in baş katibinə Azərbaycanın neft və qaz sənayesini əks etdirən "Azərbaycan nefti", "Nobellər və Bakı nefti" kitablarını, həmçinin ARDNŞ haqda nəfis tərtibatlı yeni "SOCAR Celebrating 20 years since incorporation" adlı xüsusi kitabı təqdim etmək olmuşdur. Eyni zamanda baş katibə Azərbaycan haqqında bir sıra kitab və bukletlər, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Azərbaycan" kitabı təqdim edilmişdir. Ayrıca olaraq cənab El-Badriyə ölkəmizin  neft və qaz sənayesinin tarixi faktlarına dair nümayəndəlik tərəfindən tərtib və sifariş edilmiş xüsusi buklet hədiyyə olunmuş və orada yer almış tarixi məlumatların OPEK-in müvafiq nəşrlərində əks olunması xahiş olunmuşdur.

Baş katib təqdim olunmuş kitab və bukletlərə görə təşəkkürünü bildirmişdir. Bu kitabların OPEK-in kitabxanasında müvafiq və layiqli yer alacağını, ayrıca olaraq təşkilatın məsul işçilərinin də diqqətinə çatdırılacağını qeyd etmişdir. A. El-Badri Azərbaycanın neft və qaz sənayesinə dair mühüm hadisələrin və onların dünya neft-qaz sənayesinin tarixinə töhfəsi haqqında geniş auditoriyanın məlumatsız olduğunu və bu səbəbdən nümayəndəliyin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini və təşkilatın gələcək nəşrlərində nəzərə alınacağını da bildirmişdir.

Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyevin son illər təşkilatın tədbirlərində iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə OPEK və OPEK-ə üzv olan ölkələr arasında fikir və təcrübə mübadiləsinin aparılmasından hər iki tərəfin faydalana biləcəyi vurğulanmışdır. Baş katib bunun üçün bütün imkanların mövcudluğunu qeyd etmiş və öz tərəfindən istənilən dəstəyi vermək üçün hazır olduğunu vurğulamışdır. Gələcəkdə də OPEK-in bu təşkilata üzv olmayan ölkələri üçün açıq olan tədbirlərində Azərbaycanı məmnuniyyətlə görmək istədiyini qeyd etmişdir.

Görüşün sonunda sırf "Azeri Light" markalı Azərbaycan xam neftinin istifadəsi ilə yaradılmış "Qız qalası" adlı unikal rəsm əsəri OPEK üçün təşkilatın baş katibinə təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Vyana

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.